Cənnətin itirilmiş xəritəsi - Uşaqlıqdakı yeni il Featured

Rate this item
(10 votes)

Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət" 

 

Keçən il yeni il bayramı ərəfələrində bir nəfər söhbət zamanı uşaqlığındakı yeni il bayramlarından söz açmışdı.

Çox üzücü, düşündürücü və təəssüf doğurucu bir hekayəsi vardı.

Söyləyirdi ki: Bu günkü günümdə yeni il bayramının mənim üçün elə bir məna və önəmi yoxdur. Yeni il ərəfəsində yolka qurmur, ev  bəzəmir və xüsusi təmtəraqla yeni il bayramı qeyd etmirəm. Sadecə təqvim dəyişir, həyat eyni həyatdır, həm belə baxsaq hər kəsin yeni ili onun yeni yaşa girdiyi gündür bəlkə də. 

Hətta keçən il şəhid və qazi yaxınlarının ağrısını vecinə almadan fişəng partladıb yeni il qeyd edənləri və bu ildə, zəfər günü atəşfəşanlığında qazilərin çəkdiyi ağrını görəndən sora yeni il atəşfəşanlıqları da düşüb gözümdən.

Amma uşaqlıqda uşaq psixologiyası, hələ şəxsi fikir və həyata baxışı tam  formalaşmamış olur.  Normal olaraq uşaq bayram abu-havasını çox sevir. Yolkalar,  oyuncaqlar, fişənglər hədiyyələr ona xoş təsir bağışlayır. Yeni il məşğuliyyətləri,  yaşıdlarının ailəsiylə ev bəzədiyini və başqa bu kimi şeyləri görəndə təbii olaraq o da  istəyir. 

Çox balaca bir yolkam və aksesuarları var idi. Və bir də yeni il işığı. Bunları, hətta bundan daha yaxşılarını alacaq imkan da var idi əslində. Di gəl, mən bununla da kifayətlənə bilirdim. Hər il yanvar ayında onu yığışdırıb bir qutuya qoyur, dekabr ayında isə götürüb yenidən qururdum. Amma bəzən yeni il yolkamı quranda niyəsə ya işığın naqilinin qırıldığını, ya hansısa bir işıq lampasının yandığını, yararsız hala düşdüyünü görərdim. Atam başlayardı  deyinməyə ki: "Sizin əlinizdə heç nə qalmır, xarab edirsiz. Siz neynirsiz e, işığı, sizə işıq lazım deyil, almayacam işıq" və s.  

Və beləcə, o kiçik uşaq qəlbi üçün hər şey zəhər olardı. Kiçik bir yolkayyla yetindiyim bayram sevinci belə çox görülərdi mənə.

Bu cür münasibətin səbəbi  əslində yeni ilin mahiyyəti də deyildi. Bu cür davranışının səbəb heç atamın yeni il bayramını sevmədiyi üçün də deyildi, elə novruz bayramları da  bundan çox da fərqli olmazdı əslində, yeni ildəki kimi novruz bayramlarını da zəhər edən müəyyən səbəblər mütləq  tapılardı həmişə...

Əgər səbəb bu olsaydı  bu günkü günümdə hər yeni il bayramı ərəfəsində yeni il aksesuarları gördüyümdə uşaqlığımdakı o yeni il bayramları yadıma düşəndə bu qədər kədərlənməzdim. Müəyyən qədər onu anlayardım hətta, fəqət onun səbəbləri tamam başqa idi...

Bu gün artıq müstəqil bir insanam, öz fikir və  düşüncələrim var. Öz imkanlarım var. İndi  istədiyim qədər işıq alar və ya yeni ili istədiyim kimi qeyd edə bilərəm, amma artıq ürəyim istəmir.

Bu mənim üçün bir məna da kəsb etmir artıq, məsələ sadəcə, münasibət və rəftar idi. Həm də ki, bayram günü həyatında bayram kimi keçmirsə nəyi qeyd edəsən ki?! 

 

Bəli, əziz oxucu həmişə dediyim kimi hər şey uşaqlıqdan başlayır. Kimsə 15, 20, 25, 35 yaşında olduğu kimi doğulmur. Kimsə alim, psixoloq, oğru, cinayətkar, psixi xəstə kimi doğulmur. Düzgün həyat yaşayan, işlərində uğurlu və ya yanlış həyat yaşayan, işlərində uğursuz olan bir insan kimi gəlmir kimsə həyata. 

İnsan yaşadıqca formalaşır.  Və bu formalaşmada da  uşaqlıq dövrünün böyük payı var.  

Uşaqlara göstərilən psixoloji  təsirlərin çox önəmi var.  Düzgün psixoloji təsir göstərməkdə yük ən əvvəl valideyn, sonra məktəb, müəllim və sosial əhatənin-cəmiyyətin üzərinə düşür.  Doğrudur, iradəli insan çətin də olsa, bütün çətinliklərə rəğmən özünü düzgün formalaşdırmağı, yetişdirməyi bacarır. Amma hamı bu qədər iradəli ola bilmir və ya bəzən çalışır, amma bacarmır. 

Əgər övladlarınıza mənəvi cəhətdən yaxşı valideyn, yaxşı ailə olmayacaqsınızsa, onlara mənəvi cəhətdən yaxşı bir həyat verməyəcəksinizsə, düzgün psixoloji təsir göstərməyəcəksinizsə, onda övlad dünyaya gətirməyin. Bütün canlılar nəsil artırır zatən.  

Övlad dünyaya gətirməklə valideyn olunmur, məsələ düzgün yetişdirmək, gözəl həyat verə bilməkdi. Düşünürəm ki, uşaqlığını hər tərəfli şəkildə düzgün yaşamış biri gələcək həyatında da düzgün bir insan olacaq.

Aziz Nesinin də dediyi kimi:

"Uşaqlara daha yaxşı bir dünya qoymaq yerinə, dünyaya daha yaxşı uşaqlar qoysanız, problem öz-özlüyündən həllini tapacaq əslində."

Uşaqları müstəqil həyata yorulmuş vəziyyətdə çatdırmayın, uşaqları müstəqil həyata həyatdan bezmiş, ümidsiz, çarəsiz bir vəziyyətdə çatdırmayın.

Uşaqlar müstəqil həyata qədəm qoyduqlarında onlarda yaşamaq üçün həyat eşqi olsun, gələcəyə doğru gedə bilmələri üçün enerjiləri olsun, çətinliklərlə mübarizə aparmaq üçün gücləri olsun, arzuları üçün ümiidləri olsun, özlərinə həyat qurmaq üçün həvəs və imkanları olsun.

Müstəqil və doğru qərarlar verə bilmələri üçün, sağlam düşüncələri, güclü iradələri olsun. Həyat haqqında anlayışları olsun yaxşını pisdən seçə bilsinlər.

Bugünki günümüzdə gənclik yaşına çatmış bir çox insan artıq yaşadıqlarından yorulmuş, həyatından bezmiş, gələcəyə   həvəssiz və ümidsizdir. 

Və qarşılarında aşmalı olduqları bir çox maneə və çətinliklərlə dolu bir ömür yolu var.

Əgər hələ uşaq yaşlarında bir insanın həyat eşqini söndürsəniz, onda parlaq bir gələcəyi necə istəyə bilərsiniz?

Əgər uşaqların qarşısına sədlər çəksəniz, məhrumedici maneələr qoysanız, uşaqlara şiddət göstərib qorxutsanız, necə inkişaf etmiş insanlar, inkişaf etmiş bir cəmiyyət istəyə bilərsiniz?

Onda cəsur, şəxsiyyət, prinsipləri olan insanlar, qəhrəmanlar, liderlər necə yetişəcək? 

Onda onlar özlərinə necə həyat quracaqlar?

Əgər uşaqlarınıza yanlış psixoloji təsir göstərsəniz, yanlış örnək olsanız, ailənizə psixoloji və fiziki şiddət göstərsəniz, onda evdə böyüyən uşaqdan necə düzgün psixologiyası olan, iradəli, tərbiyəli, cəsur, bacarıqlı bir insan olmasını istəyə bilərsiz? 

Psixologiyası düzgün olmayan bir uşaq pis vərdişlər qazanır. Şiddət görmüş uşaq hər zaman qorxur. Önünə sədlər çəkilmiş, bir çox faydalı şeylərdən ( təhsil, sağlamlıq və.s) məhrum olmuş, imkanları əlindən alınmış uşaqlar inkişaf  edə bilmir, geridə qalır. Və cəmiyyət bir çox istedaddan, bəlkə alimlərdən, həkimlərdən, incəsənət xadimlərindən məhrum olur.

Əgər düzgün insanlar, hərtərəfli inkişaf etmiş bir cəmiyyət və parlaq bir gələcək istəyirsinizsə onda əvvəlcə özünüzdən başlayın, uşaqlara düzgün örnək olun və  psixologiyalarına düzgün təsir göstərin. 

 

"Sizindir deyə düşündüyünüz uşaqlar əslində sizin deyil

Onlar, onları gözləyən həyatın oğulları və qızlarıdır.

Sizin vasitənizlə dünyaya gəliblər, amma sizin kimi deyillər.

Sizin yanınızdadırlar, amma sizin malınız deyillər.

Onlara sevginizi verə bilərsiniz, amma düşüncələrinizi yox.

Çünki, onların öz düşüncələri var.

Onların vücudlarını oğurlaya bilərsiniz, amma canlarını yox.

Çünki, onların canları gələcəyin saraylarında oturur.

Və sizlər xəyallarınızda belə ora gedə bilməzsiniz"

Halil Cibran 

 

Deyir: Kimisi bayramda çıxıb gələr, kimisi də çıxıb gəlsə bayram olar.

Təqvimdə bayram kimi qeyd edilən günlərin həqiqətən də bayram kimi keçməsi diləyi ilə, bayramınız mübarək!

 

“Ədəbiyyat və incəsənət”

(29.12.2023)