Cəhalətdən işığa aparan yolun bələdçisi idi o…

Rate this item
(0 votes)

Xəbər verdiyimiz kimi, bu gün saat 12-də Azər Paşa Nemətovla vida mərasimi keçiriləcək. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında. Xalq artisti II Fəxri xiyabanda dəfn ediləcək.

 

“Ədəbiyyat və incəsənət” portalı sizlərə görkəmli rejissorun həyat yolu barədə bilgi verəcək. 

Azər Paşa Nemətov 1947-ci ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan Dövlət Konservatoriyasında, dünyaşöhrətli bəstəkar Qara Qarayevin sinfində təhsil alıb. Tələbəlik illərində mahnılar da bəstələyib, amma gözlənilmədən yaradıclıq istiqmətini dəyişib. 

1965-ci ildə Teatr İnstitutunun rejissorluq fakültəsinə qəbul olub. Məşhur rejissor Mehdi Məmmədovun kursunu bitirərək iki il sonra onun yanında assistent-müəllim işləyib. 

1972-ci ildə Gənc Tamaşaçılar Teatrında əvvəl rejissor assistenti, sonra quruluşçu rejissor işləyib. 

1974-1977-ci illərdə Sankt-Peterburq teatrında çalışıb. 

1977-ci ildə Bakıya qayıdaraq Gənc Tamaşaçılar Teatrında rejissor və baş rejissor işləyib.

1990-cı aprel ayının 20-dən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının quruluşçu rejissoru işləyib. 

1991 və 1996-cı illərdə Teatr Xadimləri İttifaqı İdarə Heyətinin sədri seçilib. 

2015-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru vəzifəsinə təyin edilib. 

2016-cı ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının baş direktoru idi.

1991-ci ildən Azərbaycan Teatr Xadimləri İttifaqına da rəhbərlik edən Azər Paşa Nemətovun fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. Teatr sənəti sahəsində xidmətlərinə görə 1987-ci ildə Əməkdar incəsənət xadimi, 2002-ci ildə Xalq artisti fəxri adlarına, 2007-ci ildə “Şöhrət”, 2022-ci ildə “Şərəf” ordenlərinə layiq görülüb.

Onun barəsində çox danışmaq olar. Bizsə sadəcə ortaya çıxardığı bir iş barədə danışacağıq.

 

“Danabaş kəndinin məktəbi”

 

Azər Paşa Nemətin ilk işi ölməz Cəlil Məmmədquluzadənin «Danabaş kəndinin məktəbi» oldu. Bütövlükdə düzgün formamalaşmamış teatr prinsiplərini, köhnəliyi, zamanla ayaqlaşmayan metodları rədd edərək, eyni zamanda  meydan teatrının prinsiplərindən qidalanan, çağdaş teatr prosesi ilə ayaqlaşan tamaşalara quruluş verməklə milli teatrımızda yeni dönəmin başlanğıcını qoydu. Tamam yeni, fəqət  milli teatr ənənələrinin ən baxımlı cəhətlərini qoruyan rejissor bu tamaşada da çalarlı və çoxcəhətli yanaşmanı ortaya qoya, kollektivin bütünlüklə yaradıcı potensialını üzə çıxarda bildi. Yeni forma və təfsir geniş yaradıcılıq diapazonuna malik aktyorların istedadlı ifaları ilə uğurlu alındı.

A.Nemət yüksək sənətkarlıqla, həssaslıqla ədəbi materiala yanaşaraq, müəllif fikrini, amalını əsas tutmuşdu. Pyesin özündən, daxili quruluşundan doğan tamaşanın səhnə poetikası daxilində əsərin süjet xəttini daha da canlandırmaq, hadisələrin başvermə məkanının təbii və milli koloritlə uyğunlaşması üçün canlı auranı yaratmaq cəhdləri aydın sezilirdi. Çoxcəhətli, çoxproblemli tamaşa dinamika və təfsirdən doğan temp hesabına maraqlı və baxımlı alınmışdı. Rejissor mövzuları olduqca incə və səhnə hadisəsinə uyğun tellərlə bağlayaraq bütövlük yarada bilmişdi. Hadisələrin inkişafı, ardıcıllığı bir-birini tamamlaya və doğura bilirdi.

Azər Paşa Nemət Mirzə Cəlilin ruhunu, gülüşünü düzgün qiymətləndirərək, bunu tamaşada saxlaya və inkişaf etdirə bilmişdi. Komediyanın meydan tamaşaları, el oyunları ünsürləri ilə üzviləşməsi görüntünü daha baxımlı və bədii cəhətdən güclü edərək, tamaşaçını həqiqətən güldürərək düşündürə bilirdi. Hərəkətlər, oyun tərzi elə xalqın özündən, minilliklər öncə yaratdığı teatr formasından gəldiyi üçün daha yaxın, daha məhrəm idi. Məkan təkcə  geyimlərlə, dekorlarla, danışıqlarla deyil, bütövlükdə ifalarla və yozumla aydınlaşırdı. Tarixən Azərbaycan öz sosial-siyasi problemlərini meydan tamaşalarında səmimi gülüşdən sonra yaddaşında ilişib qalan gerçəklik kimi görməyə alışdığı üçün bu üslub, forma tamaşaçı tərəfindən qəbul edilirdi. «Danabaş kəndinin məktəbi»nin də uğuru məhz səhnəyə tamam yeni nəfəsin gəlməsində idi.

Komediya olması ilə bərabər tamaşadakı ziddiyyətlər, təzadlar obrazların  xarakter ziqzaqları, mürəkkəb psixoloji məqamlarında bütün sərtliyi ilə ifadə edilirdi. Bununla da elə həyatın özü göstərilirdi. Real həyatın mürəkkəbliyi, çoxcəhətliliyi, müxtəliflikləri bir-birini əvəz edən psixoloji məqamlarla, lirik haşiyələrlə, komik epizodlarla və kəskin ziddiyyətlərlə ifadə edərək, daha təbii, real görünürdü. Rejissor bu müxtəlifliyi təkcə təbii aktyor oyununun öhdəsinə buraxmırdı. Quruluşda kəskin keçidlər, kino estetikasına aid olan quraşdırmalar və hadisələrin bir neçə planda gedişini əks etdirirdi. Belə fəndlər tamaşanı daha da dinamikləşdirirdi. Aktyorların başqalşmanı, obraza daxilolmanı birbaşa səhnədəcə etmələri meydan tamaşalarından bəhrələnmiş metod kimi bugünkü teatr estetikasına tabe etdirilməklə ifanı daha təsirli, inamlı edirdi. Səhnədə geyimlərin asıldığı asqılıq və aktyorların obrazlarını təsirli etmək üçün bir neçə elementi bu asqılıqdan götürməsi səhnə həqiqəti və həyat həqiqətinin yaxın olmasını daha böyük incəliklə göstərirdi.

Azər Paşa Nemət qədim teatr ənənələrini yalnız göstəri naminə yenidən səhnəyə gətirmir, onun Avropa teatr estetikası və poetikası ilə tamam fərqli vəhdət düsturunu ortaya qoyurdu. Meydan tamaşalarının poetikası və estetik çalarları yeni yozumda, yeni düşüncədə səhnəyə çıxarılırdı. Əkinçinin yer şumlamasını olduqca maraqlı şəkildə təqdim edən rejissor, kotanı dartan öküzü başına buynuz qoymuş aktyorun ifasında versə də, əkin ritmi və plastika real vizual görüntü yaradırdı. Bu kotanın səhnənin bir tərəfindən digərinə ləngərli hərəkəti o qədər inadırıcı və eyni zamanda təəccüblüdür ki, tamaşaçı öz xəyalında əsl mənzərinin necə olduğunu canladıra bilirdi. Göz önündə iki estetikanın birləşməsi baş verirdi.

Aktyorların, tamaşa başlanarkən adi bir vətəndaş kimi Cəlilsayağı yumor və nisgillə nə vaxtsa ucqar kəndlərdən birində baş verənləri danışması və hadisələri canlandırmaq üçün səhnədəcə görkəmlərini dəyişib, asqılıqdan müxtəlif detallar götürərək dərhal başqalaşmaları və bu hadisədə iştirakı olmayan digər aktyorların indinin şahidi kimi seyrləri, səhnədə nağılçı, iştirakçı və seyrçi üçlüyünü, onun üzvi vəhdətini yaradırdı.

Əsərin ideyası səhnə bədiiliyi ilə qabardılırdı. Tamaşada nə obrazların, nə səhnələrin xüsusi qabardılması yox, bunların birliyinin üzə çıxması baş verirdi. Əvvəldə məmurların gəlişini canlandıran səhnədə aktyorlar obrazların çaşqınlıqlarını, təşvişlərini, qorxularını, təəccüblərini daxili psixoloji yaşantılarla, mimikalarla çatdırırdılar. Tamaşaçı bütün hiss həyacanı ilə səhnədəkilərə inanır və onu bilincindən, düşüncəsindən keçirirdi. Bu səhnədə Kərbəlayi Mirzalı – Ağaxan Salmanov,  Kəblə Heydər – Nazim İbrahimov, Əsəd – Yasin Qarayev, Qasım baba – Mübariz Əlixanoğlunun ifaları təbii və təsir ediciliyi ilə seçilirdi.

Rus məmurlarının dilmancı, Vahid Əliyevin ifasında komik məqamlarla, müxtəlif çalarlarla, gerçəkliklə təqdim olunurdu. Naçalnik – Süleyman Ələsgərovun, Molla Mövlamverdi – Məmmədağa Dadaşovun ifaları olduqca rəngarəng və çalarlı olduğundan yaddaqalan idi. Hər iki aktyor ifalarına təbiilik, özünəməxsusluq verməklə bərabər çeşidlilik və psixoloji çalarlar baxımından müəllif amalını üzə çıxarmağa xidmət edirdilər.

Bütövlükdə yaradıcı heyətin Zülfəli – Əlisəftar Quliyev, Səbzəli – Mübariz Həmidov, Mustafa-Loğman Kərimov, Cəfər- Musa Eyyubov, Həsənqulu – Azər Mirzəyev, Tanrıqulu Sadıq –  Sadıq Cəlilov, Qulamhüseyn – Sabir Məlikovun və b. ifaları olduqca orijinal, maraqlı və təkrarolunmaz alınmışdı. Hər bir obrazın xüsusi incəlikləri, daxili təzadları tamaşanın ümumi kompozisiyası ilə üzviləşmişdi. Məhz bu istedadlı aktyor heyətinin fədəkar əməyi ilə milli teatr səlnaməsində yeri olan tamaşa ərsəyə gəlmişdi.

Tamaşanın bədii tərtibatı da olduqca orijinal və maraqlı idi. Burada reallıqla şərtiliyin üzviliyi hökm sürürdü. Arxa pərdə tamaşanın özündə olduğu kimi, zaman arasının göstəricisidir. Pərdə üzərində xalqın maariflənməyə gedən yolu təsvir edilir, xalqın mənəvi, estetik inkişafı aydın sezilirdi. Danabaş kəndinin evlərinin kiçik qutu biçimində verilməsi səhnəni dərinləşdirir və çoxplanlı edirdi. Tamaşaçı vizual cəhətdən bu ümumilikdən ayrı-ayrı vətəndaşların seyrinə, sonra kəndlilərin taleyinə doğru gəlirdi. Bu görüntü effekti tamaşanın bədii gücünü artırır, onu təsirli edirdi. İstedadlı teatr rəssamı Elçin Məmmədovun səhnə tərtibatı tamaşanın ideyasından, rejissor yozumundan doğur, onu tamamlayırdı. Rəssam tamaşadakı zaman aralarını yüksək bədii fəndlərlə, dolğunluqla çatdırırdı. Həcm etibarı ilə müxtəliflik təkcə səhnəyə deyil, tamaşanın özünə dərinlik verirdi.

Tamaşanın bəstəkarı Cavanşir Quliyevin musiqiləri xalq musiqisindən qidalanan təbii, axıcı bir çağdaş səs kimi tamaşanın daha ifadəli edirdi.

«Danabaş kəndinin məktəbi» təkcə keçmişdə baş vermiş hadisəni göstərmirdi, o xalqın cəhalətdən işığa doğru keçdiyi yola nəzər salmaqla keçmişlə bu gün arasında körpü salmağa çalışırdı. Tamaşaçını, xüsusən də gənc nəsli xalqın keçmişinə, tarixinə qaytarır, müqayisə etməyə, düşünməyə çağırırdı. Məhz rejissor Azər Paşa Nemət  vətəndaş, ziyalı kimi öz yaradıcılığı ilə dünənlə bu günün, keçmişlə çağdaşın orijinal vəhdətini yaratmaqla həm görk, həm də təbliğatçı olurdu. Kütləvi sovetləşdirmə nəticəsində kosmopolit, kökündən, mənəviyyatdan uzaq, yabançı nəslin yetişməsinin qarşısını almaq, milli ənənələri yaşatmaq uğrunda Azərbaycan aydınları sərasər çalışmışdılar. 1950–  Tamam yeni, milli teatr prosesinə keyfiyyətli təsir göstərən işi ilə seçilən Azər Paşa Nemət novator, meydan tamaşalarının estetik platforması üzərində köklənən və klassik teatr zaman və məkan çərçivəsinə salınmış fərqli poetikanı səhnəyə gətirdi.

 

Şəkildə: “Danabaş kəndinin məktəbi” tamaşasından görüntü.

 

“Ədəbiyyat və incəsənət”

(10.04.2023)