Kukla teatrları Bakıda bir araya gələcək

Rate this item
(0 votes)

Azərbaycan Dövlət Kukla Teatrı Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar silsilə tədbir və layihələr həyata keçirir. Layihələrdən biri də iyunun 13-17-nə nəzərdə tutulan “Kukla teatrları həftəsi”dir. Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşacaq tədbirin təşkilində məqsəd ölkədə fəaliyyət göstərən kukla teatrlarının yaradıcılıq əlaqələrini daha da genişləndirmək, təcrübə mübadiləsinə nail olmaq, qarşılıqlı səfərlərin yeni mərhələsinə keçmək və bölgə teatrlarının yaradıcılıq imkanlarını paytaxt teatrsevərlərinə təqdim etməkdir.

 

Bu barədə Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmova məlumat verib. 

Onun sözlərinə görə, tamaşa həftəsində nümayişlər Azərbaycan Dövlət Kukla Teatrında olacaq və səhnə nümunələrini bütün teatrsevərlər üçün əlçatan etmək üçün “açıq qapı” aksiyası keçiriləcək: “Teatr bayramında ölkənin mədəniyyət, incəsənət nümayəndələri, teatrşünaslar, yazıçı-dramaturqlar, uşaq ədəbiyyatı ilə məşğul olan müəlliflər, sənət təhsilli müəssisələrin nümayəndələri də təmsil olunacaqlar. Teatrsevərlər tamaşa nümayişləri ilə yanaşı, müasir uşaq ədəbiyyatı, kukla teatrları və onun çağdaş inkişaf tendensiyaları, eləcə də teatr-tamaşaçı əlaqələri ilə bağlı müxtəlif formatlı müzakirələrdə də iştirak imkanı qazanacaqlar. Sənət görüşünə uzun fasilədən sonra Naxçıvan Dövlət Kukla Teatrı da qatılacaq. İyunun 13-də təntənəli açılış mərasimindən sonra müəyyən olunmuş qrafik üzrə ev sahibi sənət ocağı ilə yanaşı, Naxçıvan, Gəncə, Salyan və Qax Dövlət Kukla teatrları repertuarlarındakı fərqli səhnə işlərini təqdim edəcəklər. Sonda iştirakçılara təşkilatçı teatr adından xatirə hədiyyələri və sertifikatlar təqdim olunacaq”.

 

“Ədəbiyyat və incəsənət”

(23.05.2023)