Arzulamaq – HƏR ŞEY BUNDAN BAŞLAYIR Featured

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

Biz uğurun nə olduğu barədə qısa bilgilər aldıq. Necə ki, bir ali məktəb məzunu üçün uğur sərfəli iş tapmaqda, bir sahibkar üçün gəlirli biznes layihəsində, bir yazıçı üçün populyar bestseller yazmaqda, bir idmançı üçün çempionluqda, bir müğənni üçün ulduz olmaqda, bir aşiq üçün sevgilisinə qovuşmaqda, bir əsgər üçün generallıqda, bir ağır xəstə üçün sağlamlıqdadır, eləcə də çəkməçinin, papaqçının, yanğınsöndürənin, kosmonavtın, bir sözlə hər bir kəsin öz uğur ünvanı vardır.

Hamı uğur qazanmaq istəyir, uğur qazananlar öz uğur yollarının sirlərini bölüşür, spikerlər bu barədə kitablar yazırlar. İllərdir ki, ən müxtəlif uğur formulları yaranır, bundan sonra da, bəşəriyyət durduqca belə formullar yaranmaqda davam edəcək.

Bütün uğur formullarını sıxıb şirəsini çıxarsaq, təxminən belə bir nəticə əldə edə bilərik:

Uğur formulu=arzulamaq – qarşıya məqsəd qoymaq – planlaşdırmaq – hazırlaşmaq – fəaliyyətə başlamaq – nəticə əldə etmək.

Sadəcə arzulamaq, istəmək və buna can atmaq lazımdır, həyat həmişə şans verəcək! Bu şans gecikə bilər, amma heç nə əsas vermir ki, arzularından geri çəkiləsən. Uğurlu olmaq – xoşbəxt olmaq deməkdir. Xoşbəxtliksə qəlbin elə bir halıdır ki, həyatın harmoniyasından tam ləzzət almağı mümkün edir.

Düşünməyin ki, xoşbəxtlik yalnız var-dövlətli olmaqdadır. Mən milyonları olan, uğurlu karyerası ilə qürrələnən, ancaq ailəsində ciddi problemlər yaşanan, ailə həyatı cəhənnəm əzabı olan insan tanıyıram. Və yaxud, kiloyla qızılı, nəticəsinə və kötükcəsinə belə bəs edən pul-parası olan, ancaq ağır, sağalmaz xəstəlikdən bulud kimi tutqun insan tanıyıram. Pul çox şeyi həll edir. Amma pul hər şeyi həll etmir. Urəyincə işi, babat şəraiti, gözəl ailəsi, dəmir kimi orqanizmi və hədəflərə vurmaq məharəti olan, uğura doğru addım-addım irəliləyən insan, bax, ən böyük xoşbəxt həmin insandır.

Bu gün ARZULAMAQ barədə danışacağıq:

1.     Arzulamaq

«Öz arzularınızdan bərk tutun. Onları buraxmayın!» Məşhur Amerika psixoloqu və psixoterapevti Marden Orison bu sözləri nahaq yerə deməyib ki.

Bütün böyük hədəflər, bütün nailiyyətlər ilk öncə arzu şəklində olur. Əgər siz daha yaxşı yaşamaq istəyirsinizsə, ilk öncə anlamalısınız ki, siz konkret nə istəyirsiniz. Həmin o yaxşı həyatı öncə arzularda yaratmalısınız. Əgər arzulamağı uşaq məşğuliyyəti hesab edən varsa, o, kökündən yanlışlığa yol verir. İnsan həmişə arzulamağı bacarmalıdır. Kim bunu bacarmırsa, dərhal bu qabiliyyəti özünə qaytarmağa çalışmalıdır. Biz öz istəklərimizin reallaşmasını arzulamalıyıq, arzuladıqca özümüzü daha yaxşı tanımalı, nəyə qadir olduğumuzu daha yaxşı saf-çürük etməli, ürəyimizin səsini daha yaxşı dinləməliyik.

Uğur qazanmağın əsas sirri – öz həyatın üçün bütün məsuliyyəti öz üzərinə götürməyindir, onu idarə edə bilməyindir. Hər bir insan öz həyatının ağası ola bilmir, bu faktdır. Bəziləri ona görə işə gedir, ona görə yemək yeyir, ona görə televizora baxır, ona görə qəzet oxuyur, ona görə internetə girir, ona görə dost-tanışla ünsiyyətə girirlər ki, buna sadəcə adət ediblər. Onların monoton, şablon həyatlarında hər gün hər şey sadəcə təkrarlanır. Belələri arzulamaqdan məhrum olan insanlardır. Onların yekcins ömür kitablarında heç vaxt nə zavyazka, nə razvyazka, nə də kulminasiyaya rast gəlinməyəcək.

Arzulara gen-bol imkan verin ki, yaransınlar, böyüsünlər, şaxələnsinlər. Özünüzə tək gözəl güzəran, var-dövlət, yaxşı iş, son dəb avtomobil, yaraşıqlı villa kimi maddiyyat arzulamayın, özünüzə yaxşı dostlar, böyük incəsənət uğurları, elmi kəşflər, idman qələbələri, karyera nailiyyətləri, kəsəsi, zirvələr arzulayın. Unutmayın, uğur yolunun startı arzulamaqdan keçir.

Qarşıya məqsəd qoymaq- növbəti gün bu barədə bəhs edəcəyik!

 

“Ədəbiyyat və incəsənət”

(07.11.2023)