BİR MƏKTƏBLİ, BİR DİREKTOR layihəsində 39 nömrəli məktəbin son şagirdi Featured

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

 

 

Bakı şəhəri, Nərimanov rayonunda yerləşən 39 nömrəli məktəbin son - 4 cü şagirdini sizə təqdim edəcəyik. Öncə isə, ənənə üzrə direktoru təqdim edirik. 

 

DİREKTOR

Milli Qəhrəman Şahlar Şükürovun  bacısı- Tahirə Şükürovadır məktəbin direktoru. O, 09.09.1961-ci ildə Kəlbəcər rayonunun Zülfüqarlı kəndində anadan olub. 01.09.1984-cü ildə Zülfüqarlı kənd orta məktəbində İngilis dili müəllimi və direktor müavini işləyib. 1993-cu ildən Kəlbəcər rayonu 17 nömrəli məktəbdə direktor müavini, 1996-cı ildən Bakı şəhəri 47 nömrəli məktəbdə İngilis dili müəllimi və direktor müavini kimi fəaliyyət göstərib. 2011-ci ildən isə 39 nömrəli məktəbdə direktor vəzifəsində çalışır. Tahirə Şükürova “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib.

Avropa Təbiət Elmləri Akademiyasının üzvüdür.

Daxili dünyasının zənginliyinə görə müəllim, şagird və valideynlərin rəğbətini  qazanıb.

 

ŞAGİRD

Mən - Hurimələk Musayeva Ruslan qızı, 2010 31 iyul  tarixində dünyaya göz açmışam. Nərimanov rayonu 39 nomrəli tam orta məktəbin 8 c sinif şagirdiyəm. Arzum uşaq stomatoloqu olmaqdır. Ədəbiyyatı da  çox sevirəm. "Makedoniyalı İskəndər", "Zaman maşını" və bir neçə  maraqlı kitablar oxumuşam. İlk yazım Qarabağa aid idi.

 

ESSE

 

“Qarabağ Azərbaycandır!”

 

Qarabağa gedirəm!

Bir əlimdə bayrağım bir, əlimdə silahım,

Dilimdə yurd nəğməsi!

Başım üstə Allahım.

O mənim qibləgahım, 

o mənim səcdəhagahım.

Çox uzaqdan gəlirəm 

çox uzağa gedirəm,

Qarabağa gedirəm!

 

Qarabağ haqqında esse yazanda duyğularım qarışmışdı.  Həm qürur, həm hüzn, həm fəxarət, həm sevinc duyurdum. Qarabağ öz zəngin tarixi ilə həmişə yaddaşlarda iz salacaqdır. O, həmişə bizimlə idi və heç vaxt da unudulmadı.  30 il onun həsrəti ilə yanıb-qovrulsaq da, igid oğullarımız və Ali Baş Komandan Cənab İlham Əliyevin güclü siyasəti nəticəsində biz öz əzəli torpaqlarımıza qovuşduq.

Bəli, itkisiz, ağrısız müharibə yoxdur, amma şəhidlərimizin qanı yerdə qalmadı. Qazilərimizin hünəri, ordumuzun gücü sayəsində düşməni susdura bildik. Ermənistan dünyada öz nüfuzunu itirdi. Bütün dünyaya sübut etdik ki, Qarabağ Azərbaycandır.

Qarabağın hər qarış torpağında şəhidlərimizin qanı var. Torpaq qanla yoğrulursa, Vətəndir-deyiblər. Bu torpağın hər qarışında  şəhidlərimizin gücü, hünəri hiss olunur. Onlar əsla ölmədi, əbədiyyata qovuşdular. Xalqının xoşbəxt gələcəyi naminə canını fəda edən qəhrəmanları Vətən unutmaz!

Zəngin tarixi olan Qarabağ həmişə yad ölkələri cəlb etmişdir.

Dünyanın ən qədim məskənlərindən olan Azıx mağarası da Qarabağdadır. Qarabağ atları, Qarabağ geyimləri, Qarabağ xalçası öz üslubu ilə həmişə seçilmişdir. 

Şuşa mədəniyyət və incəsənət beşiyimiz. Dahi Üzeyir Hacıbəylinin, xan qızı şair  Xurşudbanu Natəvanın Vətəni!

Qeyri-adi memarlıq üslubu ilə fərqlənən  Ağdamım. Ağdam öz nadir çörək muzeyi ilə məşhurlaşmışdır.

Laçın rayonunda yerləşən Ağoğlan monastrının da qədim tarixi vardır.

Araz çayı üzərində inşa edilmiş Xudafərin körpüsü hələ  öz möhtəşəmliyini qoruyur.

 Bizə bu sevinci yaşadan, Cənab İlham Əliyevə təşəkkürümüzü bildiririk. Bütün şəhidlərimizi anırıq, ruhları qarşısında baş əyirik.

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

 

“Ədəbiyyat və incəsənət”

(25.10.2023)