“Ən çox bu havalarda darıxıram” - ESSE

 

“Ədəbiyyat və incəsənət” portalı Gülay Tahirlinin essesini təqdim edir - lirik, səmimi və kədər dolu bir esse. 

 

Tələbə idim, dərslər 18:00-da - hava qaralanda bitirdi, avtobusdan düşəndə görürdüm ki, atam avtobus dayanan yolda durub məni gözləyir. Beş dəqiqəlik yol idi, nə qədər “ehtiyac yoxdur, qorxmuram” desəm də gəlirdi. Əlində də ya dürmək olardı, ya da mandarindən, almadan… 

O beş dəqiqəlik yolu ac getməyimə ürəyi dözmürdü. Qaranlığın səsini, dünyanın ən doğma qoxusu olan kəndin tüstü qoxusunu, əlimdəki dürməyin dadını, ən çox da atamın  sevgisini, verdiyi güvəni ilikləriməcən hiss edirdim.

İndi müəlliməm, yenə o saatda dərsdən çıxıram, daha atam qabağıma gəlmir, gələ bilməz… 

Bircə atam yoxdur, qaranlıq da, o tüstü iyi də yerindədir, yerindədir, amma hiss edə bilmirəm. Daha qaranlığa dik baxa bilmirəm, bu havalarda, bu aylarda asta yeriyə də bilmirəm, elə qaçıram, qaçıram… Sanki azacıq yavaşlasam, həsrət öldürəcək məni. Darıxıram, atam, darıxıram, ən çox bu havalarda, bu aylarda…

 

“Ədəbiyyat və incəsənət”

(16.11.2023)