Kaş ömür insanların qəlbindəki yaxşlığa bəxt aynası tuta bilsəydi...- GÖNDƏRİLMƏYƏN MƏKTUBLARDAN Featured

Rate this item
(14 votes)

Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət" 

 

Deyiləsi o qədər çox şey var ki, hardan başlayıb, harda bitirim, hansını deyim, hansı qalsın bilmirəm. Kəlmələrim qəhər olub düyünlənir boğazımda, kaş həyat da bu soyuq daşın üzərindən boylanan mehriban çöhrən kimi gözəl olsaydı.

 

Kaş hər kəsin qəlbi eynən sənin gözlərindən oxunduğu kimi aydın oxuna bilsəydi. Və kaş ömür insanların qəlbindəki yaxşlığa bəxt aynası tuta bilsəydi. 

Bəzən insanlar ölüb gedir, bəzən gedib ölür, bəzən də öldürüb gedir. Sənsə sadəcə  köçüb getdin. Torpaq kimi toxunula biləcək qədər yaxın, amma eyni zamanda da səma kimi uzana bilinməyəcək qədər uzaqlara getdin. Bütün gedənlər kimi sən də həsrəti miras qoydun ardında. Amma sən bir kimsəni incitmədən, qırmadan, xoş getdin. Uzaqdasan amma, haralardasa bir yerlərdə varsan və məni eşidirsən, bilirəm.

Sən hələ də eynisən, dəyişməmisən, bilirəm, amma mən yavaş-yavaş dəyişirəm.

Bir az torpağa bənzəyirəm, çoxca səmaya.

Hər dəfə yağış damlaları torpağa qarışıb yerlə göy qovuşanda, təbiət bu vüsaldan insanlara da bir pay verir və uzaqdakı doğmaların ətrini bəxş edir insana, yağışdan sonrakı torpaq qoxusuyla.

Bu gün artıq yoxluğunun üçüncü ilindəyəm və saçımı oxşayan bu yağış küləyi, xəfifcə üzümə toxunan narın yağış damcıları yenə bir görüşdən xəbər verir..

Əgər yolun düşsə bu dünyaya mütləq bir də gəl...

Xarakterindən, ruhundan, kimliyindən əsla heç nə itirmə, qoy qəlbindəki o xoş niyyət bir məşəl kimi daim yoluna işıq tutsun, amma sənə verilən bu ömür payında atdığın addımlara, bu yolda səmt götürdüyün istiqamətə çalış, bir az diqqət et.

Hər kəsə çatıb da sonda özünə gecikmə, özünə də vaxt ayırıb, öz qeydinə qalmağı, öz qədrini bilməyi də unutma. 

Səni bizdən qoparan o amansız xəstəliyinin üstünə vaxtında düş, sağlamlığının keşiyində bir əsgər kimi dayan. Üzünə gülən hər insanın xoş söz qələbəliyinə inanma. Nə qədər əli açıq olsan da çalış, verdiyin güvən payına qarşı bir az xəsis ol, necə deyərlər umma ki, küsməyəsən. 

Və sonda həmişə ömür yolu üstündə doğma cildində pusquda dayanan xəyanətin, vəfasızlığın varlığını əsla unutma...

 

“Ədəbiyyat və incəsənət”

(12.01.2024)