Baş, yoxsa ayaq? - ESSE Featured

Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

Öncə cism yaradıldı, sonra cismə ruh üfürülüb yer üzünə atıldı.

Həmən gün cənnətdən qovulan Adəm dönüb oldu Adam.

Və tarixin tozlu səhifələrinin arasında milyon illər ərzində insan övladları törənib bütün yer üzünü tutdular.

Onlar necə də axmaq idilər.

Adəmi adam etdiyini düşünən sürü əqli formalaşmadığı vaxtda belə başladı baş-ayaq davası etməyə.

Misirlilər, arilər, şummer-iskitlər və saymadığım neçə tayfalar ilk dəfə tayfaya başçı seçib onu tanrı etdi, zəif bəndləri də məğlubiyyətə düçar edib tanrının ayağından yarandığını iddia etdilər.

Bir az zaman keçdi, şüur inkişaf etdi və təbii ki, bəndələrin avamlığı da, öz növbəsində inkişafdan qalmadı. İki kəliməni düzgün deyə bilməyib, kəndlinin hesabına qarnını doyduran, torpağı çox ağalar və bəylər məclislərin başı oldu, halal zəhməti ilə bir qarın çörək üçün əli qabar edən kəndli yenə oldu ayaq təbəqə.

Başa qayıtdıq, yenə cənnəti ananın ayağı altında zəmin edən millət, yenə cəhalətindən dala qalmayıb, başını açan Sevilə dinsiz deyib, Cəfər Cabbarlının səfalətinə göz yumdu..

Bunu edə-edə hələ utanmadan, hanı başımızın üstündəki Allah deyib üsyan etdi. Bəs yaxşı sən ey Allahın cənnətdən qovulan ilk bəndəsinin törəməsi, başının üstündə Allahı axtaranda, ayağının altında cənnət daşıyan anaya "arvad mənim ayağımın çarığıdır, harda xoşum gəlməsə orda dəyişərəm" deyəndə Allahın sənin onu axtaran gözlərini kor edəcəyini bilmirdinmi?Ey naşükür, sənin qəlbinin gözləri zatən tutulub!

Sonra yenə baş-ayaq məsələsi atıldı ortaya.

Dost başa baxdı, düşmən ayağa. Bu dəfə günah təkcə ayağa baxanda yox, ayağa baxmayanda da, oldu. Ayağa baxan sadəcə, ayağımızın tozunu, ayaqqabımızın çirkabını gördü deyə bizə düşmən oldu. Axillesin dabanı misalı ən zəif nöqtəmizdən, yəni elə ayağımızın tozundan qanımıza zəhər qatmağa başladılar. Dost görünümlü üzü pərdəlilər də boyun qaçırdı ayağımızın tozunu silməyə kömək etməkdən.

Onlar sadəcə başa baxdığından üzümüz güləndə ortalığa çıxıb, qəmə qərq olanda çəkildilər qeybə. Yıxılıb dizimiz qanayanda, ürəyimizin qanadığını kimlər anladı axı?

Zəmanə dəyişdi, dağlar aşıldı, dərələr keçildi, hər kəs hər kəsə qarışdı, əlimizdəki telefonlar dünya içində kiçicik dünyamız oldu.

Bu zaman yenə baş-ayaq hadisələr su kimi axıb gedirdi.

Kasıbların minlərlə balası gedib qartalın ayağına yaxın qanadının qanını öz qanları ilə sarğılayıb, öz canlarıyla yaraya məlhəm oldular. Evdə onları gözləyən anaları, yolaşları, övladları da, qanayan qəlblərinə duz basıb bəyaz çöhrədə "Vətən sağ olsun"dedilər.

Boş başını dolu cibinə əmanət edən digər qövm də, ekranlarda pafoslu çıxışlar etdi. 

 

Unutma əziz oxucu, baş içində düşünən, dəyişməyə, inkişafa, elm öyrənməyə, xeyir işlər görməyə çalışan beyin olmasa, nə ürək qan dövranını hərəkətə gətirər, nə də ayağın səni düzgün cığırlarla işıqlı yollara aparar..

Zaman su kimi axıb gedəcək. Dövran dəyişəcək, amma yenə eyni period dövr edəcək. Bəlkə hər gələn qövm özündən əvvəlki qövmdən daha betər olar, bəlkə də, hər şey çox gözəl olar.

Önəmli olan bu gün, bu an, bu dəqiqədir. Önəmli olan sənsən, sənin vicdanındır, sənin mənəviyyatın, şərəf və ləyaqətindir. 

Başının ayaqlarını işıqlı  yoldan azdırmasını istəməyən hər kəsin başına tac etdikləri ilə ayağındakı toz olanları düzgün seçə bilməsi diləyi ilə.

 

“Ədəbiyyat və incəsənət”

(31.10.2023)