Siz qadınları kimdən, nədən qorumaq istəyirsiniz?!

Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

Sonra gəlib deyirlər ki, mən öz qadınıma bağlıyam, mənim vəzifəm onu qorumaqdır. Nazim Hikmətin bir sözü ağlıma gəldi, sizdən də soruşmaq istərdim, qadınları kimdən, nədən qorumaq istəyirsiniz? 

 

Qəlbinizdə təməli atılan o murdar niyyətlərdən öncə söz atmağa, sonra əməldə təcavüzə, daha sonra zorla özünü sevdirməyə və öldürməyəmi keçərək qoruyacaqsınız qadınlarınızı? Seçim azadlığı deyib bar-bar bağırandan sonra etdiyiniz barbarlığı demirəm hələ, qadının qəlbində sevgi yaranmayanda zorlamaqdırmı sizin sevginiz? Ya şiddət edib, qürurunu alçaldıb, qəlbini qırdıqdan sonra 2 kəlməyə,  3-5 zinət əşyasına satın almağa çalışmağınızdırmı sizin şiddətli sevginizin bariz nümunəsidir?

Mən qətiyyən feminist və ya feminizm tərəfdarı deyiləm, sadəcə ağız dolusu qadından danışanların, beyinlərinin, boş ürəklərinin nə qədər daş olduğunu ifadə etməyə çalışıram. Bir düşünsənə, sevirsən deyə çəpərlər hörüb, əngəllər qoyaraq sahiblənmək həqiqətən sevgidir? Sevdiyin xanımı işləməyə, qız övladını oxumağa qoymayanlar, sabah isə qızına və ya həyat yoldaşına bir həkim və ya başqa sahədən bir mütəxəsis lazım olanda qadın həkim, qadın işçi axtaranlardır. Onda belə çıxır ki, o, əxlaqsızlıq dediyi şeyləri yəni, oxumağı, təhsil almağı özünkünə ar bilir,  amma başqa bir xanıma ehtiyacı olanda onun "əxlaqsızlığı" vecinə olmur?

Nə vaxta kimi davam edəcək axı bu düşüncə tərzi? Nə vaxta kimi öz nəfsinə yiyə dura bilməyənlərə görə hansısa namuslu kişinin qızı, həyat yoldaşı küçədə yeriyəndə sözlü və əməlli təcavüzlərə məruz qalacaq?Nə vaxta kimi qətliamlara göz yumulacaq?Nə vaxta kimi Emine Bulutlar övladlarının gözü önündə öldürüləcək? Nə vaxta kimi təhsil almaq, işləmək, gəzintiyə çıxmaq, idman etmək, adicə küçədə bir ton yüksək səslə gülüb bir qarış qısa ətək geyinmək günah, "şiddətlə sevilmək", təcavüzə məruz qalanda-“Qızın gözü-başı qaynamasa söz atıb başına oyun açan olmaz" kimi ifadələr, intihar eləsə “pis olub” düşüncəsi, küçə ortasında döyülmək namusun ən əsas əməlləri kimi mübah olub, normal qarşılanacaq, hə?

Bunlar nə vaxta kimi olacaq, bilmirəm, amma, şüurumuzu formalaşdırmağın öz əlimizdə olduğunu yaxşı bilirəm. Çalışaq,  öncə manqurt beyinləri yuyub,    qəlibləşdirilmiş mental baxış bucağından qırağa çıxaraq gələcəkdə insan kimi yaşaya bilmək üçün Adəmi adam edən qadınları incitməyək.

 

“Ədəbiyyat və incəsənət”

(23.10.2023)