Milli kulinarların Avropada qalib gələn menyularının təqdimatı olub

Rate this item
(0 votes)

 

Martın 10-da Azərbaycan kulinarlarına “Avropa Qran Prisi 2023: Qlobal Aşpazlar Müsabiqəsi”ndə qələbə gətirən bürünc menyuların təqdimatı keçirilib.

“Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir ki, tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədrinin müavini Azadə Hüseynova bu qələbə münasibətilə Milli Kulinariya komandasının üzvlərini təbrik edib, onlara gələn il Sinqapurda keçiriləcək “Dünya aşpazlarının konqresi 2024” finalında uğurlar arzulayıb.

O, Azərbaycanın qastronomiya ölkəsi kimi tanınması üçün böyük potensiala malik olduğunu bildirərək Agentliyin bu sahənin inkişafına daim dəstək göstərməyə hazır olduğunu bildirib.

Daha sonra Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Azərbaycan Milli Kulinariya komandasının məşqçiləri Orxan Muxtarov və Chong Heng Ho, komandanın kapitanı Sərxan Məmmədov, Baş aşpaz Nicat Babayev, Baş qənnadçı Gülnar Rəsulova və gənc qənnadçı Zinyət Axundova, gənc aşpazlar Emil Zeynalzadə, Abdulla Abdullayev və Leyla Vəliyevanı fəxri fərmanla təltif edib. “Qlobal usta aşpazlar müsabiqəsi”, “Qlobal gənc aşpaz”, “Qlobal şirniyyat hazırlanması üzrə aşpaz” və “Qlobal veqan aşpaz” kateqoriyaları üzrə Azərbaycan Milli Kulinariya komandasına İtaliyanın Rimini şəhərində keçirilən müsabiqədə qələbə qazandıran menyular milli təamlarımızın dünya standartlarına uyğunlaşdırılması nəticəsində hazırlanıb.

Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə yeni formalaşdırılmış Azərbaycan Milli Kulinariya komandası ilk dəfə nüfuzlu Qlobal Aşpazlar Müsabiqəsinə qatılıb və uğurlu nəticə göstərərək dörd bürünc medal qazanıb. 

Tədbirin sonunda azərbaycanlı aşpazları Avropada qələbə qazandıran menyunun dequstasiyası keçirilib.

 

“Ədəbiyyat və incəsənət”

(10.03.2023)