Rejissor Oqtay Əliyevin ilk doğum günü onsuz keçdi

Rate this item
(0 votes)

Mina Rəşid, “Ədəbiyyat və incəsənət”

 

Ötən gün televiziya prodüseri, rejissor, Əməkdar mədəniyyət işçisi Oqtay Vidadi oğlu Əliyevin doğum günü idi. O, 1968-ci il iyunun 19-da qədim Azərbaycan şəhəri olan İrəvanda doğulub. 1975-1985-ci illərdə İrəvan şəhərində M.F. Axundov adına orta məktəbi bitirib. 1987-1992-ci illər Azərbaycan Dövlət İncəsənət İnstitutunun "kino və dram rejissoru" fakultəsində təhsil alıb.

1983-1985-ci illərdə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında rejissor köməkçisi işləyib. 1989-1994-cü illərdə Bakı şəhər Mədəniyyət idarəsində rejissor vəzifəsində çalışıb. 1993-cü ildə Azərbaycan televiziyasında "Virtuoz" adlı layihənin prodüseri olub.

1990-cı ildə "Ər və arvad" (Mar Bayciyev), "Molla Nəsrəddin və Əzrayıl", "Gəlin, açıq danışaq, lap açıq", "Əkizlərin nağılı" (Panço Pançiyev) pyeslərinin və bir sıra əlamətdar bayram proqramlarının quruluşçu rejissoru olub və ssenarilərini yazıb. 1995-ci ildə A.P. Çexovun "Məmurun ölümü" əsəri əsasında çəkilmiş "Kiçik leytenant" filminin baş prodüseri olub. 1997-ci ildə Space tv-də yayımlanan "Korifey", "Həftə çal-çağırı", "İşdən sonra" verlişlərinin müəllifi və baş prodüseri olub.

1998-ci il oktyabr ayının 5-dən "SOY" production şirkətinin təsisçisi və prezidenti idi. "Ən yaxşı ssenariyə görə" I Audiovizual festival, Bakı- 2001, "Ən yaxşı animasiya işinə görə" III Beynəlxalq Audiovizual festival Bakı- 2003 mükafatlarını qazanıb.

Tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyev bu il martın 22-də Abşeron rayonunda yol-nəqliyyat hadisəsi zamanı faciəli şəkildə dünyasını dəyişib. 

Allah rəhmət eləsin.

 

“Ədəbiyyat və incəsənət”

(20.06.2023)