Mümkün olsa, bəlkə də elə mən ömürlük orda azardım… Featured

Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət"

 

İndiyə qədər tanıdığın hər kəs bir otaqda olsaydı kimi axtarardın?

Ötən gün əməkdaşlarımın yazısında qarşıma çıxan bu sual məni çox düşündürdü. 

 

Əgər indiyə qədər tanıdığım hər kəsin olduğu bir otağa düşmüş olsaydım, maraqlıdır, görəsən o otaqdakı o qədər insanın içindən mənim gözümə ilk kim dəyərdi?

 

Güman ki, mən ilk öncə o otaqda, məni ən çox incidən, onlara qarşı olan inamımı, sevgimi, əminlik duyğumu sarsıdan, bu gün geriyə dönüb baxanda doğru tanıyıb tanımadığımdan heç cür əmin ola bilmədiyim, beynimdə tonlarla cavabsız sual buraxan ən dəyərli insanlarımı axtarardım. 

Axtarardım ki, görüm o otaqda elə insanlar varmı? Ya  bəlkə ümumiyyətlə, heç elə insanlar heç vaxt mövcud olmayıblar? 

 

Otaqdakı hamısı bir-birindən tanış, amma tanış olduğu qədər uzaq və yad simaların arasında dolaşıb onların hər birində bir az özümü axtarardım.

Məni itirən insanlarda yoxluğumun kölgəsini, mən itirdiyim insanlarda isə öz izlərimi axtarardım.

Baxardım kimdə nəyəm, kimdə nə qədərəm və ya nə qədər olmuşam deyə.. 

Tanıdığım bütün insanların mənə qarşı olan münasibətinin kulis arxasına keçib baxardım. Hansı dedi-qodu, hansı mənfəət, hansı riya, baxardım ki, mən kimdə nəyə qurban getmişəm. 

Bu gün əgər bircə dəfə görmək, bircə dəfə toxunmaq imkanım olsa doya-doya qucaqlayardım dediyim insanları, tapıb onları ilk və son dəfə doyunca bağrıma basardım. 

O otaqdakı insanlar tərəfindən bu günə qədər ən çox zərər görmüş və elə mənim özümün də ən çox zərər verdiyim, bəzən sevib, bəzən nifrət edib, daim yerli-yersiz, günahı oldu-olmadı, hər şeyə, hər kəsə görə danladığım, günahlandırdığım, qırdığım, müdafiə etmədiyim, tək qoyduğum, bir yerdə günahkar, bir yerdə məsum olan və özümün belə zamanla yavaş-yavaş, azar-azar tərk etdiyim o kimsəsiz  insanı axtarardım.

Hələ də bir çox şeydə ona acıqlı olsam da, yenə axtarıb-tapmağa çalışardım, sahib çıxardım ona. Axı səhvsiz insan yoxdur...

Təbii, əgər o hələ də yox olmayıbsa, hələ də  bir yerlərdə yaşayırsa...

Onu tapıb bərk-bərk qucaqlayar, ona qorxma mən burdayam deyərdim. 

Qorxma, istəsəm də səni tərk edə bilmərəm, insan hara getsə də özündən uzağa gedə bilmir. Hara da getsəm dönüb dolaşıb gəldiyim yer sənsən və sonda elə mənə qalan da sənsən deyərdim.

Bu çoxluğun içində axı elə mənə ən doğma olan da sənsən deyərdim.

Qorxma səni Yaradan var. Mən belə tərk etsəm o səni əsla tərk etməz deyərdim.

Yanında oturub onunla birlikdə doyunca ağlıyardım onun üçün. Onun  qırğınlıqlarına, onun küskünlüklərinə, həyatdan, insanlardan aldığı zərbələrinə, yaralarına, heç vaxt bir dayağı olmayışına, hər zaman öz başının çarəsinə baxmağa məcbur oluşuna, həmişə tək oluşuna… Keçmişinə, keçməmişlərinə, bu gününə, gerçəkləşməyən xəyallarına, puç olmuş ümidlərinə, arzularına, kaşkilərinə, bəlkələrinə, səhvlərinə, vicdan əzabı və peşmanlıqlarına, itirilənlərinə, geclərinə, qayıtmayacaqlarına ağlayardım. Amma sonda çevrildiyim mənlə əlimi uzadıb  paramparça olmuş, hər parçası bir yerdə, birində əsir qalmış, hər dəfə bir az dəyişmiş, getdikcə indiki mənə çevrilən əvvəllərki məni qaldırardım, ya düşdüyü çuxurdan, ya çəkildiyi küncdən. 

Sonra o otaqda yenidən göz gəzdirərdim ətrafa. Bu dəfə ən xoş, ən gözəl günlərimi axtarardım. Necə deyərlər, insan harada olsa, harada getsə daim başını ən çox xoşbəxt olduğu yerə çevirərmiş.

Mən də o otaqda mənə ən xoş günlərimin, ən şirin xatirələrimin boylandığı bir cüt gözü, bir simanı axtarar və əgər o otaqda o simanı tapa bilsəm, o, orada mövcud olsa və əgər mümkün olsa, bəlkə də elə mən ömürlük orda azardım.

 

“Ədəbiyyat və incəsənət”

(23.11.2023)