“İrəvan mətbəxindən nümunələr” layihəsində - Qırxbuğum küküsü

Rate this item
(0 votes)

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Qırxbuğum küküsünün  hazırlanması qaydasını şərh edəcəyik. 

 

Qırxbuğum küküsü

 

ƏRZAQLAR:

Qırxbuğum – 100 qr

Sarımsaq (və ya göy sarımsaq) – 5 qr

Yumurta – 40 qr

Kərə yağı – 30 qr

Un – 10 qr

Qatıq – 15 qr

Sarıkök – 0,1 qr

Zəncəfil – 1 qr

Duz – 4 qr

İstiot – 0,05 qr

Xörək əlavəsi:

sarımsaq – 2 qr, qatıq – 50 qr

 

HAZIRLANMASI:

Göyərti doğranır və dərin qaba yığılır. Üzərinə yumurta, xırda doğranmış sarımsaq, qatıq, un, duz, istiot, ədvalar əlavə olunur və yaxşıca qarışdırılır. 

Tavada yağ qızdırılır. Qarışıq tavaya əlavə olunur və bərabər yayılır. Bir az saxlanır və sobaya qoyulur. Bişmə müddəti 200°C-də 20-25 dəqiqə təşkil edir. 

Hazır olduqda təxminən 3 dəqiqə saxlanır və soyudulur. Taxtanın üzərinə yığılır, pay və ya bütöv doğranmış şəkildə süfrəyə verilir. Yanında qatıq və ya sarımsaqlı qatıq verilir.

 

QEYD: 

Qırxbuğum dağ tərəsidir. Həmçinin acı pencər, çobanyastığı, quşəppəyi, pərpətöyün, qızılbaldır, ciriş, gəlinbarmağı, qızılot, salmanca, yemlik dağ-meşə tərələri sayılır. Bu bitkilərdən müxtəlif növ kükülər, yeməklər, salatlar, kətələr və s. yeməklər hazırlamaq olar

Nuş olsun! 

 

“Ədəbiyyat və incəsənət”

(30.01.2024)