Yaşamaq istəyənə ölüm, istəməyənə ömür gətirmisən… Featured

Rate this item
(1 Vote)

Gülnaz Talıbova, “Ədəbiyyat və incəsənət”

 

 

Dünən Şaxta Babaya məktubyazma günü idi. Mənsə qərara gəldim, o məktubu bu gün yazım. 

 

Salam, Şaxta baba. Bilirəm ki, çox uzaqlardasan, ancaq yenə də ümid edirəm, gələcəksən. Çünki bizə öyrədiblər ki, ümidi heç vaxt itirməyək. Bir yandan da nəsihət edirlər: heç vaxt "heç vaxt" deməyək. Qalmışıq iki yol ayrıcında. 

Böyüdükcə anladım: bəzən ümidlər bizdən qopub ayrı düşür və itmiş ümidlər üçün geri dönüb baxırıq. Lakin nə fayda?! Artıq o, başqasına qismət olub. Səndən bunu istəməyəcəm, səbəbi budur ki, o ümidlər mənə o zaman gərək idi. Qaytara biləcəksənmi zamanı?! Fərz edək ki, keçmiş zamanı hədiyyə gətirdin. Bəs ağarmış saçların, solğun bənizin əvəzini ödəyə biləcəksənmi, əziz baba?

Səni qınamıram, zamanın saçlarına örtdüyü qar səni də dondurur. Fəqət, bir şeyi sənə etiraf etməliyəm: bəzi hədiyyələri dəyişik salmısan. Yaşamaq istəyənə ölüm, istəməyənə ömür gətirmisən. Ana olmaq istəyənə həsrət, "azadlıq arzulayana övlad vermisən. Danışa bilməyənlərə dil ərməğan etmisən, ürəkləri dolu olanlara səbir kasası söz vermişdin axı. Onu unutmusansa, lütfən, gözləyəcəklər, onları əliboş qoyma. Dövlətli bəxşişinin qədrini bilmir - 16-cı mərtəbədən daim aşağılara baxır, ürəyi necə dözür... Kasıb ki, sənə əl uzatdı, onların əlləri havada qaldı. Baba, xahiş edirəm səndən hədiyyələrini bölüşdürəsən. Son olaraq bir istəyim də olacaq səndən: haqlıların haqqı əllərindən alınıb, sənin gəlişinə ümid bağlayıblar, sən, bəlkə, onların dadına çatasan...

Salamat qal, can baba, məktubumu sona qədər oxumusansa, gələcəyinə şübhəm yoxdur...

 

“Ədəbiyyat və incəsənət”

(05.12.2023)