Mənim üçün dəniz nədir? - ESSE Featured

Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

 

Salam, mən Mavi.

Dənizin, səmanın və onun gözlərinin ahəngindən doğulan Mavi.

Həyat rəngarəng tonları ilə gözəldir amma, mavi bir başqadır mənim üçün.

Mavi mənim evim kimidir. Hüzurun, sükutun və özümlə dərdləşdiyim həyatın tək çaları mavidir gözümdə.

Ən gözəl mavi tonu hansıdır desən, Xəzərin mavi sularını deyərdim.

Uşaqlığım və gəncliyim Bakıda keçdiyindən dənizə həmişə bir başqa aşinalığım olub.

Balaca olanda dəniz mənim üçün yay əyləncəsinin ən gözəl tərəfi olardı.

Anamın evdə hazırladığı yeməklər, atamın samovar çayı və dəniz kənarı pikniki bir başqa gözəl edərdi.

Sahildə inşa olunan qumdan qalalar və masmavi suda özünü balıq kimi hiss edən körpə qızcığaz..

Uşağlığımın ən özəl çağları dəniz sahilində ləpələrin sildiyi qəlbimin bir ömür saxlayacağı xatirələrlə doludur.

Hətta yadıma gəlir, ilk dəfə adımı yazanda 5 yaşım var idi, əlimdə çubuq bir az düşünüb hərf-hərf adımı yazmışdım dənizə.

Aradan illər keçdi, o qız böyüdü, həyatı, düşüncələri, əhatəsi demək olar ki, tamamilə dəyişdi.

Dəyişməyən bir neçə şey qalmışdı..

Üç-beş uşaqlıq vərdişi, bir neçə gizli xatirə və dəniz sevgisi.

Bir gün böyüdüyümün fərqinə varmışdım.

Təbii ki, həmən gün də Xəzərin qayalara çırpılıb geri dönən ləpələri ilə səssizcə dərdləşirdim.

Uzun müddət idi gəlmirmişəm buralara, uzun müddət idi unutmuşdum dənizin qoxusunu ciyərlərimdə hiss etməyi, ümumiyyətlə hiss etdiyim hər şeyi hiss etməyi, doya-doya yaşamağı, ağlamağı, öz-özümə dərdləşməyi unutduğumu xatırladım. Kiminə görə melanxolik, kiminə görə səmimiyyətsiz buz dağı, kiminə görə də, dərd ortağı idim. Mənə görə mən kim idim, onu yalnız dəniz bilirdi.

Ağlamağıma, gülməyimə, səssizliyimə, zaman-zaman üsyankarlığıma dözən, bəzən sadəcə boş-boş danışan ruhumdakı uşağı bir dəfə belə qapısından qovmadan, qınamadan, yaralamadan, incitmədən, köz tutan yaralarını təzədən qanatmadan, doğmalaşmışdı dəniz mənə. Zamanın izini silə bilmədiyi hər nə var idisə Xəzərin suları silərdi hər dəfəsində sahil kənarından.

Bəzən arzularımı danışardım, bəzən duzlu suyuna öz göz yaşlarmı qarışdıradırdı dəniz.

Mənə dənizi sevdirənlərdən biri də sən olmuşdun sevgili..

Bax indi sən yoxsan bəlkə, amma gözlərinin yadigarı dəniz var yanımda və mən əminəm ki, o məni yalnız buraxmayacaq..

Yalnız son zamanlar ümidim ged-gedə tükənir..

İllər sonra dənizimiz olmaz deyə qorxuram hərdən..

Hər dənizə gedəndə onun insanlardan necə küsdüyünə, insanların onu necə incitdiyinə fikir verirəm.

Bəşər övladı özünü o qədər düşünən olub ki, dənizin tən ortasında neft yatağı inşa edərkən neft tullantılarını dənizə axıdaraq suyu çirkləndirib, onun övladlarını: suitiləri, balıqları, tısbağaları, qurbağaları və daha adını bilmədiyim neçə çeşid heyvanı həm zəhərləyib onların ölümünə yer açır həm də, onların nəsillərinin tükənməsinə səbəb olur. Dənizin suyunu çirkləndirən insan sahili çirkləndirməkdən utanarmı heç? Təbii ki, yox. Sahilə nəzər salıram, birbirindən gözəl restoranlar, birbirindən özəl arxirekturaların düz qarşısında içki şüşələri, qarpız, dondurma, qarğıdalı qabıqları və daha çeşid-çeşid zibillər..

Əminəm ki, dənizə aşiq tək mən deyiləm.

Bilirəm ki, dəniz tək mənim xəyallarımın sığındığı liman deyil.

Bəlkə, bir çoxumuz ən azı mənim qədər dənizdən savayı narahatsınız, axı insan aşiq olduğunu incitmək, qıymaq istəməz..

Məhz buna görə bir çoxumuzun ruhundan xəbərdar olan dənizimizə sadəcə biz sahib çıxa bilər, onun yaralarına məlhəm ola bilərik.

Əks halda baş vermə ehtimalı olan hadisələr isə həqiqətən məni qorxudur..

 

Quruyan göz yaşlarından sonra söz yaşlarını da quruda biləcəyin dənizin üçün çalış, çalış ki, dənizin qurumasın, ən azı qurumağına səbəbkarlardan biri olma, sənin olana heç olmasa bircə dəfə sahib çıx, qayğı və mərhəmət göstər..

 

Mən xəyallarımın sığınacağını itirmək istəmirəm.

 

“Ədəbiyyat və incəsənət”

(03.11.2023)