Naibə Allahverdiyeva: “Həyat yoldaşım səhnəni atmağımı istədi, razı olmadım, ayrıldıq” Featured

Rate this item
(0 votes)

Bəzən jurnalist müsahibindən söz ala bilmir. Necə edəsən ki, müsahibin danışsın? “Ədəbiyyat və incəsənət” portalı tanınmış tənqidçi Əsəd Cahangirlə “Ustad dərsləri” rubrikasını təqdim edir. Burada Əsəd Cahangirin müxtəlif illərdə götürdüyü ən maraqlı müsahibələr tarixi ardıcıllıqla təqdim olunur. Naibə Allahverdiyeva ilə müsahibə 02.05.1998 tarixində götürülüb.

 

HƏM GÜLDÜRƏN, HƏM AĞLADAN AKTRİSA

Neçə illərdir ki, səhnədə olmasına baxmayaraq, Naibə Allahverdiyevanın özünəməxsus istedadı rejissor Şərif Qurbanəliyevin quruluş verdiyi “Yarımştat” tamaşasında açıldı. Naibə xanım bu tamaşadakı Tomka obrazına istər səhnə, istərsə də həyatda böyük mənəvi ağrılar, iztirablardan keçib gəlmişdi. Azərbaycan aktyor sənətinə yeni bir nəfəs gətirməyə qadir olan Naibənin həyatı sənət aləmindəki ədalətsizlik və etinasızlığa, sosial mühitdəki əxlaqi-mənəvi eybəcərliklərə qarşı bir ittihamnamədir.

 

-         Naibə xanım, uşaqlıq illərinizi necə xatırlayırsınız?

-         Tiflisdə doğulmuşam. Anam həddindən artıq gözəl qadın idi. Hətta bir dəfə həyətdə su götürəndə bir oğlan təəccüblə deyib ki, Leyla Bədirbəyli burada nə edir? Gözəlliyinə görə bir gürcü rejissoru onu filmə çəkmək istəyirmiş, babam razı olmayıb. Heç bilmirəm necə olub ki, belə gözəlin bəxti gətirməyib. Atam anamı qoyub bir tatar, özü də şikəst qadına uydu. Amma o indiyə qədər də atamı sevir. Lakin Allah da gözəl Allahdır. O tatar qadının oğlu öldü, onun da iki nəvəsi yetim böyüməli oldu. Gərək həyatda heç kəsə pislik eləməyəsən.

-         Sizə çoxmu pislik ediblər?

-         Ən böyük pisliyi sənətə gələndən sonra görmüşəm. Gənc tamaşaçılar Teatrına təzə gəlmişdim. “Veçer” idi. Paltarımı dəyişib səhnəyə çıxmaq istəyirdim. Amma heç kəs məni öz qrim otağına buraxmaq istəmirdi. Lətifə Əliyeva koridorda durduğumu görüb, öz qrim otağına dəvət etdi. Paltarımı onun otağında dəyişdim. Lətifə xanımla bir otaqda qrimlənən aktrisalardan biri əvvəlcə mənim ayaqqabı və paltarlarımı bayıra atdı, sonra isə bu nəcib xanımın üstünə qışqıraraq “Sən özünə hörmət qoymursan, qoyma, amma biz özümüzə hörmət edirik! Hər yoldan ötənin bizim otaqda nə ölümü var?!” dedi. Gözlərim dolmuşdu. Hönkürüb ağlamaq istəyirdim.

-         Əlinizə bir güllə verib sizə pislik edən adamlardan birini o dünyaya göndərmək səlahiyyəti versələr, ən əvvəl kim yadınıza düşər?

-         Mənə bir adam pislik etməyib, çox olublar. Amma mən yenə bağışlayardım, əlimi qana batırmazdım. Mənə bütün pislik edənlərin cəzasını Allaha tapşırıram.

-         Səhnədəki ilk uğurunuz yəqin ki bu ağrı-acıları yuyub aparar.

-         Bu uğuru qazanmaq üçün mən illərlə gözləməli olmuşam.  Ömrümün ən yaxşı illəri bu üzüntü içində keçib. Bir dəfə rejissorlardan birindən xahiş etdim ki, mənə bir rol ver. Dedi ki, mən risk edib sənə rol verə bilmərəm. Bir dəfə də teatrın işçilərindən biri üzümə qayıtdı ki, nə vaxta qədər ac pişik ətə baxan kimi səhnəyə baxacaqsan? Düz iki il rolsuz gəzdim.

-         Nəhayət, ilk rolu sizə verməyə kim cəsarət etdi?

-         Ağaxan Salmanov. “O da mənəm, bu da mənəm” tamaşasında o məni Kübra Dadaşovaya dublyor verdi, məni premyeraya saldı. Dublyorum Kübra xanımdan mən heç bir pislik görməmişəm. Tamaşadan sonra gəldi məni təbrik etdi.

-         Rolunuzun adı nə idi?

-         Yadımda deyil, adlar yadımda qalmır.

-         Təkcə pislikləri yadda saxlayırsınız?

-         Arada Naxçıvan teatrında işləyəndə oranın kollektivindən çox böyük yaxşılıqlar gördüm. Mən orada qərib idim, köməksiz idim. Rafael Dadaşovun anası Sofa xanım da orada işləyir. Mən oradan qayıdanda Sofa xanım ağladı. Məni buraxmaq istəmirdilər, deyirdilər ki, sənin kimi aktrisaya bizim ehtiyacımız var.

-         “Yarımştat” tamaşasında televizora çıxana qədər nə işlə məşğul oldunuz?

-         Heç nəylə... İstəyirdim evim olsun, onu bəzəyim.

-         “Yarımştat”a dəvət almağınız necə oldu?

-         “Yarımştat”ın rejissoru Şərif Qurbanəliyev mənim tələbə yoldaşım olub. Həmişə deyirdi ki, o vaxtdan yadımdasan, səninlə bir tamaşa hazırlamaq istəyirəm. Afaq Bəşirqızı, Yaşar Nuri, Arif Quliyev kimi gülüş ustaları ilə bir tamaşada oynamaq həm çox çətin idi, həm də şərəfli.

-         “Xoş gəlmisiniz” proqramına dəvət almağınızda bu tamaşanın rolu olubmu?

-         Məni Tomka rolunda görən televiziya rejissoru Solmaz Həmzəyeva çox bəyənmişdi. Dedi ki, səni “Xoş gəlmisiniz” proqramına dəvət etmək istəyirəm və dəvət etdi. Sağ olsun Solmaz xanımı, bu veriliş məni bütün xalqa tanıtdırdı. On il idi ki, teatrda çalışırdım, heç kəs bilmirdi ki, belə bir aktrisa var.

-         Hazırda nə üzərində işləyirsiniz?

-         Artıq neçə ildir ki, türk yazıçısı Suat Dərvişin “Fosforlu Cevriyyə” romanı əsasında eyniadlı filmə baş rola çəkilmişəm. Amma çəkiliş o qədər uzandı ki, axırda əsəblərim korlandı, hətta xəstəxanaya da düşdüm. Məndə hər şeyə qarşı qəribə bir qorxu yaranmışdı. İki dəfə intihar etmək istədim. Hiss edirdim ki, ürəyimdə kin, nifrət yığılıb. Çünki ömrüm boyu mənə edilən pislikləri içimdə boğmuşdum. Sonra bir hind ekstarensinin yanına getdim. Dedi ki, İlahi, sən həyatda nə qədər əzab çəkmisən! Amma pisliyə pisliklə cavab verməmisən. Kini, nifrəti özündən çıxarmaq üçün pisliklə cavab verməyi bacar.

-         Bunu bacardınız?

-         Yox, əksinə, bu sözlərdən sonra daxilimdəki iblislə döyüşdüm və ona qalib gəldim.

-         Cevriyyə obrazı ilə tamaşaçılara nə demək istəyirsiniz?

-         Mən Suat Dərvişin romanını hələ tələbəlik illərindən oxumuşdum. O vaxt bu əsəri yaxşı başa düşməmişdim. Uşaqlıqdan yetimçiliklə böyüsəm də, hələ həyatın insanı necə çirkablara sala biləəcyini dərk etmirdim. Sonra həyatın dəhşətli üzünü  gördüm, dost xəyanəti gördüm, Cevriyyəni başa düşdüm və sevdim. Küçədə böyüsə də, cismən pozulsa da, Cevriyyə mənən safdır. Bu rolumla mən insanlara, xüsusən də, kişilərə demək istəmişəm ki, qadınları sevin, qadın anadır, bacıdır, sevgilidir, övladdır. Onları çirkaba salmayın, mərdi qova-qova namərd etməyin. Ən pozğun küçə qızı belə, əsil kişi olan yerdə bir ocağa hərarət gətirər. Amma bu filmin də taleyi Cevriyyənin taleyinə bənzəyir. Üç ildir ki, çəkilib qurtarsa da, hələ də ekrana çıxmayıb.

-         Oynadığı obrazın taleyini həyatda yaşamaq aktrisa üçün vacidbirmi?

-         Aktrisa səhnədə, ekranda yaşamalıdır. Obrazı həyatda yaşamaq vacib deyil.

-         Ailə həyatınız barədə nə deyə bilərsiniz?

-         Ailəni institutu qurtaranda qurmuşdum. Həyat yoldaşım yaxın qohumum idi. O, səhnəni atıb, Gürcüstana qayıtmağımı istədi. Razı olmadım. Ayrılmalı olduq. Ailə həyatımdan mənə yadıgar qalan qızım Məryəm oldu.

-         Kişilərin acığına kişi rolu oynamaq istərdinizmi?

-         Mən komik bir kişi obrazı yaradardım. Qəzetlər yazır ki, guya mənim kişilərdən zəhləm gedir. Mən əsil kişini Babək kimi təsəvvür edirəm. Qadınlara hörmət edən kişiləri xoşlayıram. Axı, bütün bəşəriyyət ana bətnindən başlayır. İndi əsil kişilər azaldığından qadınlar kişiləşib. Əgər qadın özü çirkab içində olsa, onun böyütdüyü övlad da çirkaba düşəcək. Beləliklə, cəmiyyət çirkaba bulaşacaq.

-         Arzuladığınız adama rast gəlmisinizmi?

-         O mənim xəyallarımda olan ağ atlı şahzadədir.

-         Tәsәvvür edin ki, seһrli xalçaya minib başqa planetә gedirsiniz. Sizә özünüzlə yalnız bir şey götürmәyә icazә verirlәr. Nәyi seçәrdiniz?

-         Qızım Məryəmi

 

 “Ədəbiyyat və incəsənət”

(19.06.2023)