O qədər sevinc istəyirəm ki…- ŞAXTA BABAYA MƏKTUB Featured

Rate this item
(3 votes)

Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”

 

 

Salam, Şaxta baba. Necəsən? Sənə ilk məktub yazanda 7 yaşım var idi. Səndən qırmızı-bəyaz bir paltar istəmişdim, eyni yeni il şənliyindəki qar qızınkına bənzər. Sonrakı illərdə səndən daha çox şokolad, daha çox oyuncaq, daha-daha bir sürü şey istədim. Son məktubumda-təxmini 8-9i il öncə səndən daha böyük və mümkünsüz bir hədiyyə istəmişdim və olmamışdı... Bu səfər, illər sonra yetişmiş biri olduqdan sonra sənə ilk məktubumdur bu. Şaxta baba, öncəliklə səndən o körpə Leylanın xəyalı olan xoşbəxtliyi istəyirəm. Düzdür, o Leyla ilə indikinin xoşbəxtlik anlayışları tamam fərqlidir, amma xoşbəxtlik özü birmənalı bir hissdir. Səndən daha çox oyuncaq yerinə daha gözəl dostluqlar istəyirəm. Keçən il yeni il arzum daha çox uğur qazanmaq idi. Bu il yeni ildən arzum daha çox sevincdir. O qədər sevinc istəyirəm ki, sıradanlaşsın və mən üzüldüyüm anlar üçün darıxım. Səndən istəyim bu il mənə daha çox cəsarət, daha çox güc verməyindir ki, səndən istəməyim mümkünsüz olan hər şeyi özüm əldə edim. Düzdür, bu hisləri mənə necə aşılayacaqsan, bilmirəm, amma bəlkə sən ən azından mənə stimul ola biləcək hədiyyələr göndərsən bu hissləri özüm yarada bilərəm. Nə deyirsən?

Şaxta baba, bir də ki, dünya üçün bir şey istəcəyəcəm səndən. Bu dünyadan bütün təmiz qəlbləri, körpələri al və yeni bir dünyaya apar. Bura artıq tozlanıb. Silah səsləri çoxdur, gecələr yatmaq olmur. Körpələr səni yox, ölümü, əzrayılı gözləyir daha. Bizə gedə biləcək, qapılarında "Kirli qəlblər, nifrət qadağandır!" yazılan bir dünya ver. Qısqanclıq, savaş olmasın orada. Acgözlük olmasın. Hansı ki, dövlətlər də olmasın. Tək bir dünya olsun, hamıya aid. Torpağa görə savaşlar bitər bəlkə. Pul olmasın orada. Hər kəs hər şeyini bölüşsün. Bəlkə də bizim üçün ən xeyrlisi olar əsrlər öncəki həyata dönmək. Tək dərd ac qalmamaq, rahat yataq tapmaq olan dövrlərə. Bizə çətin görsənir, amma sən marallarına tapşırsan, bizi apararlar bəlkə o dünyaya. Hə bir də, heyvanlar üçün də bir diləyim var. Ya onları da yeni dünyaya gətir, ya da apayrı bir dünya yarat. Qoy onların da qarnını doyuranlar olsun. Öncədən təşəkkürlər. Sağlıcaqla qal, əziz Şaxta baba, şaxta can!

 

“Ədəbiyyat və incəsənət”

(04.12.2023)