Güllü Eldar Tomarlıya ürəyimdən keçənlər...

“Ədəbiyyat və incəsənət” portalı Şəhla Qaraşqızı Ağdamlının milli-mənəvi dəyərlərimizin yorulmaz keşikçisi olan Güllü Eldar Tomarlıya həsr etdiyi məqaləsini təqdim edir. 

 

 

Ömrüm boyu xalqımın milli geyimlərinə, digər mənəvi dəyərlərinə xüsusi diqqətim, sevgim olub. Evimizdə Azərbaycan xanımının xanım-xatınlığının göstəricisi kəlağayıya sonra ehtiram bəslənilib, onu qorumuşuq. 

Anamı, daha sonra qaynanamı çox vaxt kəlağayıda görmüşəm. Bunu örnək kimi qəbul etmişəm. Özümün gəlinlik örpəyimi ən çətin günlərimdə qorumuşam. Bu örpək mənim xoşbəxt anlarımın şahididir. Ağdam rayonu işğal olunandan sonra el-obamızdan köçkün düşəndə birinci növbədə sandıqda saxladığım milli geyimlərimi götürdüm. Bunların içərisində, əlbəttə, anamın, qaynanamın kəlağayıları və gəlinlik üz örpəyim də vardı.

Bakıda çətin köçkünlük həyatı yaşayanda elə gözüm həmişə kəlağayılarda, milli geyimlərimdə idi. Onları səliqə-sahmanda saxlamaq üçün əlimdən gələni edirdim. Onlar mənim el-obamın yadigarlarıdır.

Günlərin bir günü toyda başı kəlağayılı bir xanım görəndə onu könlümə çox yaxın bildim. Nə qədər yaraşıqlı görünürdü. Bu yaraşıqda onun gözəlliyinə kəlağayı da gözəllik qatmışdı. Tez-tələsik ona yaxınlaşdım, tanış oldum. İlk görüşümüzdən söhbətimiz tutdu. Çünki bizi bir-birinə bağlayan tel vardı. Bu tel kəlağayıydı. 

Güllü xanım Eldar Tomarlı ilə 

tanışlığımızdan sonra tez-tez görüşürük, zəngləşirik. Hər dəfə də başında, yaxud çiynində müxtəlif rəngli və naxışlı kəlağay onu mənə daha yaxından bağlayır və sevdirir. Kəlağayıya ondakı sevginin səbəbini soruşdum. Nənəsinin ona vəsiyyətindən, onun bağışladığı noxudu kəlağayıdan, əvvəllər kəlağayının hansı məna daşıdığını bilməsə də, onun haqqında biliklər öyrənməsindən fəxrlə danışdı. 

Bildirdi ki, evində şəxsi "Kəlağayı Muzeyi" yaradıb. 150-dən çox kəlağayı var muzeyində. Əksəriyyətini kalağayının  dəyərini bilənlər təmənnasız hədiyyə edib. Şəxsi vəsaiti hesabına da xeyli kəlağayı alıb.

Bunları eşidəndə anamın, qaynanamın kəlağayılarını və özümün gəlinlik üz örtüyümü "Kəlağayı Muzeyi"nə hədiyyə  etməyi qərara aldım. İnandım ki, bunlar həmin muzeydə daha etibarlı qorunar. 

Daha sonra Ağdamın Bağman kəndindən Sona xanımın kəlağayısını da muzeyə verdim.

Güllü xanımın işini alqışlayıram, ona bu sahədə dəstək olmağa çalışıram. Müxtəlif yerlərdə, qohum-əqrəbanın evində, ərkim çatan xanımların sandığında kəlağayı görəndə onlara Güllü xanımdan, onun muzeyindən danışıram. Məsləhət görürəm, təklif edirəm ki, bu abır, həya, ismət, gözəllik, yaraşıq rəmzini sandıqda dustaq eləməyin.

Tez sual verirlər ki, bəs neyləyək? Sevinərək cavab verirəm ki, Güllü xanımın muzeyinə hədiyyə edin. Kəlağayıların ən etibarlı saxlama, qorunma yeri o muzeydi. Hətta bildirirəm ki, istəsəniz, sizi həmin muzeyə apararam. Görərsiniz ki, kəlağayılar oranı necə gözəlləşdirib.

Hara gedirəmsə, gözdə qulaqdayam. Gözlərim kəlağayı, şal, gözəl baş örpəkləri axtarır. 

Nə qədər ki, Güllü xanım kimi milli dəyərləri sevən, qoruyan insanlar var, kəlağayı əbədi yaşayacaq, xalqımızı tanıdacaq.

 

“Ədəbiyyat və incəsənət”

(12.10.2023)