“Öldürən xatirələr” - ESSE

 

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

Hər zaman mənfi xatirələr məhv eləməz insanı. Bəzən gözəl xatirələrin xatirə kimi qalmasından da məhv olar insan. Son salam, son görüş, son sarılmağın xatirələri də insanın ağlında dövr edər və dövr etdikcə də, insanı bir addım daha mənəvi ölümə aparar. Tozlu xatirələrə baş çəkəndə insan anlayır ki, həyat necə də mənasız və puçdur. 

Bəli, biz gözəl olan hadisələri ananda çox vaxt qəmginliklə yad edirik. Çünki bəzən onlar son olan gözəl hadisələr olur. İndi nə qədər vuruşsaq da onlara çata bilmərik. Onlar atlı olub, biz isə piyada. Bəzən xatirəndə gözəl qalan xatirəni yaşadan kəs gözündə o qədər alçalar ki, o gözəl xatirələr də onunkudur deyə nəmli gözlərlə yad edilər. Bəzən isə təəssüf ki, ölümün bizdən alıb apardıqlarının tozlu şəkillərinə baxıb saatlarca ağlayar, amma əsla o günlərə qayıda bilməyəcəyimizi  anlayarıq.  

 

O da elə olmuşdu. Yaxınının ölümündən sonra albomundakı tozlu şəkillər onun təskinlik yeri idi. Amma o şəkillərə baxdıqca, keçirtdikləri gözəl günləri xatırladıqca həsrətindən için-için yanardı. Odur ki, albomu daha əlinə almamağı qərarlaşdırmışdı. Bəs telefondakı fotoalbom necə olsun? 

Hərdən telefonundakı bütün şəkillərdən qurtulmaq istəyərdi. Çünki ağlını təmizləməyə çalışdıqca, anidən ekrana gələn bir şəkil yenidən onu bir də öldürərdi. Axı demişlər, dünyanı ümidlə yemişlər. O şəkilləri hər gördükcə insanın qəribə ümidləri də ölür. Bilirsiniz, niyə qəribə dedim, çünki zaman keçdikcə insan qəbullanmaz bu itkilərə. Hərdən beyni elə siqnal verər ki,  sanki hər şey qaydasındadır, həmin o şəkildəki mərhum insan da  yaşayırmış guya.

Amma o şəklin şəkil olmasını qəbullayanda, yaxud kimsə nəsə dedikdə yenidən xəyalları puç olar. 

Bu səbəbdən telefonundakı həmin şəkilləri silmək istəyirdi. Amma bunu da bacarmadı. Axı o əziz şəxsdən qalan tək miras bunlar idi. Bunları düşünən yerdə, yatıb yuxuya dalmışdı o. Yuxusunda birlikdə olmalarını gördü. Mənzərəli bir yerdə, yamyaşıl çəmənlikdəydilər, şırıltıyla axan çayı dinləyirdilər…

Diksinib ayıldı. 

Yox idi, nə o, nə də həmin mənzərəli yer. 

Başladı öz-özünə danışmağa: “Axı bayaq sən sağ idin...", “Axı bayaq birlikdə idik”…

Və hönkürtüylə ağladı.

 

“Ədəbiyyat və incəsənət”

(06.11.2023)