“Sevgi" gətir, "romantika" gətir bu boz şəhərə… Featured

Rate this item
(1 Vote)

Xatirə Əsgərova, “Ədəbiyyat və incəsənət”

 

 

Bu gün də mənim Şaxtababaya məktub yazmaq növbəmdir. 

Salam, Ağsaqqallı Şaxtababa. Bu məktubu cismi və yaşı xeyli böyümüş, amma sənə hələ də inanan 2-ci sinif uşağı səmimiyyətilə yazıram və arzularımı bir-bir sıralamağa başlayıram.

İlk öncə sırf paxllığımdan, mənimlə oxuyan varlı uşaqlarına pulla silinə bilməyəcək, çoxlu kəsirlər sürpriz etməyini istəyirəm. 

Daha sonra, layiq olan insanlara sevinc gətir. Elə bir sevinc olsun ki, illərlə çəkdikləri sevinc aclığının gözü dolsun.

Keçən illərdəki kimi, virus, xəstəlik, qalmaqal, azyaşlı tiktokerlər, geyimlə müqayisə edilən "müasirlik" gətirmə. Hətta bunlar bizim sənə hədiyyəmiz olsun.

Bəzi insanlara şəxsi həyat gətir. Bolluca şəxsi həyat gətir növbəti gəlişinə qədər bəs etsin ki öz həyatlarını nümayiş etməsinlər. Həm də başqalarının həyatlarına burunlarını soxmasınlar.

İnsanlara səmimiyyət ver, amma çox olmasın, yoxsa bunun da zibilini çıxaracaqlar. Axı biz bu işi yaxşı bacarırıq. 

Allahdan, həyatdan ümidini itirənlərə uşaq gülüşü, ailə sevinci göndər. Dini fanatiklərə isə heç dəyib dolaşma, onsuz da səni sevmirlər.

"Sevgi", sevgi gətir, "romantika" gətir bu boz şəhərə.

Qar gətir özünlə. Qorxma, kasıblar da qarı sevir. Onlar qardan üşüməz, əksinə qəlbləri isinər.

“Televiziyada kömək” adı ilə oxuması, yazması olmayan insanları 

aciz, gülünc vəziyyətə qoyub özlərinə reytinq yığan bəzi aparıcılara vicdan qutusu yolla.

Davalı ölkələrə uşaqların əli ilə ağ göyərçinlər göndər.

Üstündə ad soyadım yazılan qələm və dəftəri isə gecə mən yatarkən yolkamızın altına qoymağı unutma. Dəftərimi vərəqləyəndə uğurlarımın rəsmi çəkili olsun.

Şaxtababa, ən əsası da, bir masa arxasında yığışmaq, ata, ana, dost və tanışları ziyarət etmək üçün insanlara "yeni il" tipli bayramlardan başqa fərqli səbəblər də göndər.

Məktubumu tez oxu, Şaxtababa reallaşdırılması vacib olan arzular real olmaq üçün səbirsizlənirlər... 

 

“Ədəbiyyat və incəsənət”

(06.12.2023)