Yenə də feminist damarım tutdu… Featured

Rate this item
(3 votes)

Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

 

Tanrının kitablarında sənə əmanət etdiyi, sənin küçə ortasında öldürdüyün..

Gəlin yenə "FEMİNİST" olaraq öz pafoslu çıxışımı edim. Qınamaq, tənqid etmək, qarşı gəlmək, hətta nifrət etmək də sizin seçiminizdir. Oxuduqlarınızı düzgün qəbul edib, düşüncələrinizdə, ifadə və davranışlarınızda  lazımi dəyişiklik etmək də, sizin seçiminizdir.

Mən yoruldum artıq, eyni sözləri dəfələrlə fərqli formalarda yazmaqdan,düşüncələrimi ifadə etməkdən, cəmiyyətdə düzəlməyəcək olan bu problemlərdən.

Gəlin bir az son günlərin xəbərindən danışaq.

Yenə bir qadın, övladının gözü önündə həyat yoldaşı tərəfindən öldürülür.

Hə, həyat yoldaşı tərəfindən - pis və ya yaxşı, hər gün bir-birlərinin yanında olacağına söz verdiyi, yeməyini, çayını, geyimini özü-özünə baxmağı belə bacarmayan, qarşısına 15 dəqiqə çay gec gələndə deyinən, onun spermasına həyat verib üstəlik doqquz ay qarnında daşıyıb, nə zülümlə dünyaya gətirib, sonra yenə min bir əziyyətlə övlad yetişdirdiyi bir həyat yoldaşı  tərəfindən elə məhz övladının gözü qarşısında öldürüldü. Bir vərəqdə bir ömür yola çıxacağına imza atarkən hardan bilə bilərdi ki, imzaladığı ölüm fərmanıdır?

Yox, əslində mən səhv düşünürəm. Mən hələ uşağam, mənim belə şeylərdən danışacaq yaşım deyil axı.

Yəqin, kişi haqlıdır.

Yəqin, qadın fahişə idi.

Yəqin, o içki içəndə ərini döyürdü.

Yəqin, o siqaretdən bezib nəşə çəkirdi.

Yəqin, o evdə ərini bəyənməyib başqası ilə gəzirdi.

Yəqin, əri onunla yeməyin duzunu çox tökdü, çayını isə gecikdirdi deyə tez-tez mübahisə edirdi.

Yəqin, o, uşaqlar xəstələnəndə, dərsləri zəif olanda ərini günahlandırırdı.

Həə, elə məhz bunlara görə haqlı idi əri.

Yaşamaq yaraşmaz ona.

Ölüm hökmü verilməli!

Edam fərmanı imzalanmalıdır!!

Bizə isə söz demək düşməz, axı, bizlər mental kodları beynimizə çip olaraq taxmış, millətin ailə işinə qarışmayan, öz halında, əsli müsəlman dini islam olan, eyni zamanda məhəllədə semiçka çırtlayıb Firəngiz xalanın qızını oğlanla görəndə, Adil kişinin nəvəsini gödək deyinmiş görəndə indiki cavanların pozulduğunu şiddətlə qınayıb, şiddəti qınaya bilməyən aciz bəndələr idik.

Nə deyim vallah.

"Öldürülməyə layiq idiee, qaqa".

"Məsləhətdi qız deyil, demişdim də, sizə".

"Allah bilir nə yuvanın quşu olub".

Özünüz bilirsiz də, “yaxçı at özünə qamçı vurdurmaz".

 

“Ədəbiyyat və incəsənət”

(30.11.2023)