Hüseynqulu Sarabski: “1908-ci ildə “Leyli və Məcnun”un premyerasını pozmaq istəyirdilər” – Əyyub Qiyasın təqdimatında Featured

Rate this item
(0 votes)

 

 “Azərbaycan aktyorlarının həyatlarından maraqlı anlar “ layihəsində Əyyub Qiyas bu dəfə aktyor Hüseynqulu Sarabskini (1879-1945) təqdim edir.

 

 

 

 

Ustalıq edir, su satır, dəmirçi, daşyonan işləyirdim, arabir kefim yaxşı olanda səsimi başıma alıb özüm üçün oxuyurdum. Sən demə, Üzeyir bəy Hacıbəyli mənə göz qoyurmuş. Bir gün “Nicat” cəmiyyətinə getdiyim yerdə yolda rastlaşdıq. Məni görəndə üzü güldü. Dedi:

– O gün teatrda idim, nə gözəl “Hicaz” oxuyurdun. Çox bəyəndim. Mən bir “Leyli və Məcnun” operası yazıram.

– Oynaram, – dedim, – Sən piş şey yazmazsan.

O vaxtlar Üzeyir bəy “İslamiyyə” mehmanxanasında qalırdı, ünvanını verib söylədi:

  İki gündən sonra gələrsən, bir görüşərik.

 

Dediyi vaxt  getdim, görüşdük, məşqə başladıq. 1908-ci ildə “Leyli və Məcnun” operasını səhnəyə qoyanda məni Məcnun oynamağa dəvət etdi. Bu hadisə bütün həyatımı dəyişdi. Amma tamaşanın baş tutmaması üçün çalışanlar da çox idi. Orkestrə dirijorluq edəcək adam son anda gəlməkdən imtina etdi. Orkestrin özü pərən-pərən idi. Biletlər satılmışdı, tamaşaya az qalmışdı. Üzeyir bəy çaş-baş qalmışdı. Tamaşaya 2-3 saat qalmış Üzeyir bəy tamaşanı tar üçün nota yazdı. Dirijor məsələsinə gələndə:

– Əbdürrəhim bəy, hazırlaş, tamaşaya dirijorluğu sən edəcəksən, – deyib, üzünü Əbdürrəhim bəy Haqverdiyevə tutdu.

Əbdürrəhim bəy çaşıb qaldı.

– Üzeyir bəy, mən necə dirijorluq edə bilərəm? – yazıçı etiraz etmək istəyirdi, amma Üzeyir bəy onu inandıra bildi.

– Şuşada hər kəs musiqidən baş çıxarır, sən də şuşalısan, üstəlik, musiqi savadın da var, notu bilirsən, sadəcə, orkestrə kömək elə, qalanın mən edərəm, – Üzeyir bəy, qətiyyətlə fikrini tamamladı.

 

Möhtəşəm tamaşa oldu.