Şaxtababaya məktub yazmaq günü, yaxud İmam Hüseynin çiyin yarası Featured

Rate this item
(8 votes)

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Demə, 4 dekabr dünyada Şaxtababya məktub yazmaq günüymüş.

Mövzu və hadisələrə sadəcə öz gözümüzdən açılan pəncərə ilə deyil də, müxtəlif pəncərələrdən baxmağı, fərqli aspektlərdən yanaşmağı sevirəm.  Və bunun yanında həm də heç vaxt Şaxtababya məktub yazmamış, Şaxtababanın varlığına bəlkə heç vaxt inanmamış, bəlkə də inandırılmamış biri olaraq bu mövzuya da fərqli bir baxış bucağından yanaşmaq istədim.

 

Ümumiyyətlə kim idi Şaxta baba?  Məramı nə idi onun?  

Yeni il günü uşaqları öz maraqlı hədiyyələri ilə sevindirən, maralların çəkdiyi uçan bir arabası və hədiyyə dolu bir torbası olan qırmızı geyimli, saç-saqqalı ağarmış yaşlı bir kişi idi o, elədirmi?

Və bir az da dərinə ensək, əslində, uşaqların könlünü xoş etmək, möcüzələrə inandırmaq üçün uydurulmuş bir əfsanə idi o, hansı ki, o hədiyyələri də axı deyəsən valideynlər qoyurdu.

Bəlkə də bu açmayla bir çox insanı xəyal qırıqlığına uğratdım. Çünki bəlkə hələ də bir çoxu təhtəlşüurda əfsanə olduğunu bilsə də inanmağa davam etmək istəyirdi ona.

Gerçək olmağını istəyəcək qədər gözəl bir əfsanədir doğrusu Şaxta baba, fəqət , təssüf ki, bizim dünyamız o Şaxtababanın dünyası deyil.

Çünki bizim dünyamız uşaqların sadəcə hədiyyə, sadəcə oyuncaq istədiyi bir dünya deyil. Və yaxud da, elə bir dövrə hələ gəlib çata bilməyib.

Çünki bizim dünyamızda uşaq çox olsa da, uşaqlıq çox azdır.

Şaxtababa tam olaraq yalandır da demirəm əslində, Şaxtababının mövcudluğuna inanmayın da demirəm, çünki bizim dünyamızda, yəni uşaqların oyuncaq deyil də, sadəcə tox qarın, isti geyim, doğma dam, himayədarlıq, səmimi sığal və şiddətsiz, müharibəsiz bir həyat arzuladığı dünyanın da öz şaxta babaları bir vaxtlar mövcud olub əslində, lakin onları tapmaq üçün uzaq keçmişə səfər etmək lazımdır. Gəlin həmin uzaq keçnişə bu gün birlikdə səfər edək.

 

1400 il əvvəl... 

(Mənbələrdən)

İmam Əlinin dövründə hər səhər ehtiyaclı ailələr evlərindən çıxanda qapının ağzında ərzaq qoyulduğunu görərlərmiş. Kimsə gecə vaxtı dolaşıb bir-bir bu ailələrin qapısına ərzaq qoyarmış. Amma uzun illər heç kim o ərzaqları qoyanın kim olduğunu bilmirmiş.

Taa İmam Əli dünyadan köçənə qədər bu ərzaqları qoyan şəxsin kim olduğu sirr idi. 

Yalnızca İmam Əli vurulduğu günün səhəri anlamışdı əhali o ərzaqları qoyanın kim olduğunu. 

Çünki o gün səhər heç kim qapısında ərzaq tapmamışdı. 

 

(Qırmızı ağıl kitabından)

Kərbəla faciəsindən sonra Bəni-Əsəd qəbiləsinin adamları Kərbəlada İmam Hüseynin parça-parça edilmiş bədəninin yanına gələndə də görüblər ki, o həzrətin çiyninin üstündə bir yara var, amma o, qılınc, nizə və şallaq yarasına bənzəmir, sanki nəsə davamlı olaraq çiyinə sürtünüb və belə bir yara əmələ gəlib. Onlar İmam Səccaddan həmin yaranın necə yarandığını soruşublar. İmam Səccad buyurub: "O, atamın hər gecə çiyninə qoyub yoxsullara apardığı un, çörək və xurma kisələrinin izidir". İmam bu işi o qədər görmüşdü ki, çiynində onun izi qalmışdı. 

Əhli-beyt imamlarının hamısında bu cür imamət nişanələri olub. Əgər "nübüvvət möhürü" barəsində nəsə eşitmisinizsə, bilin ki, bu kisələrin izi də Əhli-beytin imamət möhürü sayılır. Onlar bunu həzrət Peyğəmbərdən öyrəniblər. Bu onların arasında bir mədəniyyət olub. Onlar ədalətli hökumət qurmaq istədiklərini bəyan ediblər. Amma fikirləşiblər ki, həmin hökumət qurulana kimi də boyunlarına bir sıra vəzifələr düşür və mümkün olan hər yerdə həmin vəzifələrə əməl etməlidirlər.

 

“Ədəbiyyat və incəsənət”

(04.12.2023)