Deyim, kimi axtarardım? Featured

Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

Leyla Səfərovanın “İndiyə qədər tanıdığın hər kəs bir otaqda olsaydı, kimi axtarardın?” yazısına bir nəzirə

 

İndiyə qədər hamı bir otaqda olsa kimi axtarardım?

Düşünürəm ki, məhdud zaman çərçivəsində insan müəyyən cığırlı yollardan keçərək sonunu təxmin edə bilmədiyi bir ünvan üçün günbəgün addım atır. Və bu addımları atan zaman onun cığırında bir çox insanla qarşılaşa bilər. Biz buna məişətdə ailə, dost, sevgili, övlad, bəzən düşmən, bəzən yaxın bəzən ən özgə doğmalar deyirik. Əbədi dünyaya aparan cığırlarda yol bitənə qədər yolunu dəyişənlər də olur, yolun bir hissəsində əbədiyyətə qovuşanlar da. Bəli, bu tam olaraq belədir həm də, minilliklər boyu. Ancaq bir gün gələcək və o cığırlarda bir yol getmiş, ən doğma özgələrdən tutmuş  ən özgə doğmalara qədər eyni bir yerə toplaşacağıq. Bax buna deyərəm üzləşmə. Keçmişlə, keçməmişlərlə, gələcəklə və gələcək deyə ümid etdiklərimizlə üzləşmək, ya da qarşılaşmaq nələr hiss etdirər?Dünyadan köçənlərin köçdüyü dünyaya köçəndə hicranın qoxusu vüsala qarışacaq. Bax məncə, o qarşılaşma günü sənin, mənim, onun, ümumiyyətlə,  hər birimizin əsl kimliyi ortaya çıxacaq. Əgər o günün o gün olduğunu anlasam, ilk öncə uşaqlığımı axtararam. Novxanıdakı həyətimizdə quzularla oynayan, babasına çox bağlı, atasına dayanmadan suallar verən, baxçada hər dəfə yıxılan balaca haradadır?Bəs görəsən o məni görsə tanıyarmı? İllər üz cizgilərimi dəyişsə belə gözlərimin içindəki işığdan məni seçə bilərmi? Məncə, seçə bilməz. Axı mən belə uşağlığıma susqun ikən o məni necə xatırlayacaq? Ona verdiyim sözləri tuta bilməyən mən utanarammı heç?

Bunları düşünmək bir qırağa, özümdən başqa görəsən kimləri axtararam?

Dostlar, sevgililər, ailə üzvləri? Hansı?

Gəl sənə ilk gözlərim kimi axtarar, deyim, əziz oxucu. İlk öncə babalarımı axtararam. Uşaqlığımı dolu-dolu yaşadan, din, əxlaq, mənəviyyat nədir öyrədən, yeniyetməliyimdə imanımı və əqidəmi doğru yola yönəltmək üçün mənimlə yorulmadan danışan, dəfələrlə danışıb mənim də ilk dəfə eşidirmiş kimi dinlədiyim xatirələrindən söhbət açan, keçmişinə köks ötürən babamı, uşaq vaxtı çubuqlu sovurma konfeti heyva ağacının altına əkdirib hər səhər yerinə təzəsini qoyub məni konfet ağacının varlığına inandıran babamı axtarar gözlərim.

Və təbii ki, o gün hicran vüsal qoxar. Gözlər dolar, dodaqlar titrəyər, sözlər boğazımda düyünlənib qalar.

 

“Ədəbiyyat və incəsənət”

(22.11.2023)