Kinomuzun inkişafına təkan veriləcək! Featured

Rate this item
(0 votes)

“Azərbaycan Kinosu – 125: Reallıq, çağırışlar və hədəflər” mövzusunda keçirilən Kino Forumuna sözardı

 

Bildiyiniz kimi, Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan Kinosu – 125. Reallıq, çağırışlar və hədəflər” mövzusunda Kino Forumu keçirildi, forumda ölkənin görkəmli mədəniyyət, incəsənət xadimləri ilə yanaşı, xarici ölkələrdən gəlmiş qonaqlar da iştirak edirdilər.

 

Forumun bitməsindən bir neçə gün keçir və “Ədəbiyyat və incəsənət” portalı forumla bağlı müəyyən mülahizələr yürütmək istəyir. 

Ondan başlayaq ki, iki gün davam edən Forumda ümumilikdə dörd panel müzakirələri baş tutub.

 

Birinci panel:

 "İdeologiya. Milli Kino - dünən, bu gün və sabah" adlı ilk paneldə “Mədəniyyət siyasətində kinonun rolu", "Milli kinoda mövzu seçimi. Cəmiyyətin gözləntisi və dövlət sifarişi", "Kino sahəsində peşəkar kadr hazırlığının mexanizmləri" mövzularında müzakirələr aparılıb.

 

İkinci panel:

“Yaradıcılıq. Müasir Azərbaycan kinosunun perspektivləri” adlı ikinci paneldə “Müəllif kinosunda uğur meyarları”, “Kinofestivallar və kinofondlar – müştərək istehsal üçün zəruri platforma” və “Satış potensialı az olan filmlər üçün dəstək sistemi” mövzuları müzakirə obyekti olub.

 

Üçüncü panel:

“Biznes. Kino və digər audiovizual əsərlərin maliyyələşməsinin prinsip və mexanizmləri" adlı üçüncü paneldə "Kino sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi zamanı nələr nəzərə alınmalıdır?", "Tamaşaçının yerli filmlərə marağının artırılması necə tənzimlənməli?", "Azərbaycanfilm" kinostudiyasının 100 illik tarixi və gələcək perspektivləri" mövzuları müzakirə edilib.

 

Dördüncü panel:

“Azərbaycan kinosunda beynəlxalq təcrübənin tətbiqi" adlı sonuncu dördüncü paneldə isə "Kino sahəsində planlı iqtisadiyyat modelindən bazar iqtisadiyyat modelinə keçid", "Beynəlxalq kino kontekstinə inteqrasiyanın mexanizmləri", Xarici sərmayənin kino sənayesinə cəlb olunması prinsipləri" mövzularında müzakirələr aparılıb. 

 

Müzakirələr həqiqətən kinomuzun bugünkü durumunu açıb ortaya qoyub. Tam olaraq kino təsərrüfatımızın nöqsanlarını qabardıb, amma daha çox perspektivləri üzə çıxarıb, görüləcək işləri sadalayıb. 

Xatırladaq ki, Forum müddətində aparılan fikir mübadiləsi və müzakirələr əsasında toplanan təkliflər “Azərbaycan mədəniyyəti 2020-2040 dövlət strategiyası” ilə bağlı tərtib edilən tədbirlər planında nəzərə alınacaq.

Forumda müasir Azərbaycan kinosunun parlaq imzalarından olan Orxan Fikrətoğlunun, İlqar Fəhminin konstruktiv çağırışları xüsusən diqqətə alınmalıdır. Onlar dövlətin bu sahəyə qayğısını qabardaraq gerisini kino xadimlətinə buraxırlar, qeyd edirlər ki, şərait varsa, şəraitdən yararlanmamaq artıq qəbahətdir.

Biz xüsusən iki çıxışa diqqət yönəltmək istəyirik. Öncə Kino Xadimləri İttifaqınln sədri Hacı İsmayılovun çıxışına. 

“Mən teatr aktyoruyam, ömrümün ən mənalı və gözəl vaxtlarını kinoda keçirmişəm. Kino mənə çox şey verib. Kino mənə şöhrət, hörmət və insanların sevgisini bəxş edib. Bu səbəbdən də kinematoqrafiya sahəsində olan hər bir problem məni də düşündürür və narahat edir. Kino Forumunun təşkili məni çox sevindirdi. Çünki belə görüşlər və müzakirələr çoxdan gözlənilən idi. Bu, Azərbaycan mədəniyyətinin, eyni zamanda kino sənətinin inkişafı üçün çox vacib olan bir təşəbbüsdür. Burada çox söhbətlər, müzakirələr oldu, amma ən əsas Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasından çox az danışıldı. Axı bizim sevərək izlədiyimiz klassik filmlərimiz elə həmin kinostudiyada istehsal olunub. Orada pavilyonlar, xüsusi texnika, avadanlıqlar və inkişaf üçün rəqabət var idi. Rejissorlar bir-birindən maraqlı və baxımlı filmlər çəkirdilər. Ora canlı və işlək mexanizm idi. Məncə ən önəmli məsələlərdən biri də Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasını bərpa edərək əvvəlki işlək halına gətirməkdir. Yalnız bundan sonra milli kinematoqrafiyamız inkişaf edə bilər".

Və əlbəttə ki, forumdakı ən əsas və diqqətlə izlənilən çıxış mədəniyyət naziri Adil Kərimlinin çıxışı oldu. 

Onun sözlərinə görə, forumda kino sahəsinin üzləşdiyi problemlər gündəmə gətirildi:

“Ümid edirik, bu forumda səsləndirilən fikirlər, təkliflər öz töhfəsini verəcək. Son illər film çəkilişlərinə qoyulan vəsaitlərin həcmi artıb. Gələcəkdə kinematoqrafiya sahəsində yerli istehsallı və beynəlxalq rəqabətə davamlı kinoların çəkilməsində bu kimi addımların rolu böyük olacaq”.

Adil Kərimli qeyd etdi ki, ölkədə kinematoqrafiya sahəsində şəffaf idarəçilik mexanizmlərinin tətbiqi məqsədilə Kino Agentliyinin yaradılması Azərbaycan kino sənətinin inkişafında yeni bir mərhələnin əsasını qoyub: “Mədəniyyət Nazirliyi aidiyyəti qurumlarla birgə Agentliyin fəaliyyətə başlaması üçün tələb olunan bütün lazımi işləri tamamlayıb. Kino Agentliyinin yaradılması Azərbaycan kinosuna gələcəkdə Agentlik vasitəsi ilə bir çox yeni beynəlxalq birgə layihələrdə iştirak etmək, “Evroimaj” kimi bir sıra nüfuzlu beynəlxalq platformalara qoşularaq birgə kino istehsalında iştirak, Azərbaycan kinematoqrafiyasına yeni təcrübələr gətirmək, eləcə də audiovizual sahənin iqtisadi fəallığını artırmaq imkanı yaradacaq”.

Məhz elə bu inam və güvən hissi də bizləri inandırır ki, kinomuzun sabahı işıqlı olacaq.

Bəli, Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan Kinosu – 125. Reallıq, çağırışlar və hədəflər” mövzusunda Kino Forumu keçirildi, bu mötəbər tədbiri tək bir cümlə ilə izah etsək, o cümlə aşağıdakı olacaq:

“Forum kinomuzun inkişafına təkan verəcək!”

 

“Ədəbiyyat və incəsənət”

(25.04.2023)