“Məni fəsilsiz sevərsənmi?” -ESSE Featured

Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”

 

 

 

Sevmək... 

Sevəndə necə sevir insanlar? 

Necə sevirsən sən? 

Bilmək istəyirəm, əgər məni sevsən necə sevəcəksən?

Bilmək istəyirəm, sən bu dünyanın hansı romanının aşiqisən?

Məni fəsilsiz sevərsənmi? Yağış altında kapşonumu keçirib günahkartək başıaşağı gəzərkən, ya da yaz gələndə baxçalardan lalə, çobanyastığı toplayarkən. Məni yayın ən qızmar ayında çiyələkli dondurma axtararkən sevərsənmi biraz? 

Sənin yanında ağlayanda, ən çox səninlə güləndə qəlbində saxlayarsanmı? 

Bəzən heç sevmədiyin musiqiləri birlikdə  dinləyək deyə səninlə dalaşanda, ya da sənin sevdiyin o filmə baxmaq istəməyəndə...

Məsələn, ən çətin anlarını görəndə sənə qaçarkən, amma özüm çətinə düşəndə səndən qaçışlarımı görə-görə gələrsənmi ardımca? 

Məni bir az həssas anlarımda, həyatımda səndən başqa kimsəm yoxmuştək sənə bağlananda, tək sənə sarılanda, bezmədən, usanmadan, sadəcə mən varmışam kimi sevərsənmi? 

Qış-yay demədən ruhumu isidərsənmi istəsəm? 

Mən sevərəm səni. Qışında da, yazında da. Sevərəm, ayrılarkən gözlərində gördüyüm o vecsiz baxışınla da. Bir az qırğın, bir az  uşaqca davranışlarınla da.

Əslində səbəb axtarmadan, "rəğmən" sevərəm səni. Hər şeyə rəğmən, hər kəsə rəğmən...

Səni sevsəm, şərtsiz sevərəm mən. Heç nə  istəmədən, heç nə gözləmədən. 

Sevsəm, zamansız sevərəm mən, gələcəyi düşünmədən, keçmişə baxmadan. 

Və səni sevsəm... Gün gələndə, sən məni sevəndə, mən hələ də səni sevsəm, üzmədən sevəcəyəm səni. İllərdir bu anı gözlədiyimi unutmadan, sanki Məcnunmuş kimi. Sanki Fərhadmış, Sanki Əsliymiş kimi. Sanki heç kiminkinə bənzəməyən ən mükəmməl sevgi mənimmiş kimi.

Sən məni sevdiyin gün mən də səni sevə bilsəm... 

Hər xatirənlə, hər xatirinlə sevərəm səni... Günü bu gün də sevdiyim kimi.

 

“Ədəbiyyat və incəsənət”

(26.09.2023)