“Şəbi - Yelda", "Çillə gecəsi" və ya "Çillə bayramı" Featured

Rate this item
(9 votes)

Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət" 

 

Əfsanəyə görə Qış adlı bir kişinin Böyük çillə, Kiçik çillə, Boz ay adlı üç oğlu var imiş. Qış əvvəlcə ilkini — Böyük çilləni qırx günlük səfərə göndərir ki, gedib el-obaları gəzsin, dünyaya tamaşa eləsin. Görsün nə var, nə yox, adamlar necə yaşayır, necə işləyirlər?

 

Böyük çillə altdan-üstdən bərk geyindi. Ağ qar yapıncısını da çiyinlərinə salıb yola çıxdı. Az getdi, çox dayandı, çox getdi, az dayandı, axır ki, aralıq ayının, yəni dekabrın iyirmi ikisində gəlib el-obaya yetişdi.

Adamlar səhər yuxudan oyanıb çölə baxanda gördülər ki, paho, hər yan ağappaq qara bürünüb. O saat barmaqlarını dişlədilər ki, Böyük çillə gəlib çıxıb. Deməli, nə az, nə çox, düz qırx gün dağda-düzdə, kənddə-kəsəkdə bu öz qar atını belədən-elə, elədən-belə çapacaq. Nə etməli Böyük çillənin qarından-soyuğundan qorxub evin bir küncünə çəkilmək olmazdı ki! Bəs onda işgücün qulpundan kim yapışsın?!

Çuvalların ağzı açıldı, buğda götürülüb, səməni göyərdildi. Göyərdilmiş səməni taxta çanaqda, tabaqda döyülüb suyu sıxıldı. Yeddi qonşu evdən un alınıb bu səməni suyunda sıyıq, xamır iri tavada ocaq üstə qoyuldu. Başladılar səməni halvası bişirməyə. Halva bişənə yaxın onun içinə badam, qoz ləpəsi də salındı. Uşaqlar, cavanlar, qızlar, gəlinlər dəstə ilə səməni tavasının başına dolana-dolana səs-səsə verib nəğmə oxudular: 

 

Səməni, saxla məni,

İldə göyərdərəm səni.

Səməniyə saldım badam,

Qoymurlar bir barmaq dadam... 

 

Halva bişəndən sonra qara istiot, darçın, mixək, razyana, ceviz, quluncan, badyan, gülçəkəmər, zəncəfil, hil kimi ədviyyatları da döyüb ona qatdılar. Qoğalı, kündə şəklində yumurlanmış halvanı qonşulara da payladılar. Halvanı elə böldülər ki, hər payda badam, qoz ləpəsindən də oldu.

Axı bu, həmişə el içində xeyir-bərəkət rəmzi sayılıb.

Adamlar səməni halvasından yeyir, canları qızışır. Böyük çillənin qar-soyuğunu veclərinə də almayıb elə öz işlərini görürdülər.

Qırx gün qurtardı. Böyük çillə kor-peşman geri qayıtdı. Yolda soyuq ayın — fevralın lap başlanğıcında ortancıl qardaşı Kiçik çilləyə rast gəldi. Hal-əhval tutdular. Kiçik çillə soruşdu:

— Hə, qardaş, de görək, getdin nə iş gördün?

Böyük çillə dedi:

— Təndirləri yandırtdım, kürsüləri qurdurdum, küplərin, çuvalların ağızlarını açdırdım.

Kiçik çillə dedi:

Səncə, Kiçik çillə öz məqsədinə nail ola biləcək?

— Eh, heç nə eləməmisən ki. Bax, indi gör, mən gedib nələr edəcəyəm. Qarıları təndirin ağzından salıb, külfəsindən dartıb çıxaracağam. Zəhmimdən uşaqlar tir-tir əsəcəklər. Çuvalları, küpləri bomboş boşaldacağam. Qazanları ağzı üstə çevirəcəyəm.

Böyük çillə dedi:

— Çox da öyünmə. Sən insanları tanımırsan. Mən qırx günlük ömrümlə bir iş görə bilmədim. Sənin isə cəmi-cümlətanı iyirmi günlük ömrün var. Bu iyirmi gündə heç yel də olub onların yanından ötə bilməzsən.

Kiçik çillə böyük qardaşından ayrılıb haray-həşir qopara-qopara, boranla, dumanla el-obaya hücum çəkdi. Elə bil dünyanın axırıydı.

Böyük çilləni damba-durumbla yola salan adamlar heç Kiçik çillənin də belə əsib-coşmasından qorxub çəkinmədilər. Tez «Xıdır Nəbi» mərasiminə tədarük görməyə başladılar. «Xıdır Nəbi» mərasimi qışın ən soyuq günü sayılan Kiçik çillənin onuncu günü keçirilir. Adamlar buğda qovurub, əl dəyirmanında üyüdüb qovut elədilər. Xaşıl, quymaq bişirib yağla, doşabla, sarıköklə yedilər. Canları qızışdı. Kiçik çillənin soyuğundan qorxmadıqlarını bildirmək üçün yaydan saxladıqları «Çillə qarpızı»nı da kəsdilər. Qaynadılmış yumurtaları bahar, günəş oxşarı kimi yaşıl, qırmızı rənglə boyadılar.

Uşaqlar da axşam qaranlıq düşəndə həyətləri gəzib bacal ardan qurşaq, torba salladılar. «Xıdır Nəbi» mərasimi nəğmələrindən oxudular: 

 

Xanım, ayağa dursana,

Boşqabı doldursana,

Yük dibinə varsana,

Boşqabı doldursana,

Xıdırı yola salsana. 

 

Uşaqlara qovutdan, boyanmış yumurtalardan, ərik, əncir, alma, armud qurusundan pay verdilər. Pay verməyəni yenə də elə «Xıdır Nəbi» nəğməsi ilə yamanladılar: 

 

Çatma, çatma, çatmaya,

Çatma yerə batmaya,

Xıdır payın kəsənin,

Ayağı yerə çatmaya. 

 

Beləcə Kiçik çillənin iyirmi günlük ömrü qurtardı. Lovğa-lovğa gələn Kiçik çillə suyu süzülə-süzülə geri qayıtdı. O da yolda sonbeşikləri Boz ayla qarşılaşdı.

Boz ay baxdı ki, özündən böyük qardaşı Kiçik çil lənin qanı yamanca qaradı. Hirsindən az qalır ürəyi partlasın. Dedi:

— Əziz qardaşım Kiçik çillə, sən də böyük qardaşımız Böyük çillə kimi insanların yanına xoş niyyətlə getməmişdin. Elə ikiniz də asaram-kəsərəm deyirdiniz. Amma indi baxın, görün mən gedib nə eləyəcəyəm. Mən adamlar üçün bayram aparacağam. Əkinləri cücərdəcəyəm. Çöllərdə, düzlərdə ot-ələfi göyərdəcəyəm. Bağ-bağçalarda gül-çiçək açdıracağam.

İki qardaş xudahafizləşib ayrıldı. Boz ay el-obaya gəldi. Bir ay ömrü olan, Bahar-Novruz bayramı gününəcən yaşayan Boz ay başladı hər çərşənbədə bir iş görməyə. Havaları qızdırdı. Suların şaxını sındırdı. Ağacları yuxudan oyatdı. Torpağın canını isitdi. Adamlar torpağın istiləşdiyini görüb onu şumlamağa, əkin-biçinə haı zırlaşmağa başladılar.

Boz ayın çərşənbələrində həyətlərdə tonqallar yandırıldı. Adamlar «ağırlığım-uğurluğum tökülsün», — deyib bu tonqalın üstündən hoppanmağa başladılar.

Boz ay da beləcə ömür sürüb vaxtını başa vurdu.

Artıq yer-yurd al yaşıla bürünmüşdü. Üç qardaş köçünü sürüb gedirdi. Onların yerinə istəkli bir qonaq gəlirdi, gözəllər gözəli bahar... 

 

Əski təsəvvürlərdə ilin qış fəslinin bölgülərinə "Çillə" adı verilmişdir. Çillə sözü "Cehl" sözündən olub 40 rəqəmini bildirir. El-obada qışın ən soyuq dövrünə və uğursuz hadisələrə, əzaba, kədərə "Çillə" deyilir və ağırlıq, çətinlik mənasında başa düşülür. Ta qədim zamanlardan insanlar müsibət, bəla ilə üzləşdikdə xilas olmaq, yaxa qurtarmaq, ətrafdakıları zərərli qüvvələrdən qorumaq, qırxı çıxan körpəyə dəyən xətərin qarşısını almaq, ailədə baş verən uğursuzluqları dəf etmək, ağır xəstələrin sağalmasını tezləşdirmək üçün xüsusi ayin icra ediblər ki, bu da "çillə kəsmək" adlanır.

Qış fəslinin hər bir çilləsində insanlar qışdan qorxmadıqlarını, ona qarşı mübarizəyə hazır olduqlarını bildirmək üçün öz dünya görüşləri səviyyəsində, çeşidli tədbirlərə əl atmış, ayinlər icra etmişlər. 

 

Qış fəslinin ən uzun sürən vaxtının, ilk qırx gününün xalq arasındakı adı "Böyük çillə" adlanır. Bu müddət dekabrın 21/22-dən ilin ən uzun gecəsindən başlayaraq yanvar ayının son gününədək davan edir. Böyük çillənin ilk gecəsi el arasında "Şəbi -yelda" adlanır.

El-obada Böyük çillənin qarlı-tufanlı, donduran, sümük üşüdən günlərinə qaraqış deyirlər. Bu müddətdə qış ağır, üzücü keçir, qar qarışıq külək uğuldayır. Qışın qışlığı çənindən, dumanından bəlli olur deyirlər. Çünki qışın çəni, dumanı qar gətirər, yaz dumanı bar. 

Şumlanacaq torpağı Böyük çillədə qış aratına qoyarlar. Arxları, kanalları təmizləyib qaydaya salarlar. Belə vaxtlarda uşaqlar da köməyə gələr, hamı bir-birinə əl tutar. Ağacların dibini yumşaldarlar. "Qışda işini bilən yazda, yayda ziyan çəkməz", -deyiblər. 

Ömrünü-gününü torpağa bağlayan bağbanlar ağacların, budanmasını Novruza qədər qurtarmalıdır. Bundan sonra onlara əl gəzdirmək olmaz. Canlarındakı su göz yaşı kimi axıb tökülər və ağaclar kökündən quruya bilər. 

Təcrübəli bağbanların sözlərinə görə budama işi şirə çubuqlara axmağa başlanana qədər başa çatmalıdır. Əks halda kəsdiyin çubuqların ucundan su axsa, ağacın puçurları kor ola bilər, onlardan zoğ çıxmaz, bar verməz.

Ulularımız deyib ki, Böyük çillədə torpaq  qırxın çıxardır, Kiçik Çillədə isə torpaq səhər yuxusundadır. 

Böyük çillə girəndə və çıxanda ulularımız məclis qurmuş, şirniyyat, isti xörəklər bişirmiş, əhvallarını xoş saxlamışlar. Adamlar bu üsulla təbiətə təsir etmək, qışa bağlı olan hami ruhları mülayimləşdirmək istəmişlər. Qışı qarşılama mərasiminə "Kövsək", yola salma mərasiminə isə "Çilləkəsdi" və ya "Çiləçıxartma" deyilmişdir.

Çox qədim zamanlarda qışın başlanması münasibətilə el-obanın ilin ən uzun gecəsində keçirdikləri mərasim "Çillə gecəsi"  çox vaxt "Çillə bayramı" da adlanır.  Bayramda tonqallar yandırılır, ailə üzvləri onların ətrafına toplaşıb şadlıq edir, üstündən tullanırlar. Hər yerdə atəşfəşanlıq başlanır, şənlik etmək üçün adamlar bir yerə yığışır, maraqlı oyunlar, tamaşalar ifa edirlər. Çalıb-oxuyur, oynayırlar.

Çillənin girdiyi gün şərəfinə  açılmış süfrəyə müxtəlif adda yeməklər düzülür. Hamı süfrə başına yığışır. Böyük çillənin soyuğundan qorxmadıqlarını bildirmək üçün ortalığa yaydan saxlanılan qarpız gətirilir. Yaşıllıq, bolluq rəmzi olan qarpız çillə gecəsinin ən dəyərli payı hesab olunur. 

Çillə qarpızı evin ağsaqqalı tərəfindən kəsilib dilimlənir, bütün ailə üzvlərinə paylanıb, ağız ləzzətiylə yeyilir. Belə bir inam mövcuddur ki, çillə qarpızı yeyən adam çətin xəstələnir, o, xəstəlikləri sovuşdurur. Buna görə də xəstələrə çillə qarpızı ən böyük töhfə hesab edilir. Çillə qarpızdan nişanlı qızlara da pay aparılır. Bu, el söyləmlərində də öz əksini tapıb. 

 

Və mən də bu yazını yazarkən mənbə kimi 

Novruz bayramı ensiklopediyasından istifadə etmişəm. 

 

“Ədəbiyyat və incəsənət”

(22.12.2023)