Animatorlardan uşaqlara gözəl tohfə gəlir: “Bizimkilər” animasiya toplusu

Rate this item
(0 votes)

Animator əmilərdən balacalara əsl hədiyyə gəlir. Maşa və Medvedlərin əsarətindən, deyəsən, uşaqlarımız qurtulacaq.

“Bizimkilər: Cırtdan, Bahar qız, Şahzadə və Qəhrəman” animasiya toplusu “Park Cinema” və Nizami Kino Mərkəzində nümayişə çıxarılır. 

 

Son dövrlərdə istehsal olunmuş yerli animasiya filmlərini bir yerə toplayan “Bizimkilər: Cırtdan, Bahar qız, Şahzadə və Qəhrəman” adlı milli animasiya toplusu azyaşlı tamaşaçılara əyləncəli anlar yaşadacaq.

“Azərbaycanfilm” kinostudiyasının təşəbbüsü ilə ekranlara çıxan animasiya toplusu “Cırtdan və sehrli xalat” (2019), “Mənim balaca Şahzadəm” (2019), “Tarix” (2022) və “Baharın oğurlanması” (2023) filmlərindən ibarətdir. “Baharın oğurlanması” filminə tamaşaçılar ilk dəfə olaraq baxacaq.

“Azanfilm” studiyası, “Salnaməfilm” studiyası və “OB film”in istehsalı olan ekran əsərlərinin rejissorları Aleksandra Şirinova, Rəşad Əfəndiyev, Arif Məhərrəmov və Ceyhun Türksoydur.

Qeyd edək ki, bu milli animasiya filmlərinin yerli kinoteatr şəbəkəsində nümayişinin ilk təşəbbüsüdür.

İndi də cizgi filmlərini şərh edək. “Ədəbiyyat və incəsənət” bu işi iTicket.az-ın köməkliyi ilə həyata keçirəcək.

 

“Baharın oğurlanması”

Burada Bahar qız div tərəfindən oğurlanır. Bunu görən balaca qəhrəman Baharı xilas etmək istəyir. Balaca qəhrəmanla Bahar birləşib divin qəsrindən qaça bilirlər. Bundan sonra Bahar hər tərəfi gül-çiçəyə qərq edir.

 

“Cırtdan və sehrli xalat”

Burda Şahzadə qız əhalini bədheybət Təpəgözdən xilas etmək üçün Cadu nənədən kömək istəyir. Cadu nənə Sehrli xalatın göstərişi ilə 21-ci əsrdə yaşayan Cırtdanı köməyə çağırır. Cırtdan keçmişə gedir və Sehrli xalatın köməyi ilə Təpəgözə qalib gəlir.

 

“Tarix”

Burda kiçik yaşlı oğlan Qarabağ ərazisindəki rayonların işğal tarixlərini əzbərləməklə bağlı ev tapşırığını yerinə yetirməyə çalışır. Hərbi oyuncaqları ilə oynayaraq yuxuya gedən qəhrəmanın yuxusunda oyuncaqlar hərəkətə gəlir və səmada müxtəlif döyüş tapşırıqlarını yerinə yetirir. Yuxudan oyanan qəhrəman kitabçasındakı işğal tarixlərinin üzərindən xətt çəkildiyini görür.

 

“Mənim balaca şahzadəm”

Burda pilot səhrada balaca şahzadə ilə qarşılaşır. Balaca şahzadə pilota yaşadığı yer haqqında danışmağa başlayır. O, tək yaşadığı planetində çox sevdiyi gülə qulluq edir. O, gülünə daha faydalı olmağın yollarını araşdırmaq üçün başqa planetlərə səyahət edir. Bu planetlərdə balaca şahzadə müxtəlif şəxslərlə qarşılaşır. Onun ziyarət etdiyi son planet Yerdir. Yer planeti digərlərindən fərqlənir.

 

Bir sözlə, çox maraqlı və əyləncəli, üstəlik, düşündürücü! 

 

“Ədəbiyyat və incəsənət”

(29.03.2023)