Ötən gün Xalq artisti Arif Quliyevin anım günü idi

Rate this item
(0 votes)

Hamını deyib-güldürən, özü isə tamamı ilə bədbəxt olan Arif Quliyev. Dünyaya gəlişi, uşaqlığı özü xatirələrində söylədiyi kimi belə olub: “Tufanlar, qaranlıqlar, çətinliklər içində Allah mənə bu sənəti verdi. Həyatıma əks olan obrazı seçdim - güldürmək. Mənim heç bir sənədim yox idi. Məni uşaq evinə qoyub gediblər. Orada mənə Arif deyiblər, doğum ilimi də orada yazdılar...”

Sonradan aktyor kimi karyera qurub, həyatını düzənə salmağa müvəffəq olub, bu dəfə övlad dağı görüb, məhkəmələrdə, istintaqlarda qalıb.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, ötən gün ölümünün 2 ili tamam olub Xalq artisti Arif Quliyevin. Tanınmış teatr və kino aktyoru, Xalq artisti Arif Quliyev 2021-ci il mayın 7-də, ömrünün 71-ci ilində vəfat edib.

Gəlin onun tərcümeyi-halın diqqət edək. Arif Əli oğlu Quliyev (hamısı ona şərti verilib)  1950-ci il mayın 16-da indiki Şirvan şəhərində anadan olub. 1965-1968-ci illərdə Bakı Mədəni-Maarif Texnikumunun Dram və kino aktyorluğu fakültəsində, 1973-1975-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) Musiqili komediya aktyorluğu fakültəsində təhsil alıb.

Əmək fəaliyyətinə 1965-ci ildə Mingəçevir Dövlət Dram Teatrında aktyor kimi başlayan Arif Quliyev 1975-ci ildə Musiqili Komediya Teatrına dəvət edilib. Bu teatrın səhnəsində müxtəlif xarakterli obrazlar yaradıb. Onun “Təzə gəlin”də (S.Dağlı, C.Cahangirov) Şərbətəli, “Gözün aydın”da (F.Əmirov, M.Əlizadə) Salyanski, “Durna”da (S.Rüstəmov, S.Rüstəmov) Dursun, “Gurultulu məhəbbət”də (S.Ələsgərov, S.Qədirzadə) Mürsəl, “Özümüz bilərik”də (Ş.Qurbanov, S.Ələsgərov) İbişov, “Hicran”da (S.Rəhman, E.Sabitoğlu) Dursunov, “Ev bizim, sirr bizim”də (Ş.Axundova, N.Gəncəli) Tofiq, “Məşədi İbad”da (Ü.Hacıbəyli) Hambal, “Durnalar qayıdanda” tamaşasında (Hidayət) Mirzəqulu, “Məhəbbət, şeytan və ağ ölüm”də (M.Haqverdiyev) Səbzəli və s. canlandırdığı obrazlar tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Aktyorun “Şans”, “Bığ əhvalatı”, “Qayınana”, “Lift əhvalatı”, “Yarım ştat”, “Evləri köndələn yar” və digər teletamaşalarda yaratdığı rollar da sənətkara böyük tamaşaçı rəğbəti qazandırıb.

Arif Quliyevin “Bəyin oğurlanması”, “Yaramaz”, “Bəxt üzüyü”, “O dünyadan salam”, “Qəm pəncərəsi”, “Mənim ağ şəhərim”, “Alma almaya bənzər”, “Ağ gəmi” bədii filmlərindəki obrazları onun yaradıcılıq potensialının zənginliyini ifadə edir.

Müxtəlif teatrlarda çalışan sənətkarın yaradıcılığı qiymətləndirilib, 1989-cu ildə Əməkdar artist, 1993-cü ildə Xalq artisti fəxri adlarına layiq görülüb. “Humay”, “Qızıl dərviş” mükafatları və “Sənətkar” medalı ilə təltif olunan aktyor Prezidentin fərdi təqaüdçüsü idi.

Tanınmış aktyor, səmimi insan Arif Quliyevin əziz xatirəsi doğmalarının, sənət dostları və tamaşaçıların yaddaşında yaşayacaq.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(08.05.2023)