Gülümsə, ən yaxşı və bahalı aksesuar elə gülümsəməkdir… Featured

Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”

 

Bilirsən, bu həyat bir yoldu, enişli-yoxuşlu, sağlı sollu, dolanbacları onsuz da yetəri qədərdir...

Hər döngədə biri ilə qarşılaşırıq, amma bu, “sənə qismət olaraq”, “Allah sənə göndərdi” deyə yox, sadəcə, hər ikiniz eyni yolda olduğunuz üçün və ya yollarınız müəyyən nöqtədə kəsişdiyi üçün bu belədir...

Bu riyazi nöqtə deyil, bu fiziki maddi nöqtə də deyil...

 

Həmin yollarda yıxılsaq ağlamağa gərək yoxdu, inan ki, səsimizi elə özümüzdən başqa eşidib bizi qaldırmaq üçün tələsən biri olmayacaq, yalnız bizimlə eyni yolda addımlayıb bizi anlayan  birilərindən başqa...

Ona görə hər yıxılanda gözləmə ki, kimsə səni gəlib qaldırsın. Lap köməyə gələn olsa belə, sən də o əlini uzadana kimi, onun uzanmış əlinə ayağa durmaq üçün yox, qalxıb ayağa məğrur mübarizlik salamı verəsən deyə əl uzadasan. 

Yoxsa nə bilmək olar ki, həmin şəxsin uzatdığı əl bizi növbəti dəfə yıxmaq üçün uzadılmayıb...

 

Sözümü cümləmi çox uzadıb səni, sizi yormaq istəmirəm ...

Dediyim odur ki, hər zaman düşdüyün vəziyyət nə olursa olsun, yaxşı fikirləşib addım atasan, heç zaman ruhdan düşməyəsən, yalnız irəli, irəli və yalnız irəli !!!

Amma, unutmayasan ki, atdığın hər irəli addımı eyni anda geriyə atdığın bir addımdı...

Ölümə doğru addımladığın, lakin xatirələrdə, düşüncələrdə irəli atdığın olaraq qalacaq bir addım...

Ola bilsin, bu irəlilik yolunda ən doğma, yaxın saydığın adamlar səninlə olmayıb, səni yarı yolda qoyacaqlar...

Amma sən də onların niyə belə etdiklərini sorğulayıb vaxtını qətiyyən itirmə...

Qarşında bir məqsəd olsun həmişə, irəli, heç nəyə də üzülmə. Əgər ki, getdiyin yolda insan fitnəsi ilə qarşılaşsan bax buna qətiyyən təəccüb etmə...

Hər zaman özün ol, bir müddət səni tərifləyib, "səndən yaxşısı yoxdur, sən yaxşı insansan, yaxşı ki varsan" deyənlərə bir də  onların istəklərinə uyğun olmayan, öz şəxsi qərarlarınla və "yox" seçimlərinlə cavab verməyə çalış...

Bir də, elə yoxla, gör ki, özün olduğun zaman həqiqətən qarşındakı insan üçün yaxşı ki varsan, ya yox deyə...

Hər zaman gülümsə, içindən gülümsəmək keçməsə belə...

Heç zaman günəşli havada ağlama, heç bunu ağlına belə gətirmə...

Ağlamaq üçün yağışlı havanı seç, qoy göz yaşlarını ağlayan buludlar ört-basdır etməyə çalışsın...

Gülümsə, gülümsə, ən yaxşı və bahalı aksesuar elə gülümsəməkdir, təbəssümdür...

Bunu qətiyyən unutma...

 

“Ədəbiyyat və incəsənət”

(30.10.2023)