Dost dosta tən gərək - AKTUAL Featured

Uraqan Abdullayev, “Ədəbiyyat və İncəsənət”

 

İnkişaf etmək üçün etməli olduğunuz şeylərdən biri də düzgün dost mühiti qurmaqdır. Əgər dost mühitiniz yeyib içib kef edən insanlar üzərində qurulubsa işiniz çox çətin olacaq. Çünki siz bir balaca öz üzərinizdə inkişaf edib öz halınızı daha da yaxşılaşdırdığınız zaman, yəni bir balaca onları keçdiyiniz zaman belə dostlar bunu hiss edəcək və sizə paxıllıqları tutmağa başlayacaq: "nolub daha bizi bəyənmirsən?", "həə, bir az məşq edən kimi şişdin" kimi sözlərlə sizi utandırmağa çalışacaqlar.

Belə anlarda edə biləcəyimiz tək şey var, ya çox güclü bir psixologiyaya sahib olub onların düşüncə frekansını dəyişməlisiniz (ki, bu çox çətin bir şeydir.), ya da o mühiti ordaca buraxıb yeni bir dost çevrəsi qazanmalısınız. 

Bu məsələni bütün dostlarımla bir-bir müzakirə etdiyim zaman onlar da öz mühitlərini günahlandırmağa başladılar. Misal üçün: "Kursa yazılmaq istəyirəm, yanımda adam yoxdur." Belə bir düşüncə ilə heç zaman inkişaf edə bilməzsiniz. 

Sən yola çıx, yol özü sənə görünəcək. Yəni "köhnə dostlarla birlikdə edim, çünki tək sıxılıram" desəniz hər zaman o dost mühitinizdən asılı olaraq qalacaqsınız. 

Mən də əvvəllər məşqə getmək üçün yanımda adam axtarırdım. Amma indi sadəcə stadiona gedirəm və orda qaçan adamlarla tanış olub dostlaşıram. Ora gələn adamların da əsas məqsədi qaçmaq olduğu üçün çox gözəl bir münasibət yaranmış olur. Həm də sağlam bir rəqabət başlayır. Bax sizi inkişaf etdirən, bu sağlam rəqabəti özünüzdə formalaşdırmaqdır...

 

“Ədəbiyyat və incəsənət”

(03.11.2023)