Bu gün Azərbaycanda ilk teatr forumu keçiriləcək Featured

Rate this item
(0 votes)

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində bu gün Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin iştirakı ilə “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda Teatr Forumu keçiriləcək. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, forumun rəsmi açılış mərasimi Heydər Əliyev Mərkəzində baş tutacaq.

Tədbirdə 150 illik tarixi olan Azərbaycan peşəkar milli teatrının keçdiyi inkişaf yolundan bəhs edən videoçarx nümayiş olunacaq, sonra forum öz işinə panel müzakirələrlə davam edəcək. Panel müzakirələri “Azərbaycan teatrında ənənələr və trendlər”, “Milli teatrda müasir aktyor məktəbi: yenilənmə prosesində sistemli yanaşma”, “Konsepsiya və strateji hədəflər”, “Teatr sahəsində insan kapitalının inkişafı” mövzularına həsr olunub.

Foruma ekspert kimi dəvət edilən Rusiya Teatr Sənəti İnstitutunun (GİTİS) rektoru, Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi Qriqoriy Zaslavskinin və Rusiya Teatr Sənəti İnstitutunun (GİTİS) kafedra müdiri, prodüser Elşən Məmmədovun çıxışları tədbirin proqramına daxil edilib.

Forum müddətində aparılan fikir mübadiləsi və müzakirələr əsasında toplanan təkliflər “Azərbaycan mədəniyyəti 2020-2040 dövlət strategiyası” ilə bağlı tərtib edilən tədbirlər planında nəzərə alınacaq.

Forumda respublikanın tanınmış teatr xadimləri, rejissor və aktyorları, paytaxtda və bölgələrdə fəaliyyət göstərən teatrların rəhbər və yaradıcı kollektivlər, xalq teatrları və müstəqil teatrların nümayəndələri, Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbələrinin iştirakı nəzərdə tutulub.

Heydər Əliyev Mərkəzində gerçəkləşəcək forumda iştirak üçün nazirliyin rəsmi internet saytında (“culture.gov.az”) yerləşdirilən onlayn forma üzrə qeydiyyatdan keçmək mümkündür. Tədbirdə iştirakla bağlı təsdiq e-poçt vasitəsilə bildiriləcək.

Xatırladaq ki, öncə forumun aprelin 10-da açılması nəzərdə tutulurdu, amma

Azər Paşa Nemətovun vəfatı ilə açılış bir gün  ertələndi.

 

“Ədəbiyyat və incəsənət”

(11.04.2023)