Düşüncələr çox olanda... Featured

 

Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”

 

Müşahidələr və onun davamında düşünmələr nədənsə insanı yorur. Bəlkə də bu tək məndə belədi, bilmirəm. Bu ruhsal yorğunluğa səbəb problemlərdən qaçmaq, nəyin nə olduğunu ayırd etməyə zaman yetməzliyi, ya da tənbəllik və ya istəmsizlikdən irəli gəlir. Bəlkə hər qarşımıza çıxan problemlərdə onu anındaca həll etmək əvəzinə arxaya atıb qalaqlaşdırıb, sonra gözümüzdə böyüdüb həll edilməz kimi göstəririk...

Hansı ki, zamanında hər birinə sərf edilən qısa zamanda həll etmək mümkün idi. Bax elə buna görə də ortada "boş verlər", "əşilər","heçnə olmazlar", "inşallahlar" yaranıb qalır...

Bilirsiniz buna səbəb nədir, bütün bu ortada qalanlara, onların yaranmasına ?!

Beyində bir cavabın olmaması, konkretliyin, əminliyin, şübhənin, müəmmalığın olmasıdı...

Digər bir tərəfdənsə qolları çirmələyib bu işə əl bulamaq istəyinin olmamasıdı. Bax elə buna görədir ki, həyatımızın hər küncündə defektliklər özünü göstərməkdədir. 

Qarşıya çıxan problemlərdə, yaranan düyünlərdə    düyünü açmağa səy göstərmək əvəzinə, problemin həll yolunu tapmaq yerinə  yola verməyi üstün tuturuq...

Daim dünyada gedən proseslər inkişaf edərək təkmilləşir, qloballaşır, hər bir resurs özü özlüyündə yuvarlanaraq dağdan aşıb zamanla böyüyən qar topuna çevrilir....

Hər şeyin zaman keçdikcə daha yaxşı yan aldığı, insan, insanlıq daha da zirvələşir deyilir, insanlar problemdən uzaq, əmin amanlıqda yaşayırlar...

Amma, mən sizi əmin edirəm ki, hər ötən saatda, gündə insan qəlbində yaşam, narahatlıq xofu, güvən şübhəsi cücərməkdə olan bir toxum kimi boy atmağa davam edir. Bu gün keçmiş daha güvənli idi, nəinki indiki zaman və gələcək...

Düşünün insan zəkasının təkmilləşməsini hansı ki, bu təkmilləşmə artıq özü kimilər nəslinin əsasını qoya bilməyi bacarıb...

Amma, nədənsə bu təkmilləşmə qəliblərə çox təəssüf ki, təsir edə bilmir. İbtidai dövrdə olan qorunma mexanizmi, ərazi istilası hərisliyinə qədər bir narkomanın narkotik istəyi qədər genişlənib içdə yuva, məskən salaraq indiyə qədər gəlib çıxıb. Baxmayaraq ki, dil canın, insanın, sülhün daha qiymətli olmasını söyləsə də, lakin əməl bunun yalnız dilin yuxuya getmək üçün söylədiyi nağıldan başqa bir şey olmadığına inanmağa vadar edir...

Ölkələrdəki qırğınlar, hər gün insan qanına susamış yeni silahların istehsalı içdəki hərislikdən, beynin bir tərəfinin barbarlıq və quduzluqdan ibarət olduğuna inamı daha da gücləndirir...

İçdəki hakimiyyətə hərislik istəyi, eynən fantastik filmlərdəki kimi dünyaya hökmranlıq yolunda ətrafda xoşbəxt yaşam arzusu ilə olanların da istəyinin üzərindən tədricən və ya məcburən xətt çəkilməsinə şərait yaradır...

Rəngarəng yaşam istəyində olanların həyatından rənglər oğurlanır, onların yerinə isə məcburi öhdəliklər palitrasının rəngləri meydana çıxmağa başlayırlar, yalnız qırmızı və onun digər çalarları...

Hər bir işdə ilklər və ya uyğunlaşma çox böyük önəm daşıyır. İlk sevgilidən tutmuş, ilk iş yerinə, ilk problemə qədər. Zaman keçdikcə bu konsepsiya dəyişilməyə, təkmilləşməyə  və ondan sonra mutasiyaya uğrayaraq istifadə edilməyə, idarəçilik və asılılığa qədər gəlib çıxmağa başlayır. Məs; sevginin qədim dövrlərində sevən tərəf üçün saniyələr saatlara bərabər bir zaman sayılır, göyərçinlər, çaparlar, məktublar, qəlbdən süzülən xoş niyyətli sözlər və ən əsas məsələ isə saflığı ilə seçilirdisə, ən müasir formada bu məsələ artıq təkmilləşmədən keçib iyrəncləşməyə doğru addım atıb və atmaqdadır. İndi klaviatura da hazır, standart mesajlar, qız tutma texnikalarına qədər inkişaf yolları, şantaj metodları artıq ürək bulandırıcı vəziyyətə qədər gəlib çıxıb. Qədim dövrün Məcnunu müasir dövrün "Qaqa"sına çevrilib...

Bir tərəfdən də mənəvi boşluqların, psixoloji travmaların çoxluğu və bunlarla vəhdət təşkil edən reallıq rinqdə küncə sıxılmış boksçunun aldığı zərbələri xatırladır....

Məktəb vaxtı və ya uşaqlıq dönəmində yetərincə diqqət yetirməzliyi, düzgün qayğının, emosional sevginin olmaması və daim kütlə içərisində qeyri asılı səbəblərdən dolayı pərt olmaq gələcək fərd yetişməsində çox mühüm rol oynayır. Zaman keçdikcə də pilləli boşluqların olması daxili aləmdə daim bir fırtınanın olmasına şərait yaradır. Düşünün yad bir ölkədə və ya evdən çox uzaqlarda tələbəsiniz və məzun olduğunuz anda ətrafda valideynlər, qohumlar əlində gül çiçək dəstəsi ilə öz övladlarını, yaxınlarını təbrik edir. Sizinsə təbrik edəcək şəxsiniz yoxdu və sadəcə ətrafı seyr etməklə keçinirsiniz. 

Yaxud hərbi and içmə zamanı yüzlərlə valideyn, qohum əhatəsində gözlərin tanış bir sima axtarışına çıxıb amma heç kəsi tapmaması içdəki hisslərin bir vulkan lavası ilə yanıb külə dönməsi qədər amansız təsir bağışlayır. Sonrada küləyin təsirilə küllər sovrulur və beləliklə növbəti hadisələrdə məcburi soyuqqanlılıq və yaxud hissiyatsızlıq yaranır, beləliklə də ətraf səni kobud, odun kimi qələmə verməyə başlayır. Amma, içindəki lavadan qətiyyən xəbəri belə olmur, yalnız qınamaq işi ilə məşğul olur. Həm axı biz qınamağı yaxşı bacarırıq. 

Bax elə buna görə mən klassikaya, retroya  daha çox vurğun oluram.  

İnsanlar olaraq hər küncdə xaos yaşayırıq. İşimiz, həyatımız xaos və xaos. Övlad dünyaya gələrkən hər kəs onun Vətənə, ailəyə layiqli olmasını istəyir, amma heç kəs valideyinin xeyirli olmasını istəmir və anlamırlar ki, əgər valideyn xeyirli olsa övladın xeyirli olması qaçılmazdır. Ümumiyyətlə, əgər dünyaya uşaq gətirəcəksinizsə bunu şüurlu şəkildə, hər şeyi düşünüb edin. Faydalı bir şəxs, həqiqətən yetişdirə biləcəyiniz bir fərd kimi gətirin. Həyat bəxş etmək adına gətirin, daha məhkum kimi yox...

Artıq problemlər o qədərdi ki, 8 saatlıq iş prosesi heçnə halına gəlib, əsas iş sanki ondan sonra başlayır...

Düşüncələr, fikirlər bitmir ki, bitmir. Amma, mən bu dəfəlik bitirirəm...

İnsanlar adi olduqlarını unutmasınlar, heç kəs qeyri-adi deyil. Amma, qeyri-adi görünməyə çalışırlar. Bunun üçün qolbağı, boyunbağı, talisman, döymələr, tatularla elə bir görünüş yaratmaq istəyirlər. Hər kəsin bir şeyə ümid bəsləməsi kimi...

Düzü bilmirəm kimi qınayım, öz oxu ətrafında fırlanan planetimi yoxsa həmin planetdə öz oxundan çıxıb biri birini fırladan insanlarımı ?!

 

“Ədəbiyyat və incəsənət”

(29.09.2023)