“Mənə həyatından bir parça ver” - ESSE Featured

Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

 

Hər şey, əslində, bir balaca hüceyrədən başlayır. İnsan olmaq uğrunda atılan ilk addım məhz ilk hüceyrədən başlayır. Sonra ana bətnində 9 aylıq qət edilən yolda hissə-hissə orqanlar formalaşır. Nəfəs alacaq ağ ciyər, süzülmə aparatı böyrəklər, təmizləyici funksiyalı bağırsaq, dalaq, öd kisəsi, mədə və ən əsas iki orqan. Ürək və beyin: həyata  atılandan bəri bir-biri ilə ahəngdar olan mehriban düşmənlər.

Nəhayət dünyaya gələn bəşər övladı yeməyi, gəzməyi, danışmağı öyrənir. Zaman keçir, özünü idarə etməyə, həyata təkbaşına tutunmağa, canını qorumağa çalışır. Aydındır ki, hər kəsin özünəməxsus öncəlikləri var. Amma hər kəs üçün ilk sıralarda onun sağlamlığı gəlir. Bəzilərimiz üçün isə sağlam yaşam bir az möcüzə olur. Kimiləri yaşlılıq çağına çatarkən, kimiləri  xəstəhal orqanlarının ağrısından günbəgün qocalır. Neyləyək, Allah hərəni bir cür yaradıb. Burada bizim edəcəyimiz nə var ki?

Çox şey var əslində. Sənin ürəyin, ciyərin, gözlərin, qan hüceyrələrin var. Və sən başqa birinə həyat ola bilərsən. Ona bəxş etdiyin donor sayəsində artıq onun da həyata tutunacaq ümidləri, xəyalları, gələcəyi ola biləcək. Hər il milyonlarla insan donor olaraq milyonlarla insan üçün həyat eşqi olur. Unutma, canından bir parça vermək səni həyatda bomboş qoymazkən, başqalarının canına can qata, gələcəyinə ümid ola bilərsən.

Mənə həyatından bir parça ver!

 

“Ədəbiyyat və incəsənət”

(25.09.2023)