Gran-pri uğrunda 11 film yarışacaq

Rate this item
(0 votes)

VI “Animafilm” Beynəlxalq Animasiya Festivalına filmlərin qəbulu başa çatıb

 

Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı ilə sentyabrın 6-dan 10-dək VI “Animafilm” Beynəlxalq Animasiya Festivalı keçiriləcək. 

Festivalın təşkilat komitəsinin açıqlamasına görə, animasiya filmləri FilmFreeway platforması vasitəsilə qəbul edilib. Müraciətlərin zamanı artıq bitib. Əsərlər yerli və beynəlxalq kateqoriyalar üzrə qəbul olunub.

 

“Ədəbiyyat və incəsənət” portalı Festivalın saytına istinadən Qran-pri uğrunda yarışacaq filmləri təqdim edir:

“Çaça” (Çin), “Hidari” (Yaponiya), “Şəfəq saçan səma altında” (Kanada), “Fizika” (Çin), “Sevgi şarları” (İsveçrə), “27” (Fransa), “Bapbalaca adam” (Fransa), “Gecə” (İtaliya), “Yengəc” (Estoniya), “Eeva”  (Polşa), “Müharibənin sonu” (Çin)

 

Qaliblər üçün aşağıda qeyd edilən mükafatlar nəzərdə tutulur:

• Yerli müsabiqənin “Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” kateqoriyası üzrə mükafatı – 500 ABŞ dolları və 2024-cü ildə Annecy Beynəlxalq Animasiya Film Festivalına (Fransa) səyahət.

• Beynəlxalq müsabiqənin “Ən yaxşı qısametrajlı animasiya filmi - GRAND PRIX” kateqoriyası üzrə mükafatı – 1000 ABŞ dolları.

• Beynəlxalq müsabiqənin “Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” kateqoriyası üzrə mükafatı – 500 ABŞ dolları.

• Tamaşaçı rəğbəti mükafatı.

• Tərəfdaşların xüsusi mükafatları.

Müsabiqənin şərtlərinə əsasən, filmlər 2020-ci il yanvarın 1-dən sonra çəkilmiş olmalıdır. Filmin 50 faizindən çoxu animasiya olmalıdır. Filmdə istifadə edilən animasiya texnikalarına məhdudiyyət qoyulmur. İştirakçı (rejissor, prodüser və ya digər səlahiyyətli şəxs) film üzərində hüququ olmasını və onun festivalda nümayişinə səlahiyyətli olduğunu bəyan etməlidir.

 

“Animafilm” Azərbaycanın ilk və tək animasiya festivalıdır. 2018-ci ildən başlayaraq təşkil olunan festival uşaq və gəncləri, animasiya rejissorlarını və studiyaları bir araya gətirərək onları beynəlxalq təcrübə ilə tanış edir, peşəkar yerli və xarici animasiya ustaları ilə görüşdürür, yüzlərlə animasiya filmləri nümayiş etdirir, ustad dərsləri, konfranslar, konsertlər, tamaşalar və sərgilər keçirir.

 

“Ədəbiyyat və incəsənət”

(24.07.2023)