Bakıda “Azərbaycan Kinosu - 125: reallıq, çağırışlar və hədəflər” mövzusunda Kino Forumu işə başlayıb

Rate this item
(0 votes)

 

Aprelin 20-də Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin iştirakı ilə “Azərbaycan Kinosu - 125: reallıq, çağırışlar və hədəflər” mövzusunda Kino Forumu işə başlayıb.

 

AzərTAC xəbər verir ki, forumda ölkənin görkəmli mədəniyyət, incəsənət xadimləri ilə yanaşı, xaric ölkələrdən gəlmiş qonaqlar da iştirak edirlər.

Əvvəlcə Azərbaycan milli kinosunun keçdiyi inkişaf yolundan bəhs edən videoçarx nümayiş olunub.

Mədəniyyət naziri Adil Kərimli çıxış edərək Forumun əhəmiyyətindən danışıb, Azərbaycan kinosunun keçdiyi inkişaf yolu haqqında məlumat verib. Vurğulayıb ki, Birinci Kino Forumunun Heydər Əliyev Mərkəzində keçirilməsi təsadüfi deyil, mühüm rəmzi məna daşıyır. Forumun “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndərin 100 illiyi ərəfəsində keçirildiyinə diqqət çəkən Adil Kərimli Ümummilli Liderin ölkəmizdə mədəniyyətin inkişafına göstərdiyi dəstəkdən danışıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyev mədəniyyətin inkişafında böyük xidmətləri olmuş dahi şəxsiyyət idi. Onun incəsənət, mədəniyyət haqqında ölməz fikirləri var. 

Nazir diqqətə çatdırıb ki, Azərbaycan mədəniyyətinin dünyada tanıdılması üçün xüsusi işlər görülməkdədir: “Teatr sənəti ilə birgə kinomuz da daim təkmilləşməlidir. Kinematoqrafiya sahəsində də problemlərin sistemləşdirilməsi istiqamətində bu Forumun rolu böyük olacaq. Ümid edirəm ki, Azərbaycan Teatr Forumu kimi Kino Forumu da yaddaqalan mədəniyyət hadisəsinə çevriləcək”.

Qeyd edək ki, iki gün davam edəcək forum çərçivəsində Azərbaycan kinosunun bu günü və gələcəyi ilə bağlı təkliflər və ümumi müzakirələr olacaq. Forum panel müzakirələrlə davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(20.04.2023)