Kannda Türkiyə rüzgarı

Rate this item
(0 votes)

76-cı Kann Film Festivalı davam edir. Bu xəbərimiz Türkiyə kinosunu və türkləri sevənlər üçün lap göydəndüşmə olacaq. Türkiyənin məşhur və dahi kinorejissoru, “Bir dəfə Anadoluda” filmi ilə məşhurlaşmış Nuri Bilge Ceylanın “Quru otlar üstündə” ekran əsərinin premyerası Kann Film Festivalında kinosevərlər tərəfindən ayaq üstə alqışlarla qarşılanıb. 

 

Türkiyənin “Anadolu” agentliyi xəbər verir ki, TRT telekanalı və “ARTE France” yayım şirkətinin birgə istehsalı olan film Türkiyənin ən böyük şəhəri olan İstanbuldan əyalət kəndinə təyin olunmuş müəllimin həyatından bəhs edir. Kinorejissor Parisdə keçirdiyi mətbuat konfransında bildirib ki, bu ekran əsərinin lentə alınması koronavirus pandemiyası ilə eyni vaxta təsadüf edib və yaradıcı heyət bir çox çətinliklərlə üzləşib. Onun sözlərinə görə, filmin çəkildiyi Ərzurum vilayətinin Karayazı kəndindən başqa, bir sıra kadrlar yaxınlıqdakı yaşayış məntəqələrində də lentə alınıb. 

Personajlarla bağlı suala cavab verən türkiyəli kinorejissor deyib: “Bütün personajlarımın keçirdiyi hissləri özüm də yaşamışam. Bəzən insanlar mənim filmlərimdəki personajları “mənfi qəhrəman” kimi görürlər. Bu, əslində, sizin şəxsən sahib ola biləcəyiniz baxış prizmasından asılıdır. Mən filmlərdə hər birimizin yaşaya biləcəyi çox adi hisslərdən danışıram. Əslində, əgər həyatda bədbəxtsənsə, hər zaman başqa yerdə xoşbəxt ola biləcəyini düşünürsən. Hətta İstanbuldakı insanlar başqa yerdə daha xoşbəxt ola biləcəyini düşünürlər. Lakin unutmaq olmaz ki, insanın bədbəxt olması yaşadığı yerlə deyil, onun özünü dünyada yad hesab etməsi ilə əlaqədardır. O, harada olursa-olsun, xoşbəxtliyi tapa bilməyəcək”. 

Qeyd edək ki, mayın 27-dək davam edəcək 76-cı Kann Film Festivalında nüfuzlu "Qızıl Palma budağı" mükafatına namizəd olmaq üçün cəmi 19 film seçilib.

Əsərlərində tez-tez böyük ekranda zəhmətkeş sadə insanların həyatını əks etdirən məşhur türk rejissoru Yılmaz Güney 1982-ci ildə “Yol” filmi ilə ilk “Qızıl Palma budağı”nı Türkiyəyə gətirib. 2014-cü ildə Nuri Bilge Ceylan “Qış yuxusu” filminə görə ən yüksək mükafatı qazanıb. 2009-cu ildə isə o, müsabiqənin əsas münsiflər heyətinə seçilib.

Filmləri festivalda nümayiş etdiriləcək rejissorlar arasında Böyük Britaniyadan Ken Loç, ABŞ-dən Ues Anderson, Fransadan Ketrin Breillat, Almaniyadan Vim Venders, Yaponiyadan Kore-eda Hirokazu və Finlandiyadan Aki Kaurismaki kimi tanınmış kinematoqrafçılar da var.

 

“Ədəbiyyat və incəsənət”

(23.05.2023)