Beynəlxalq Gənc Aşpaz Olimpiadasının azərbaycanlı qalibi təltif olunub

Rate this item
(0 votes)

Dövlət Turizm Agentliyinin dəstəyi ilə yaradılan Azərbaycan Aşpazlar Milli Komandasının üzvü Emil Zeynalzadə dünyanın ən nüfuzlu kulinariya yarışmalarından biri sayılan 9-cu Beynəlxalq Gənc Aşpaz Olimpiadasının (Young Chef Olympiad - YCO) qalibi olub və ötən gün mükafatlandırma mərasimi keçirilib. Bu barədə Dövlət Turizm Agentliyinin yaydığı məlumatda deyilir. 

 

Hindistanın Kəlkütə şəhərində keçirilən bağlanış mərasimində Azərbaycan təmsilçisinə qızıl kubok və pul mükafatı təqdim olunub.

“CASA” Kulinariya Mərkəzinin məzunu olan Emil Zeynalzadənin qatıldığı olimpiadada dünyanın 53 ölkəsindən olan iştirakçılar “Dünyanın ən yaxşı gənc aşpazı” adı uğrunda yarışıblar.

Müsabiqənin finalına Azərbaycanla yanaşı, İngiltərə, Fransa, Hindistan, Malayziya, Hollandiya, Yeni Zelandiya, Sinqapur, Tailand və ABŞ-dan aşpazlar vəsiqə qazanıblar.

Müsabiqədə ikinci yerə Tailand, üçüncü yerə isə Hindistan nümayəndəsi layiq görülüb.

Qeyd edək ki, Dövlət Turizm Agentliyi milli mətbəx nümunələrimizin təbliği, Azərbaycanın qastronomiya destinasiyası kimi tanıdılması, kulinarların təhsil səviyyəsinin yüksəldilməsi istiqamətində işləri davam etdirməkdədir. 

Ötən il DTA-nın dəstəyi ilə beynəlxalq standartlar əsasında aşpazlardan ibarət yeni milli komanda yaradılıb.

 

“Ədəbiyyat və incəsənət”

(10.02.2023)