Və bəlkələrin, kaşkilərin ömrümüzün böyük bir qismini oğurlaması… -ESSE Featured

 

Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

 

Dönüb insanlara baxsaq, hamısının bir dərdi, bir narazıçılığı var. Hamıda bir peşmanlıq, qırğınlıq, bir ümidsizlik var. Ümumiyyətlə bəlkələr və kaşkilər ömrümüzün böyük bir qismini oğurlayır bizdən. Daim bir yerlərdə buraxdığımız peşmanlıqlar, yarım qalmış hekayələr, qırğınlıqlar və ümidsizliklər var.

Amma bir yolun sonu uçuruma belə gedib çıxsa dəli cəsarəti hər kəsdə olmalıdır zənnimcə. Qoy məni incidən, qıran, peşman edən etdiklərim olsun, əməllərim olsun. Kaş ki, bunu etməzdim dəqiqliyi, bəlkə belə etsəydim hər şey daha gözəl olardı ehitmalından daha şükürlü acılar çəkdirir insana. 

Zatən hər kəs özünün belə fani dünyada qalıcı olmadığını dərk edəndə etmədiyi hər şey üçün peşman olacaq. Hörməti hörmətsizliklə qiymətləndirənlər, qırıb incidənlər, yalan danışanlar, şiddət göstərib daim həyata qarşı kinli olanlar zatən bir gün etdiklərinə görə peşman olacaq və mən inanıram ki, peşman olan hər kəs xətalarından dərs almağı gec-tez öyrənəcək.

Bəs etmədiklərinə görə peşman olmaq??

Əmin olun, bu peşmançılıq çox daha ağırdır. İnsan geri dönüşü olmayan yola girəndə ona heç bir əl uzanmaz, bütün ümid şamlarına ruzigar çarpmışcasına sönər və adam hansı səmtə dönsə qaranlıqda qısılıb qalar.

Cəsarət edib sevdiyinin əlindən tutmayan yarının başqasına yar olduğunu görəndə, təhsilindən narazı olub öz istədiyi ixtisası sırf ailəsi istəməmişdi deyə seçməyib 8 saatlıq  iş rejimi ilə ofislərdə bəyaz yaxalı kölələrə çevriləndə, vaxtında sözünün tonunu ədalətsizlik üçün qaldıra bilməyib anasına səsinin tonunu qaldıran anasının məzarı başında səssiz ağlayanda peşman olur. Niyə vaxtında sevgi uğruna addım atmadım? Niyə əlindən tutmadım? Niyə xəyallarımı mentalitet və o çox ali el sözünü gözündə tanrı edən ailə dəyərlərinə qurban verdim? Niyə sağlığında qucağlamadığlarımın məzarını qucağlamağı gözlədim?

Bax budur peşmançılıq. 3 günlük dünyada etdiyimiz hər əməlin peşmançılığını yaşayıb tövbə edə bilərik, yetər ki, O'na pənah gətirib sidq ürəkdən tövbə qapısına yönələsən. Ancaq vaxtında atılmamış hər addımın geri dönüşü olmayan peşmançılığı olur. Vaxtında sevgisini verə bilməyən o hiss ilə vidalaşır, lakin bir sevən əlbət ki bir daha sevər. Vaxtında qərarlarının arxasında durmayan kəsin nə etibarı olar, nə hörməti. Vaxtında sözünü deməyə çəkinənin sözünün çəkisi heç vaxt olmaz. 

Vaxtında sahib çıxmadığımız hər şeyi itirəndə bir daha heç nəyi o qədər sahiblənə bilmərik. Vaxtında şiddətə susanda, vaxtında bütün şərəfsizliklərə göz yumanda insan dönüb olar cəhalətdən qəlbi daşlaşmış bir məxluq...

Belə ki vaxtında edin hər şeyi. Buraxın peşman belə olsaq uçurumun kənarından geri dönüş yarada biləcək tövbə qapısına sığına biləcək addımlarımız olsun. Mücərrəd zaman anlayışında sonuncu nəfəsin nə vaxt dayanacağını bilməyən fərdlər olaraq etmədiklərimizdən peşman olmayaq.

 

“Ədəbiyyat və incəsənət”

(16.11.2023)