Mərakeş qəzeti oxucularına Azərbaycan kulinariyası haqqında məlumat verib

Rate this item
(0 votes)

Mərakeşin “l'Opinion” fransızdilli qəzetində Azərbaycan kulinariyasına həsr olunmuş məqalə dərc olunub. “Azərbaycan kulinariyası” layihəsinin rəhbəri Hüsniyyə Səmədova qəzetə müsahibəsində Azərbaycan mətbəxinin zənginliyindən, təamlarının yüksək dad keyfiyyətlərindən və ölkəmizin qonaqpərvərliyindən söhbət açıb. 

 

AzərTAC xəbər verir ki, nəşrin jurnalistləri Azərbaycan mətbəxinin populyarlığının sirləri ilə maraqlanıblar. 

“Azərbaycan mətbəxi azərbaycanlıların – Cənubi Qafqazın yerli xalqının yaşadığı şəraitin təsiri altında yüz illər ərzində formalaşıb. Xeyli sayda şirin su hövzələri və əlbəttə ki, Xəzər dənizi bu regionda heyvandarlığın və əkinçiliyin inkişafı üçün çox gözəl şərait yaradıb. Bu səbəbdən təəccüblü deyil ki, Azərbaycan mətbəxində ətdən, balıqdan, tərəvəzdən, yarmadan, göyərtidən geniş istifadə olunur. Azərbaycan əsrlər boyu Böyük İpək yolu marşrutunda Şərq və Qərbi birləşdirən ən mühüm məntəqə olub. Dünyanın hər bir yerindən karvanlar buraya nəfis ədviyyatlar, ipək və digər məhsullar gətiriblər. Bundan başqa, Azərbaycanda ta qədimdən zəfəran yetişdirilib. Yeməklərə xüsusi dad verən zəfəranın və digər ədviyyatların geniş işlənməsi də buradan qaynaqlanır. Onu da demək yerinə düşər ki, azərbaycanlılar müsəlman xalqı olaraq, islamın qaydalarına uyğun qida qadağalarına riayət edirlər.

Azərbaycan milli kulinariyası dünyanın ən yaxşı mətbəxləri sırasında layiqli yer tutur. Üzüm yarpaqları və ətdən hazırlanan dolma, küftə-bozbaş, düşbərə, tava kababı, döyülmüş qoyun əti və quyruq qatılmış lülə-kabab və s. kimi təkrarsız Azərbaycan təamlarını xüsusi qeyd etmək olar”, - deyə H.Səmədova qeyd edib. 

Müxbirin Mərakeş və Azərbaycan mətbəxlərinin oxşarlığı barədə sualını cavablandıran layihə rəhbəri vurğulayıb ki, həqiqətən, Azərbaycanda da Mərakeşdə olduğu kimi ət yeməklərini, düyünü, pörtülmüş tərəvəzləri xoşlayır, zəfəran, sarıkök, keşniş toxumu, nanə və digər şərq ədviyyatlarından bolluca istifadə edirlər. Nanəni Azərbaycanda eynilə Mərakeşdəki kimi adlandırırlar, onu təkcə çaya deyil, şorbaya və ət xörəklərinə də əlavə edirlər. Sarıkökün tozunu isə əksər hallarda qoyun, mal, toyuq ətlərindən olan xörəklərə həm dadına, həm də rənginə görə qatırlar. 

“Azərbaycan xalqında qonaqpərvərlik ənənələri çox parlaqdır. Bir süfrəyə oturmaq insanları, ailələri, doğmaları yaxınlaşdırır və birləşdirir. Hər bir qonağı hər şeydən əvvəl ləzzətli təamlarla yaxşıca doyuzdururlar”, - deyə materialda vurğulanır. 

Qeyd edək ki, “Azərbaycan kulinariyası” adlı layihə 2010-cu ildə dövriyyəyə buraxılıb və o vaxtdan artıq 10 dildə nəşr olunub. Kitab Azərbaycan milli mətbəxini tanıtdırmaq məqsədi daşıyır. “Azərbaycan kulinariyası” kitabında Azərbaycan mətbəxinin daha tanınmış təamlarının hazırlanması reseptləri anlaşıqlı şəkildə izah edilir. Reseptləri müşayiət edən çoxsaylı eksklüziv rəngarəng şəkillər Azərbaycan təamlarının tərtibatının gözəlliyi barədə təsəvvür yaratmaq, həm də onların hazırlanma prosesini asanlaşdırmaq imkanı verir.

 

“Ədəbiyyat və incəsənət”

(18.08.2023)