“Cənnətin itirilmiş xəritəsi" silsiləsindən: “Cənnətin axtarışında" Featured

Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət" 

 

Axtarış, bəli, doğru kəlmə budur. İnsan övladı var oluşdan yox oluşa, doğulandan ölənədək daim nəyinsə axtarışındadır.

Kimi xoşbəxtlik, hüzur, kimi sevgi, qayğı axtarışında. Kimi övlad kimi valideyn, kimi şöhrət, kimi şan, kimi sərvət axtarışında. Kimi haqqın, kimi ədalətin, kimi qüdrətin axtarışında. Kimi rahatlığın, kimi konfortun, kimi şəfanın axtarışında.

 

Fəqət hər bir ömür bu axtarışlara yetəcək qədər uzun olmur, bəzi insanlar bir ömür heç nəyi axtardıqlarını da bilmir.

Bəlkə də cənnətdən qovulmuş Adəm övladı elə itirdiyi cənnətin axtarışındadır bir ömür?

Kimə nəsib, kimə qismət deyirlər. Cənnətə nəsiblənmiş neçə insan cəhənnəmə qismət olur, kim bilir?

Bir az düşünmək lazım, bəlkə də, cənnətə gedən yolun xəritəsini itirib və azıb insan oğlu bu axtarışda?

Bir müsahibəsində Qaraqan reportyorun xoşbəxt olmaq üçün nə lazımdır? sualına: "Xoşbəxt olmaq lazımdırmı?"-, deyə suala sualla çox gözəl və anlamlı bir cavab verir. 

Xoşbəxt olmağın nə dərəcədə lazım olduğu bir az xoşbəxtliyin nələrdə görüldüyündə gizlidir əslində.

İnsanlar və insan həyatları müxtəlif olduğu kimi, onların dünyagörüşü və düşüncələri də fərqli-fərqlidir. Buna müvafiq olaraq xoşbəxtlik məhfumu da, insana, zamana, ehtiyaca görə daima dəyişir.

Kimi xoşbəxtliyi özünün və sevdiklərinin sağlamlığında görərkən, kimi xoşbəxtliyi sevilməkdə, kimi qarşılıqlı sevgidə görür. Kimi xoşbəxtliyi sevdiyi işlə məşğul olmaqda, kimi anasının bircə gülüşündə, kimi gəzib-görməkdə görür. Kimi üçün xoşbəxtlik sadəcə anlıq bir hiss, kimi üçün xoşbəxtlik qəlb rahatlığı, vicdan, baş rahatlığıdır.

Kiminə görə xoşbəxtlik zamanla dəyişir, onu xəstə olanda sağlamlıqda, maddi ehtiyacı zəif olanda pulda, övladı olmayanda övladda, məhbus olanda azadlıqda görür.

Kimi düşünür ki, sağlam ruh, sağlam bədən olarsa insan hər şeyin öhdəsindən gələr. Kimi də düşünür ki, heç kimi dinləmədən öz xəyallarının arxasınca gedən insanlar daha xoşbəxtdir.

Və beləcə xoşbəxt olmaq nə dərəcədə lazımdır sualına qayıtsaq. Bir insan üçün əgər xoşbəxtlik sağlamlıqdırsa və ya xəstəliyindən sağalıb şəfa tapmaqdırsa, məncə, xoşbəxt olmaq lazımdır. Bir insan üçün əgər xoşbəxtlik olduğu kimi qəbul edilib sevilməkdirsə, məncə, xoşbəxt olmaq lazımdır. Bir insan üçün əgər xoşbəxtlik kiminsə əziyyətinə, zülmünə, tənəsinə, haqsızlığına məruz qalmadan, qorxu içində deyil də rahat nəfəs alaraq yaşamaqdırsa, məncə, xoşbəxt olmaq lazımdır.

İstər valideyni olsun, istər olmasın, əgər bir uşaq üçün xoşbəxt olmaq valdeyn sevgisi, valideyn qayğısı, nəvazişidirsə, məncə, xoşbəxt olmaq lazımdır. 

Əgər Afrikadakı bir uşaq üçün xoşbəxt olmaq mədə toxluğudursa, bir parça quru çörək, bir qurtum sudursa, məncə, xoşbəxt olmaq lazımdır. Əgər Suriyada, Fələstində, Ukraynada, Türkiyədə, Azərbaycanda, dünyanın harasında olursa olsun fərqi yoxdur, əgər körpə bir uşaq, nigaran narahat bir ana qəlbi üçün xoşbəxt olmaq müharibələrin bitməyidirsə, məncə, xoşbəxt olmaq lazımdır.

Bəzən xoşbəxt olmaq və xoşbəxt etmək bir xoş söz, bir təbəssüm, bir pişiyin başını sığallamaq, bir uşağı güldürmək kimi çox kiçik, çox xırda şeylərdə gizli olur, fəqət, təəssüf ki, çox zaman insan bunu həm özündən, həm də bir başqasından əsirgəyir.

İnsan övladı əzəldən əlində olanın nankoru və laqeydi, əlində olmayanın intizarı, həsrəti olmuşdur hər zaman. 

Və bir ömür xoşbəxtlik üçün çalışıb onu əldə etdikdəysə, bəzən bu xoşbəxtlik onun üçün adiləşmiş, mənasızlaşmışdır.

Bu da xoşbəxtliyin bəzən anlıq ola bilməsi fikrində öz əksini tapır.

Və nəticə olaraq görürük ki, xoşbəxtlik nisbi bir anlayışdır, bəzən bir insan üçün xoşbəxtlik, başqa birinin sahib olub qədrini bilmədiyidir. Bəzən insanın adi sayıb əlinin tərsi ilə itələdiyi imkanlar, başqa birisi üçün əlçatmaz bir xoşbəxtlik, əlçatmaz bir arzudur.

Bəzən xoşbəxtlik ovcumuzun içindədir, bizsə bunun fərqində deyilik. İnsan əlində olduqlarıyla da, özü özü ilə də xoşbəxt olmağı bacarmalıdır.

Elə buna görə də nə qədər ki, gec deyil çalışın hər zanan əlinizdə olanın qədrini vaxtında biləsiniz ki, sabah onu itirib sonra xoşbəxtlik deyə onun arzusuna düşməyəsiz.

Bəli, əziz oxucu, sadəcə xoşbəxtliyi axtarmaq, sadəcə, xoşbəxt olmaq deyil, əlindəki xoşbəxtliyin fərqinə varıb onun qədrini də bilmək lazımdır.

 

“Ədəbiyyat və incəsənət”

(26.09.2023)