“Göstərir Bakı!” kəlmələrini ilk dəfə səsləndirən Nəcibə Məlikovanın 100 illiyi

Rate this item
(0 votes)

 

Sizdən soruşsalar ki, Azərbaycanda televiziya fəaliyyətə başlayanda ilk olaraq tamaşaçılar hansı simanı görüblər, onda nə cavabı verərsiniz? Nəcibə Haşım qızı Məlikova 1921-ci il oktyabr ayının 25-də Bakının Buzovna kəndində anadan olub. Uşaqlıqda həkim olmaq istəsə də dayısı Ruhulla Axundovun “xalq düşməni” elan edilməsi səbəbindən çox qapılar üzünə bağlanıb. Qadağa yalnız aktyorluq sənətinə aid edilmədiyindən 1940-cı ildə Bakı Teatr Texnikumuna daxil olub, xalq artisti Fatma Qədrinin sinfində dərs alıb. 1943-cü ildə oranı bitirib, Gəncə Dövlət Dram Teatrında bir qədər işləyəndən sonra Bakıya qayıdaraq Azərbaycan Dövlət Teatr İnstitutunda da təhsil alıb. Nəcibə Məlikova klassik və çağdaş Azərbaycan dramaturqlarının, dünya ədiblərinin dram əsərlərində və bir qədər də komediyalarda müxtəlif rollar oynayıb. “Şeyx Sənan”da Xumar, “Səyavuş”da Firəngiz, “Pəri cadu” da Şamama, “Sevil”də Edilya, “Vaqif”də Xuraman, “Əliqulu evlə­nir”də Yasəmən kimi yaddaqalan obrazlar yaradıb. Nəcibə xanım teatrla yanaşı kinoda da uğurlu rollar yaradıb, onların arasında “Ögey ana”da Dilarə, “Aygün”də Aygün, “Arşın mal alan”da Cahan xala, “Əhməd haradadır?”da Nərgiz xala rollarının ifası aktrisanın yaradıcılıq nailiyyətləri kimi dəyərləndirilir.

 

Nəcibə Məlikovanın adını tarixə yazan daha bir fakt var. 14 fevral 1956-cı ildə Bakı televiziya studiyası fəaliyyət göstərməyə başlayanda ilk veriliş günü ekranda Nəcibə Məlikova görünüb, çıxışını “Göstərir Bakı!” kəlməsi ilə başlayan aktrisa tamaşaçıları televiziyanın fəaliyyətə başlaması münasibətilə təbrik edib. İstedadlı aktrisa 10 iyun 1959-cu ildə Azərbaycan Respublikasının “Əməkdar artist”, 1 iyun 1974-cü ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb.

 

Nəcibə Məlikova 27 iyul 1992-ci ildə Bakıda vəfat edib, II Fəxri Xiyabanda dəfn olunub. Ruhu şad olsun.