Evimi başıma yıxdılar, sonra o, evim oldu… Featured

Rate this item
(3 votes)

Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”

 

Xatırlayırsınız Gəncə terrorunu? Himnimizdə də dediyimiz kimi, minlərlə can qurban oldu. O vaxt bizim hamımızın qəlbini dərindən yaralayan bir bacı-qardaş da vardı. Sevil və Hüseyn... Sizə bugün həm Sevilin dilindən danışacağam, həm də bir az içimi boşaldacağam.

 

"Salam, necəsiz? Mənim adım Sevildir. İtirilmiş torpaqlarımız uğruna hər şeyini itirən o balaca Seviləm mən. Ailəmi, evimi, bütün keçmişimi, xatirələrimi. Sevimli, əyləncəli, çox sakittəbiətli bir qız idim. Bir gündə böyüdüm. Mən bir gündə həm qadın, həm bacı, həm ana, həm də ata olmağa məcbur oldum. Artıq mənim qardaşımın bu dünyadakı tək sığınacağı mən olmuşdum. 

 

O gün orada, o dağıntılar altında qalarkən bir xeyli qorxmuşdum, amma içimdə o qədər qəribə bir hiss vardı ki. Sanki son nəfəsim gəlmişdi və bütün xoş anlarımın fraqmentlərini izləyirdim gözlərim önündə. Anama, atama səsləndim, çox çağırdım, çox qışqırdım, amma cavab vermədilər. Ağlamaq istəyirdim. Hönkürə-hönkürə ağlamaq istəyirdim, amma o qədər qorxurdum ki, ağlaya da bilmirdim... Orada, o daş-qalaq içərisində nə qədər qaldım bilmirəm. Düşündüyüm bundan sonra nə olacaqdı? Cavabım yox idi, bundan sonrası olacaqdımı, onu da bilmirdim. Amma içimdə bu qədər olanlara rəğmən lap balaca, cüzi bir ümid qırıntısı vardı. 

Məni ordan sinif yoldaşım çıxardı. Öncə ata-anamın xəstəxanada olduğunu dedilər, sonra bildim ki, əslində onlar artıq... Onlar artıq mənimlə, bizimlə deyillər. Ruhları qanad açıb və mələklər ölkəsinə yola düşüb. Bəhs etdiyim o ümid qırıntısı sanki qocaman bir dəryaya düşdü əlimdən və yerlə yeksan oldu. Necə keçəcəkdi bu ağrı? Necə yaşayacaqdıq bundan sonra biz? Hər səs... Hər taqqıltı canımdan can alırdı sanki. Mən bir daha gülə biləcəkdim? Mən onları, olanları unuda biləcəkdim?

Keçdi... Unudulmadı, yaram dərindir. Amma qabıq bağladı. Sağalmadı, amma artıq əvvəlkitək qanamır deyəsən. Çünki mənim artıq yeni bir evim, yeni bir ailəm var. Mənim evimi başıma yıxdılar, sonra o, evim oldu... Məni dağıntılar altından çıxardı. Mənə yeni bir həyat verdi, yeni bir nəfəs verdi. Sonra yıxılan, məhv olan ailəmi də mənə verdi. Mənim anam da oldu, atam da oldu... "

 

Bilirsiniz? Həyat sarkazmdır sanki. Heç vaxt unutmaram dediklərimiz də unudulur. Ağlamaqdan nəfəsimizin kəsildiyi anlarda xırdaca bir hadisə üzümüzə təbəssüm də qondurur. Bu həyatda hər bir insan övladı  çətinlik görür, hər kəs sınanır, hər kəs yara alır. Amma bəzilərimizin yaraları bir ömür onunla qalır. Sevil yeni bir həyata addım atdı. Sevil yepyeni bir ailə, yepyeni bir dünya qurdu özünə. O mərd, cəsur Azərbaycan kişisinin onun əllərini heç buraxmayacağına, onun üzünü daim güldürəcəyinə dair içimdə o qədər böyük inam və ümid var ki. Bəlkə də o Sevilin həyatında fırtınadan sonrakı göyqurşağı olacaq. Sevil yaşayır, Sevil yaşayacaq... Bu dünyada hər kəsə inad, onunla qürur duyan, onun üçün dua edən hər kəs üçün çox xoşbəxt olacaq. Əlindən dəryaya saldığı ümid qırıntısının yerini minlərlə dua doldurdu bugün. Onun artıq ümiddən bir evi var. 

Əzizim Sevil. Çox xoşbəxt ol. Bu dünyada xoşbəxtliyə bəlkə də ən çox sən layiqsən. Səninlə qürur duyuram...

 

“Ədəbiyyat və incəsənət”

(11.12.2023)