Gəlin “sağlam qidalanma” sözünə etinasız yanaşmayaq

Rate this item
(0 votes)

Necə deyərlər, hər şey mətbəxdən başlayır. Və “Ədəbiyyat və incəsənət”in eksperti də mətbəxinizə daxil olub yağlı-piyli, bol kalorili qidaları zibil qabına tullamaq fikrində israrlıdır. 

 

Artıq çəkidən əziyyət çəkənlər ölkəmizdə kifayət qədər çoxdur. Sovetlər dövründən qat-qat çox. Çünki indi biz fəst-fud mədəniyyətinə çox dərindən yiyələnmişik. Həmin kompleksdən azad olmaq üçün idmanı seçənlər də, ac qalmağa üstünlük verənlər də var. Mütəxəssislər isə deyirlər ki, formada qalmaq 70 faiz qidalanma, 30 faiz fiziki aktivliklə bağlıdır. Nə yalnız idman etməklə, nə də yalnız qidalanmağa fikir verməklə istənilən nəticəni əldə etmək olmaz. Ona görə də onların hər ikisinə eyni vaxtda əməl etmək lazımdır.

Yaxşı nəticə əldə etmək üçün bir qayda olaraq məşqdən əvvəl qidalanmaq düzgün sayılmır, çünki idman hərəkətləri zamanı əzələlər işlək vəziyyətdə olduğu zaman mədə qidanı həzm etməyə çalışır, həmçinin əzələlərdə daha çox qan axını olur ki, bu da həzm sistemi üçün zəruri qan miqdarının axınının qarşısını alır. Odur ki, məşqdən 1-4 saat əvvəl qidalanmaq məsləhət görülür. Məşqdən əvvəl giləmeyvəli yoğurt, yaxud süddə hazırlanmış və giləmeyvəli yulaf sıyığı, alma, bir qədər qoz, üzüm, banan və digər qida məhsullarının istehlakı tövsiyə olunur.

Məsələn, Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisi Aynur Həsənova deyir ki, “Məşqdən sonra qidalanma rejimi daha əhəmiyyətli hesab olunur, çünki məşq prosesində əzələlərdə olan qlükogen və amin turşulardan ibarət olan əsas enerji mənbəyinin əhəmiyyətli hissəsi tükənir, əzələ liflərinin dartılması baş verir və bunun nəticəsində iltihabi proseslər də gedə bilir. Ona görə də məşqdən sonra 1 saat müddətində zülal və karbohidrat ehtiva edən qida məhsullarının qəbul edilməsi həm qlükogen deposunu doldurur, həm əzələ zəifliyini aradan qaldırır, həm də əzələ kütləsini bərpa edir”.

Onu da qeyd edək ki, idmanla məşğul olan və qidalanmasına diqqət edənlərin yağlı və qızardılmış yeməklər - şokolad, lifli tərəvəzlər, yağlı ət, şirin və yağlı yoqurtlar, lif və yağ turşuları ilə zəngin kətan toxumu, fastfud, enerji içkiləri və qazlı içkilər qəbul etməsi məsləhət görülmür.

Sonda bir şeyi də qeyd edək: Tamah insanın ən zərərli xüsusiyyətidir. 

 

“Ədəbiyyat və incəsənət”

(02.03.2023)