Vicdanı şöhrətindən üstün olanlar Featured

Rate this item
(6 votes)

Həvva Cəbrayılova, “Ədəbiyyat və incəsənət” üçün

 

Düşünürəm ki, bu həyatda hər şeyin iki üzü var. Hər ikisi də bir-birindən əks qütbdə dayanır. Əks qütblərin bir-birini cəzb etməsi elmdə də öz əksini tapıb. Yaxşılıq varsa, pislik onu özünə cəzb etməlidir, ya da əksinə. 

Ətrafımızda olan insanlar da belədir. Vicdanı şöhrətindən üstün olanlar və şöhrəti vicdanından üstün olan insanlar. Birinci xüsusiyyətə malik olan insanlar nə qədər yaxşı olsalar da, cəmiyyətdəki mövqeləri nədənsə pis dəyərləndirilir. Hər zaman qəlblərinin səsinə qulaq asıb yaxşılıq edirlər ki, axşam yastığa başlarını qoyarkən vicdanları rahat olsun. Ancaq vicdanları rahat olsa da, ruhları dünyadan ayrı düşür.

İkinci xüsusiyyətə sahib olanlar isə vicdanları arxa planda olduğu kimi pislikləri də arxa planda işləyir. Niyə belə olmalıdır? Nə üçün? İnsanları belə olmağa vadar edən səbəb nədir? Məncə, bu sualların tək cavabı var. O da azad olmama qorxusudur. Onlar üçün önəmli olan öz yersiz egoları ilə hər şeyi əldə edib olmayan vicdanları ilə "mən buyam" deyə bilmələridir və belə olanda da onlar azad olduqlarını düşünürlər. Ancaq biləklərindəki zəncirin ağırlığından xəbərləri yoxdur. Çünki onlar üçün "azad olma" egosu önəmli olsa da, zəncirlərinə ağırlıq verən yalanların, böhtanların, duyğusuzluqların fərqində deyillər. Bəlkə də fərqində olduqları zamanlar olub, ancaq daxildən gəlməyən bir hiss bir müddətdən sonra yox olur və əsl ruh halın yenə də öz işiylə məşğul olur.

 

“Ədəbiyyat və incəsənət”

(15.09.2013)