Kitaba olan münasibət ruhumuza olan münasibətdir Featured

Rate this item
(1 Vote)

Famil Hacısoy, “Ədəbiyyat və incəsənət”

 

 

Portalımızda Habil Yaşarın müsahibələrindən birində “Məncə, kitabın bədəni var, o kağızdan ibarətdir” fikriylə rastlaşdım. Bu, məni də kitaba münasibət barədə fikirimi sizinlə bölüşməyə sövq etdi.

 

“Sivilizasiya tərəfindən məhv olmaq təhlükəsi ilə qarşı-qarşıya olan sivilizasiyada yaşayırıq.”- (Alman filosofu Fridrix Nitsşe).

 

Hətta belə olduğu halda, Əsrimiz internet əsri olsa belə, hər bir anımızda aşıb-daşan informasiya bolluğu ilə əhatə olunsaq da, indi çox şeylər əlyetəndə olsa belə, son dövrdə kitaba (mütaliəyə) maraq azalsa da, kitab bazarının biz istədiyimiz səviyyədə olmamasına və kitablar az tirajla dərc olunmasına baxmayaraq belə kitabın cəmiyyətdki yeri, çəkisi bu gün də aktuallığını qoruyub saxlamaqdadır. Kitab həyatdır, təhsildir, mədəniyyətdir, kiçik məkana sığışan böyük cəmiyyətdir. Böyük klassik şairimiz M.Füzuli hələ XVI əsrdə yazırdı:

 

Nə bilir oxumayan müshəfi-hüsnün şərhin,

Yerə göydən nə üçün endiyini Quranın?

 

Yazılan əsər, çap edilən kitab öz dövrünün, məxsus olduğu cəmiyyətin müəyyən bir üzüdür. Mövcud cəmiyyətin müəyyən dövrünə insan tərəfindən tutulan güzgüdür kitab.

“İnsanın öz ruhunun gücü ilə yaratdığı və əvəzində təbiətdən heç bir bəxşiş almadığı aləmlərin ən qüdrətlisi kitab dünyasıdır”- Nobel mükafatçısı Alman yazıcısı Herman Hessenin bu fikri təsadüfi deyil. Kitab kəşf olunandan insanın dünyagörüşünün formalaşmasında onun rolu əvəzsizdir, o, övladının gələcəyini düşünən məsuliyyətli valideyn, qayğıkeş və vətənpərvər müəllimdir. Kitab dünən və sabahımızdır, həm də sabahımızın dünənidir kitab. Kitaba laqeyd münasibət bəsləyən cəmiyyət fiziki olaraq mövcud olsa da, ruhən ölüdür desək səhv etmərik. Bu cəmiyyət üzvləri mənəvi dəyərlərdən məhrum olduqları üçün humanizmdən kənar, sevib-sevmək hissinə yad, vətənpərvərlik hissindən uzaq, tamahın nökərinə- maddi nemətlər əsirinə çevrilmiş, şəxsi mənafeyi hər şeydən üstün tutan, hər bir şeyə laqeyd, nə danışdıqlarını dərk etməyən, boş-boş danışan, başqalarını dayanmadan yamsılayan adamlardır.   iyirminci əsrin ən tanınmış sosioloq, filosof və psixoloqlarından biri olan Erix Fromun “İnsan özü üçün” əsərindəki cəmiyyət haqqında aşağıdaki fikirləri bu mənada yerinə düşür:

 

“Boş söhbətlərdən uzaq olmaq nə qədər faydalıdırsa, eləcə də pis cəmiyyətdən qaçmaq o qədər xeyirlidir. “Pis cəmiyyət” dedikdə, mən yalnız pozğun insanların topluluğun nəzərdə tutmuram – onlarla ünsiyyətdən ona görə qaçmaq lazımdır ki, onların təsiri öldürücü və zərərlidir. Mən həm də Həyatın mənası insanın ona hansı mənanı yükləməsindən asılıdır, başqa bir mənası yoxdur.”

 

Bu mənada kitab ailə və mühitdən sonra insanın tərbiyəsində başlıca rola malik faktorlardandır. Mütaliəsi zəif kəslər fikrini ifadə etməkdə çətinlik çəkməklə yanaşı, qarşısındakına məhəlli dünyagörüşlü şəxs təsiri bağışlayır. Çox azdan törədiyi kimi, bilirik ki, bəşəriyyət cəmiyyətlərdən, cəmiyyət də fərdlərdən ibarətdir. Əgər cəmiyyəti hər hansı bir evə bənzədəriksə, həmin evin içindəkiləri də fərdlər hesab etmək olar. Evin zəngin olub-olmaması isə mənzil sahiblərindən yəni, cəmiyyətin intellektual təbəqəsindən asılıdır. Kitaba ötəri münasibət cəmiyyətin dar çərçivədə inkişafına gətirib çıxarır. Unutmaq olmaz ki, Alman şair-dramaturqu Yohann Volfqanq Hötenin dediyi kimi “Şərtlər bütün insanları tərbiyə edir, nə edilir-edilsin, onlar dəyişdirilə bilməz.”

 Nəzərə alsaq ki, kitaba münasibət  ruhumuza olan münasibətdir.  Mövcud sosial şəbəkələr bolluğu və imkan genişliyi də kitabı əvəz edə bilmir. Beləki, sosial şəbəkələrin müasir cəmiyyət həyatında önəmli rol oynaması, hər an hər kəsin yanında olması insanları tələskənliyə və hər şeyə ötəri yanaşmağa sövq edir. Bu gün, göründüyü kimi, əvvəllərdə olduğundan fərqli olaraq vəziyyət başqa cürdür. bütün sosial şəbəkələr – whatsapp, instagram, facebook, twitter və s. hamı və hər kəsin üzünə açıqdır. Hətta hər kimsə kənarda dayanmağa cəhd göstərsə belə, onu, istəsə də – istəməsə də, bu aləmə cəlb edəcəklər. Bu məlumat bolluğu və müxtəlifliyi bəzi insanlarda fikir dağınıqlığı və yayınmalar yaradır ki, bu da fərdlərin seçim etmələrində bəzi problemlər əmələ gətirərək onları çaşbaş salır, düşdükləri mühitin qurbanına çevirir.

Diqqəti hər bir kitab məxsus olduğu xalqın dili olduğuna çəksək, görərik ki, sosial şəbəkələrdə Azərbaycan dilinin qayda-qanunlarına bir sıra hallarda əməl olunmur. “Kim necə istəyir, o cür də yazır, kim necə düşünür, o cür də danışır. Rastlaşdığımız bu cür necəgldi yazı və danışıq dilimizi, eləcə də yazılacaq kitabların dilini korlayır. Bu isə kitaba münasibətin göstəricisidir. Unutmaq olmaz ki, dil müqəddəsdir, milli kimlik və mənlik məsələrindəndir. Dilimizi şərəfimiz, namusumuz kimi qorumaq, onu gələcək nəsillərə ötürmək hər bir kəsin qeyd-şərtsiz borcudur. Bu, bir də onun üçün vacibdir ki, bəşəriyyətin gələcəyi mövcud cəmiyyətlərdən asılıdır.

Buradan da göründüyü kimi, mühiti cəmiyyət formalaşdırır. Cəmiyyətsiz mühit və şərait yoxdur.

Başqa bir yerdəsə Alman mütəfəkkiri Höte mühitin şəxsə təsirindən belə yazır:

 

“Bir insanın düşünmə və hiss etmə tərzi yaranmadan xarici şərtlərin təsiri ilə vəziyyətində böyük dəyişikliyin yaranması qədər onu təhlükə qarşısında qoya biləcək başqa bir şey ola bilməz.” 

 

Kitablar Sabahın yolçularına zülmət gecənin zil-qaranlığında parlayan tənha ulduzdur. Hər bir fərd özü də bilmədən sabahı haqqında düşünür. Şüuru olan hər kəs sabaha doğru baxır vəə baxmağa çalışır. Lakin hər kəs bu ulduzdan kompas əvəzi istifadə edib o sabaha gedə və orada qala bilməz. Günəşi görmək hər yolçuya nəsib olmur. Bizlərin bugünkü zəruri vəzifələrindən başlıcası müdriklərdən birisi demişkən mövcud cəmiyyət üzvlərini körpəlikdən qabiliyyət və bilik döyüşçüsünə çevirməyi, onları kitaba alışdırmağı bacarmağımızdır. İnsan sabahını müəyyənləşdirməkdən ötrü bəzi zəruri vasitələrdən istifadə etmək gərəkir. İnsan bu vasitələrdən istifadə etməkdən ötrü- bu yolun yolcusu olmaq üçün şəxs olaraq bir sıra vərdişləri özündə aşılamağa yiyələnməlidir. Bu vərdişlərin memarı və bənnası yuxarıda dediyimiz kimi, ilk vaxtlar valideynlər, sonralarsa mövcud mühitin fərdətəsiridir. Valideynin boynuna düşən yüklərdən bir vacibi kitabı övladı kiçik ikən onun ruhunun yarısına çevirə bilməsidir. Övladının ilk müəllimi hər valideyn özüdür. Əsl vətəndaş böyük Hind filosofu Buddanın aşağıdaki kəlamını daim xatırlayaraq unutmamalıdır ki:

 

“Başqası üçün yandırdığınız şam sizin də yolunuzu işıqlandırar.”

 

XIX əsrin Rus tənqidçisi V.Belinski,- “Əsl xəzinə yaxşı kitabxanadır”- yazırdısa, bizə görə, hansısa məqamda inkişaf etmiş cəmiyyət zəngin kitabxanadır. Bu baxımdan kitaba yetərincə dəyər verən zəngin cəmiyyətdə- ləl-cəvahirlə dolu xəzinədə müasir dünyagörüşlü, uzaqgörən, mütərəqqi ideyalı, yüksək intellektə malik fərdlərin olması təbiidir. Belə ki, hər bir fərd cəmiyyətin bağrına saplanan bir ruhdur. Bu səviyyəyə nail olmaqdan ötrü fərdlər Öz alovlarında yanmağa hazır olmalıdırlar ki, sönməkdə olarlarsa, küllərindəki öləziməkdə olan közü, qoru üfürərək qığılcıma, onu da alova döndərməklə ruhları təzələnə bilsin. Axı, İnsan ruhunu etdiyi seçimlər müəyyənləşdirir. Modernizm ədəbi cərəyanın görkəmli simalarından olan İngilis yazarı Vircinya Vulf əbəs yerə deməmişdir: “Kitablar ruhun aynasıdır.”

 Kitab eləcə də xalqların dünyagörüşü və daşlaşmış yaddaşıdır. Tarixlər arasında qırılmaz və ən etibarlı körpüdür kitab.  Kitablar dünənin və sabahın elçi daşıdır, Bu daşın üstündə oturmadan heç bir sarayın qapısını açıb ora daxil olmaq mümkün deyil. Herman Hesse kitabın əhəmiyyətini aşağıdaki kimi dəyərləndirərək yazır:

 

“…əgər hər kimsə kiçik bir məkanda, deyək ki, evdə və ya otaqda, bütün bəşər tarixini bir yerə toplamağa tamah etsə, o öz məqsədinə yalnız bir vasitə ilə – kitabxana yığmaqla çata bilər”.

 

Son olaraq belə nəticəyə gəlmək olar ki, bütün cəmiyyətlərin dünəni və gələcəyi bugünkü taleyindən asılıdır. Elə buna görə də kitaba nə qədər laqeyd münasibət olsa da, yeni-yeni ixtira və kəşflərin onu vurub aradan çıxaracağına inanmırıq. Gələcəyin dünəninin kitablar vasitəsilə öyrənilməsi fikrimizə bir daha işıq salır.

 

“Yaxşı kitablar oxumaq keçmiş əsrlərin ağıllı adamları ilə söhbət etmək deməkdir.” (İngilis fizik və riyaziyyatçısı İsaak Nyuton).

 

İndiki cəmiyyət üzvləri də gələcək nəslin nümayəndələrinin ağıllı həmsöhbətləri olmaq istəyirlərsə, kitaba hörmətlə yanaşaraq onun dəyərdən düşməməsi üçün əlindən gələni etməlidir. Bu məqamda fikrimizi Buddanın digər bir kəlamı ilə tamamlayırıq: 

 

“Bizi özümüzdən başqa heç kim xilas edə bilməz. Yolu özümüz getməliyik.”

 

“Ədəbiyyat və incəsənət”

(27.12.2023)