Göy üzündən gələn qız

Rate this item
(3 votes)

Təranə Dəmir, “Ədəbiyyat və incəsənət” üçün

 

Bir az dəli doludu, bir az küsəyən, bir az pessimist, bir az təkəbbürlü, bir az utancaq, bir az da gözüsulu. Göz yaşı ovcunun içindədi. Himə bənddi. Ani toxunuşdan sellənə bilər…

 

Bütün bu bir azlarda özüdü amma. Heç kimə bənzəmək istəməyən, öz yolu, öz cığırı olan, xəyalları, arzuları uzun saçlarından asılan, hər addımda qadınlığını qoruyub saxlayan, çiyinlərində yüz kişinin yükünü daşıyan, yorulmayan, usanmayan bu kişmiş qız (mən elə adlandırıram) həm də özündən çox sevdiklərinin harayına qaçır. Özü də sevə-sevə, həvəslə. Kirpikləri qaranlığı yoranacan yumulmur. Zamandan zaman oğurlayır. Mənim "25-ci saat"-ımın qəhrəmanları kimi. 

Həm də bu boyda çətinliyin və təlatümün içində onun bir ədəbiyyat yükü də var. Yazıb yaratmaqla  bütün ağrılarına, əzablarına sığal çəkir. Sözüylə ovudur özünü. Elə vurğunu olduğu yazarların da söz işığında  oturmaq, sözə tutunmaq eşqi də onu bircə an rahat buraxmır. Bilirsiz söhbət kimdən gedir.? Günün hansı hissəsində olur olsun, ürəyinin və duyğularının qapısını ərklə açdığım, qızım kimi öyüd verdiyim( hərdən tənbeh etdiyim vaxtlar da olur) filoloq yazar Ülviyyə Əbülfəzqızından danışıram. Daha doğrusu, duyğularım və hiss etdiklərim məni danışmağa vadar edir.    

Ürəyinin işığı üzünə yansıyıb. Gözlərinin  təmizliyi vurur adamı. İçini görürəm bu qızın. Gəncliyimə bənzədirəm bir az da. Üsyankarlığını, sadəliyini, kübarlığını, dürüstlüyünü. Deyəsən özümü çox təriflədim. Nə edim? Bu qız mənə bənzəyir. Əyilməzdi həm də. Kiməsə söykənib yeriməyi, kiminsə ətəyindən tutub gəzməyi sevmir. Bütün uğurlarını öz zəhmətinə və səbrinə borcludu. Bütün çətinliyin və əzabların qarşısında alnı açıqdı. Hərdən heyfim gəlir bu qıza. Bu çirkabla dolu dünyada  onun  təmizliyinə, saflığına , paklığına heyfim gəlir. Qorumaq istəyirəm onu. Keçdiyim fırtınaların təlatümündən, həyatın siyah üzündən, təzadlardan, yalanlardan, hiylələrdən - hər şeydən. Qanadımın altına almaq istəyirəm. Amma sonra fikirləşirəm ki, insan əzablarda bərkiməlidi, bişməlidi. Hər əsən küləyə əyilməməlidi, dik dayanmalıdı. Ülviyyə hələ ömrünün  ən çətin sınaqlarından keçir. Söz , dostluq, övladlıq, müəllimlik və ən başlıcası analıq sınağından. Büdrəyir də, qaçır da, töyşüyür də, yorulub usanır da. Amma ümidini itirmir. Həmişə axtarışdadı. Özünü dəryada damla adlandırır. Baxmayaraq ki, sözü havadan asılı qalan, köksüz, budaqsız "şeir"ləriylə özünü ədəbiyyata sırıyan, yaradıcılığı olmasa da imzası ilə hər addımbaşı gözümüzü yoran neçə dil pəhləvanlarından yaxşı yazır. Nə o özündən razıdı, nə də  biz. Öyrənməyi və öyrətməyi çox sevir amma. Özü də incimədən. 

Hər sözə sevgiylə yanaşa- yanaşa həm də. Bilir ki, insan həmişə öyrənməli, oxumalı , ruhdan düşməməlidi. Ən çox məndən söz eşidir. İstər problemlərin ağırlığından yorulanda, istər cəmiyyətin o biri üzüylə qarşılaşanda, istərsə də şeir yazanda ən çox mənim fikirlərimlə ovunur. Bu qız başdan-başa təlatümdü. İçindəki fırtinanı mən görürəm bircə. Ya mənə elə gəlir. Bilmirəm. 

Bu qız haqda danışmaq elə asandı ki, mənə. Hətta bu yazını da birnəfəsə yazdım. Pəncərəmə ayın üzündən işıq düşüb. Bilirəm ki, Ülviyyə də oyaqdı. Baxışlarımız göy üzündə toqquşur. Elə fikirlərimiz də. İnanıram  ki, hər şey gözəl olacaq. Sözə  inandığım qədər inanıram həm də. Bir də ki, hələ payıza bir ömür var. Hələ ömrünün baharını doya-doya yaşa, əzizim. Onsuz da bu gün yazdıqların sabah xoşuna gəlməyəcək. Elə yaşadıqların da. Həyatın dadını çıxar. O çox gözəldi. Ürəyinisə beləcə tər-təmiz və ləkəsiz saxla. 

Mən sənə inanıram. Elə sözünə də...

 

“Ədəbiyyat və incəsənət”

(11.12.2023)