Tanınmış aktyor Ağaxan Salmanlının 70 illiyidir

 

Ağaxan Əli oğlu Salmanlı 1941-ci il oktyabr ayının 29-da Suraxanıda anadan olub. Orta məktəbi qurtardıqdan sonra bir müddət Suraxanı fəhlə gənclər dram dərnəyində təhsil alıb, 1959-1960-cı illərdə Filarmoniyanın nəzdindəki kukla teatrı truppasında aktyor işləyib. 1960-cı ildə M.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə qəbul olub, Rza Təhmasibin kursunda təhsil alıb. 1964-cü ildə universiteti bitirdikdən sonra təyinatı Gənc Tamaşaçılar Teatrına verilib. Peşəkar səhnə fəaliyyətində onlarca bir-birindən gözəl, yaddaqalan obrazlar yaradıb o. Nə qədər pyesi də tamaşaya hazırlayıb.

 

Ağaxan Salmanlı düz 22 filmdə çəkilib, onun “Axırıncı aşırım”,“Arxadan vurulan zərbə”, “İstintaq davam edir” filmlərində yaratdığı obrazlar unudularmı, unudulmaz. Xüsusən SSRİ məkanında bir kinobum yaratmış “Qorxma, mən səninləyəm” filmində çəkilməsi aktyora böyük şöhrət gətirmişdi.

 

Aktyor 1979-cu ildə Azərbaycan Respublikasının “Əməkdar artisti”, 2006-cı ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb. 2005-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının “Qızıl Dərviş” mükafatı ilə təltif olunub, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub. Ağaxan Salmanlı 2020-ci il fevral ayının 29-da vəfat edib, Suraxanı qəbristanlığında dəfn edilib. Ruhu şad olsun!