Və səndən sonra… - ESSE Featured

Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

 

 

 

Aylar sonra səndən bir mesaj gəldi.

Yazmışdın: 

“Və səndən sonra…

Səndən sonra dəyişdim mən.

Sənsizliyi səssizliyin dərinlərində axtardım.

Səndən sonra oxşadığın saqqalımı kəsdim.

Saçlarım da, dağınıq və qıvrım deyil artıq.

Əvvəlki kimi mahnı da oxumuram.

Heç ailəmlə də aram yaxşı deyil.

Anam məndən küsüb, atam heç üzümə baxmır.

Bilirsən, ilk dəfə bir iti qucağıma aldım.

Hətta bir-iki tutuquşu aldım otağıma, eynilə sənin kimi.

İlk dəfə idi ki, kitab evinin qarşısında ayaq saxladım.

İlk dəfə idi ki, sənin sözünə əməl edib ixtiyari bir kitabı satın almaq əvəzinə kitab evinə üzv oldum.

Bunu sən öyrətmişdin mənə.

“Bir kitabı satın alsan, o sadəcə səndə bir iz qoyacaq, lakin bir kitabxanaya üzv olsan, istədiyin qədər kitab oxuya, hər oxuduqca təsir edən cümlələri not edə bilərsən”.

Bax, sən öyrətmişdin mənə.

“Kitabda sözlərin altından xətt çəkmə, onları qəlbinə qazı və təsadüfi bir yerə qeyd et” 

İndi şəhərin hər yerində mənə səni xatırladan cümlələri qeyd etmişəm.

Çoxdandı, mavi silinib yaddaşımdan.

Baxa bilmirəm dənizə, baxa bilmirəm səmaya.

Baxa bilmirəm gözlərimin içinə.

Aynada üzləşə bilmirəm özümlə.

Yadına gəlir, bir dəfə məcbur etdin məni.

Məcbur etdin ki ağlayım.

5 il sonra ilk sənin yanında ağlamışdım xatırlayırsan..?

Keçən ayın iyirmi üçündə də ağladım.

Səbəbsizcə.

İstəmsizcə.

Ya da tam tərsi.

Bildiyim səbəblərə, istəyərək etdiyim səhvlərə görə.

Deyəsən, səni itirdiyimi iliklərimdə hiss edirəm.

Deyəsən, sənsizlik ruhumu əsir alır.

Deyəsən, deyə bilmədiklərim məni öldürür.

İstəməzdim belə olsun.

İstəməzdim səni yaralı qoyub gedim.

İstəməzdim, istəməzdim, istəməzdim.

Bağışlaya bilsən əgər.

İçindəki uşağı öldürdüymə görə.

Xəyal qırıqlıqlarına görə.

Tərk edilmişliyinə görə.

Göz yaşlarına görə.

Susqunluğuna görə.

Səni səndən aldığıma görə.

Ruhsuz hala saldığıma görə.

Qırğınlıqlarına görə.

Ümidsizliklərinə görə.

Bəyaza görə.

Maviyə görə.

Bağışla məni sənsiz qoyduğuma görə.

 

Bir təsadüf oldu, notunu gördüm.

Və məndən sonra yazılmışdı notun başlanığıcında..

Bilmirəm, yazdıqlarımı görəcəksən, görsən belə axıra kimi oxuyacaqsan. Ya hər zamankı kimi, tanış olmayan nömrədi deyə siləcəksən.

Bilmirəm, bəlkə oxuyacaqsan sonuna kimi, bəlkə də, incidəcək bu yazılarım son dəfə.

Bilmirəm, inan heç nə bilmirəm.

Hardayam, necə hiss edirəm, nə haldayam bilmirəm.

Sadəcə bağışla məni.

 

“Ədəbiyyat və incəsənət”

(07.11.2023)