“Cənnətin itirilmiş xəritəsi” - Bəli, insanlar ölür Featured

Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət" 

 

"Əgər səni bu gün son dəfə yatmış vəziyyətdə görsəydim səni bərk-bərk qucaqlayardım və Allaha sənin üçün dua edərdim. Əgər sənin son dəfə bu qapıdan çıxdığını görsəydim, sənə sarılardım, səni əzizləyərdim. Əgər son dəfə sənin səsini eşitsəydim, sonradan dəfələrlə eşitmək üçün səsini qeyd edərdim. Əgər səni son dəfə gördüyümü bilsəydim, laqeyd-laqeyd üzünə baxmaz, sənə  səni sevirəm deyərdim.

Hər zaman üçün bir sabah var və həyat bizə daha gözəl işlər görmək üçün fürsət verir. Əgər bugünkü fürsət əlimdəki son fürsətdirsə, sənə səni nə qədər sevdiyimi və səni heç vaxt unutmayacağımı söyləmək istərdim. Nə gənc üçün, nə də qoca üçün sabah olacağına təminat yoxdur. Bu gün sevdiklərini son dəfə görə bilərsən. Ona görə də çox gözləmə, işini bu gün gör. Əgər sabah bir daha gəlməsə, bir gülümsəmə, bir qucaqlaşma, bir öpüş üçün vaxt ayıra bilmədiyin və sevdiklərinin istəklərini yerinə yetirmədiyin üçün çox peşman olarsan. Sevdiklərinə yaxın ol. Onlara olan ehtiyacını etiraf et. Onlar üçün zaman ayır. Dostlarına onların sənin üçün nə qədər əhəmiyyətli olduqlarını göstər."

Qabriel Qarsia Markes - Son məktub 

 

Bəli, insanlar ölür... Bəzən öz əcəli ilə, bəzən intiharla, ani bir qəzayla, vaxtsız amansız bir xəstəliklə, bir cinayətə qurban getməklə, məişət zorakılığı zamanı qətlə yetirilməklə,  şəhidliklə. Düzdür şəhidlər ölmür.  

Bəlkə də, onların heç biri ölmür əslində, biz ölüm qoymuşuq bunun adını, ölüm deyil bu, amma nəticədə  aramızdan ayrılırlar. Bizdən ayrılıb cismən torpaqla qarışıb, ruhən yaradanla qovuşurlar. 

Yaşından aslı olmayaraq bir vaxtlar qarşınızda olan danışıb güldüyünüz insan bir gün gəlir, torpaq olur, geriyə yaşananlar, xatirələr qalır sadəcə. 

Şəkil qalır sadəcə, cansız, ruhsuz bir şəkil...

Bir kağız parçasında qalır insanın siması, bəzən bir video lentdə səsi qalır, gülüşü qalır. Hafizələrdə davranışları, sözləri, telefonlarda yazmış olduğu mesajları, sosial şəbəkələrdə  profilləri, oradakı paylaşımları qalır.

Ətrafınızdakı insanları qırmayın, çünki insanlar da kəpənəklər kimidirlər əslində. Məsəl var bir kəpənəyin qəlbini qırdığınızda sabah üzr istəməkçün onu tapmaya bilərsiz.

Demirəm hər deyilənə boyun əyin, nahaq da olsa qəbul edin, ədalətsizliyə boyun əyin, demirəm sizi qırmalarına icazə verin, xeyr, əlbətdə ki xeyr. 

Hər zaman ədalətli olun, haqqı, haqlını müdafiə edin, xarakterinizə uyğun davranın,  amma çalışın insanlarla hər zaman elə rəftar edin ki, bir gün geriyə baxanda o rəftarınızdan utanmayasız, peşman olmayasız. Özünüz üçün edin bunu. Çünki vicdanın yükü çox ağır olur.  

Məhəmməd peyğəmbərin çox gözəl bir sözü var deyir ki:

* "Bir-birinizin qədrini bilin, çünki bir-birinizdən zamansız və qəfil ayrılacaqsız '* 

və deyir ki: 

"Sevdiklərinizi bir gün onları incitmək üçün belə tapmaya bilərsiniz."

Bəli, necə deyərlər itirə-itirə gedirik hamımız ölümə tərəf, amma sadəcə sevdiklərimizi deyil ümidləri, arzuları, zamanımızı, gəncliyimizi, sağlamlığımızı, hər şeyi itiririk. 

Hər şey dünyada qalacaq, yenə necə deyərlər kəfənin onsuz da cibi yoxdur, sadəcə günah və savablarımızı apararıq özümüzlə. 

İnsanlar şəkil olur soyuq çərçivələrdə, divarlarda və ya bir albomun səhifələrində,  soyuq bir məzar daşında. Bir gün hamımız şəkil olarıq. 

Şəkil çox gözəldir əslində xatirələri yaşadır, unutmamağımıza kömək edir. Bəzən köhnə albomun səhifələrində rastına çıxan bir şəkildən unudulub, tozlanmış bir xatirə boylanır bizə. 

Yəqin ki, buna görə çox zaman insanlar gözəl günlərdə həmişə şəkil çəkdirirlər və o gündən bir xatirə qalsın istəyirlər. 

Amma deyirlər həm də çox insafsız bir şeydir şəkil, çünki bəzən bəlkə bir ömür boyu bir də yan-yana gələ  bilməyəcəyin bir insanla bir ömür boyu eyni şəkildə yan-yana  qalırsan. 

İnsanları sevdiklərindən ayırmayın, onsuz da zamanla ölüm ayırır. Ölüm olmasa belə həyat da bu məsafələr ayırır, tale ayırır, insanlar ayırır. Sevdiklərinizə, övladlarınıza lazımsız qadağalar qoymayın, icazə verin hər şeyi qədərində yaşasınlar. 

Demirəm, ağıllarına gələn hər şeyi etməyə icazə verin, pis işlər görməsinə, pis yollara düşməsinə, əlbəttə ki yox, qadağa deyəndə artıq qadağaları nəzərdə tuturam. 

Lazımsız qadağalar qoymayın, buraxın bəzən səhvlər də etsinlər, olsun, çünki insan yaşamadan öyrənmir, icazə verin bəzən yıxılsın, dizləri qanasın, adam yıxıla-yıxıla böyüyər də, əsas odur ki, yıxılanda qaldırmaq üçün həmişə yanında olun. Qorxduqları deyil, hörmət edib, sonsuz güvəndikləri olun övladlarınızın. Əgər önlərində duracaqsızsa bu sadəcə iki səbəbdən ötrü olsun, ya qorumaq, ya da yol açmaq üçün...

Günümüzdə gənclərin, ən çox da qızların qarşısına qoyulan ən lazımsız qadağa da ali təhsildən, özünü inkişafdan məhrum edilməkdir.

Qarşılarına məhrumedici maneələr qoymaqdansa dəstək olun onlara, çətinliklərlə qarşılaşdıqları zaman çiyinlərinə toxunub onlara güc verə biləcək, inam yarada biləcək, sən bacararsan deyən doğma bir əl olun.

İnsan təkbaşına dağ olmur, amma arxasında dağ kimi dayanmış birinin varlığını hiss edərsə dağdan da böyük olur onun inamı.

Təhsil olmasa cəmiyyət necə inkişaf edə bilər ki? Oxumağa həvəsi olan, savadlı, istedadlı qızını ali təhsildən, özünü inkişafdan yayındıran bir valideyn bəlkə bununla cəmiyyəti gələcəyin savadlı bir alimindən, vəkilindən, həkimindən, bəlkə cəmiyyətin bugünkü vəziyyətini yaxşıya doğru dəyişə biləcək bir maarifçidən, yazıçıdan, millət vəkilindən, liderdən məhrum edir.

Fiziki cəhətdən ölüm olmasa belə, insanlar ruhən də ölür, unutmayın. Bəzən yaşayır sandığınız insanlar da içdən ölür. İnsanların ruhunun qatili olmayın. İnsanlar şüşə kimidirlər, onların cavan, qoca , güclü, zəif olmaqlarına, möhkəmliyinə, kimsənin zahirinə aldanmayın. Hər an qırılıb param-parça ola bilərlər. 

Migel de Servantes demişkən:

"Qadın zərif şüşə kimidir. Onun möhkəmliyini yoxlamağa çalışmayın, hər an qırıla bilər."

Bütün insanlar belədir əslində və ən çox da qadınlar. 

Termos necə sınır bilirsiz də hər halda. Bəzən sözlər, davranışlar bərpası olmayacaq fəsadlar törədə bilər. Ən azından çalışın bu şüşə sizin əlinizdə sınmasın. Ən azından xatirələrdə gözəl qalın. 

İnsanların həyatında gözəlliklərə səbəb olun, əgər bunu  bacarmırsızsa ən azı fəsadlar da  törətməyin.  Bacarsanız, bir insana yaşama səbəbi olun, amma əsla insanların dünyadan küsmə səbəbi olmayın... 

 

"Bəzən həyatın iki dəqiqəlik üzr istəyəcək vaxtı belə insanlara çox gördüyünü anlat. Onlara ölümün saatı olmadığını xatırlat."

(Mirəsgər Muradlı - “Ölümdən sorakı şizofreniya”)

 

“Ədəbiyyat və incəsənət”

(10.10.2023)